İnsan Allahı niyə yad edir?

Bismilləhir-Rahmənir-Rahim!
Nurani Şəban ayını yaşamaqdayıq. Əzəmətli Nimeyi-Şəbana doğru hərəkətdəyik. Allahdan istəyimiz budur ki, bu nurani ayın qalan imkanlarından layiqincə bəhrələnməyi, mübarək İlahi ziyafətə – Ramazan ayına gözəl şəkildə daxil olmağı bizlərə nəsib etsin!
İnsan Allahı niyə yad edir?
Təqvalıların evi necə də gözəldir!
İmanlı insanın həyatında önəmli mövzularından biri – Allahın insana, xüsusən də imanlı insana sevgisi və məhəbbətidir. Allah Öz yaratdığı varlığı sevir və o varlığın içindəki mənəvi potensial nə qədər artırsa, Allahın sevgisi, məhəbbəti, o bəndəyə xüsusi inayəti daha da çox şamil edilir.
Diqqət etdikdə, Qurani-Kərimdə “Nəhl” surəsinin 30-cu ayəsində biz çox maraqlı bir mənzərəni müşahidə edirik. Kafirlər tərəfdən casuslar gəlib, imanlı şəxsləri ruhiyyədən salmaq istəyərlər. İmanlı insanlara sual edərlər ki, onlar nə əldə ediblər, nə qazanıblar? Bunun cavabında təqvalılar, möminlər öz əldə etdikləri, Rəbbləri tərəfindən onlar üçün nazil olan barədə sualı çox dəqiq və lakonik şəkildə, ən böyük fəsahət və bəlağətlə cavablandırarlar. Ayədə buyurulur: “Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?».
Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»!
(Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!”.

Ayənin təfsirində müfəssirlər bu dərsləri çıxartmışlar:
1. Təqvalılar doğru qəzavət edərlər, haqqına hökm verərlər. Haqqına hökm vermək, haqqına qəzavət – pak ruha, təqvalı vəziyyətə, pəhrizkar hala, insanın özünü daxili yetişdirməsinə bağlıdır. Ayədə görürük ki, təqvalılardan soruşulan zaman onlar çox gözəl, haqqına cavab verərlər, Allahın nazil etdiyini çox dəqiq şəkildə izah edirlər.
2. Təqvalılar Qurani-Kərimi bir kəlmədə, bir sözdə tanıtdırarlar. Xeyir, yaxşılıq, gözəllik və səadət mənbəyi… Yüz kəlmənin yerinə bir kəlmədə bütün gözəlliyi ilə Qurani-Kərimi tanıdarlar. Bəyan edərlər ki, Quranın dəvəti – xeyrə və yaxşılığa dəvətdir. Bu baxımdan görürük ki, təqvalı insanlar həm məzmunca, həm formaca, həm dərinlikcə, həm təqdimatca, həm estetik baxımından ən gözəl cavablandırma həddinə gəlib çatıblar.
3. Ayədə imanlılar, təqvalılar – yaxşı iş görənlər kimi təqdim edilirlər. Yaxşı iş görənlər hər iki dünyada yaxşılığa çatarlar. Allah Təala onlara hər iki dünyada yaxşılıq əta edər. Yəni, o insanlar ki, təqvalıdırlar, bu dünyada yaxşılıq edərlər – onlar həm bu dünyada, həm də axirət aləmində xeyir əldə edərlər.
4. İlahi mükafat insanın əməlinə mütənasibdir. Yaxşı işlər görənlərin yaxşılıq mükafatları olar. Təqvalı olanlar nəhayətdə təqvalıların evinə yiyələnərlər.
Beləliklə, Allah sevgisinin həm bu dünyada, həm axirətdə təsirləri görsənir. Bu dünyada Allaha sevginin təzahürünü görürük ki, ümumi şəkildə Qurani-Kərim təqvalı, mömin bəndələrə yaxşılıq, həsənə kimi təzahür edir.

Allahı yad edən və yad etməyən insan...
Hədisi-Qüdsdə Rəbbə müraciət olunur: “Allahım, bizlərə sevdiyin bəndələrindən sevdiyin şəxsi tanıtdır ki, biz də onu sevək”.
Rəbbimiz buyurur: “Əgər bir bəndəmi görsəniz ki, Məni çoxlu yad edir, bilin ki, Mən ona bunu izn vermişəm və Mən onu sevirəm.
Və əgər insanı görsəniz ki, Məni yad etmir – bilin ki, o işdən onu Mən məhrum etmişəm və Mən ona nifrət edirəm”.
Buyuruşun məzmununa diqqət etdikdə, görürük ki, əslində insanın ləyaqəti olduqda Allah ona tofiqat verir ki, insan Allahı yad etsin. Bu halda olan insanı Allah sevir və sevgisinin təzahürü budur ki, insan Allahı yad edir.
Əgər insan Allahı yad edirsə, deməli Allahın sevgisindən bəhrələnir. Əgər insan Allahı yad etməkdən qəflət edirsə, deməli, əslində Allah sevgisindən məhrum olub. Ona görə də insan öz durumuna, vəziyyətinə diqqətli olmalıdır. Əgər Allahı yad etmək həyatından itirsə, deməli ciddi təbil çalmalı, öz halına nəzər salmalıdır. Əgər Allahı yad etmək insanın həyatının davamlı, ayrılmaz, covhəri bir hissəsidirsə, deməli o, Allahın sevgisindən bəhrə aparır.

İbadətin, əmanətdarlığın sevgisi bir qəlbdə məskun olarsa...
Allah sevgisinin müxtəlif başqa təzahürləri də var. Həzrət Əli (ə) buyurur: “Hər vaxt Allah Təala bir bəndəni sevər – ibadətin gözəlliyini onun qəlbinə salar”. Bizim müşküllərimizdən, dərdlərimizdən biri də budur ki, biz ibadətin, Allaha bəndəliyin gözəlliyini duya bilmirik, onun zövqünü yaşaya bilmirik. Amma, Allahın bəndəyə xüsusi sevgisi olarsa, onun təzahürü olaraq bəndənin qəlbinə ibadətin şirinliyini, gözəlliyini salar. Bəndə öz bəndəliyindən zövq almış olar.
Həzrət Əli (ə) digər bir yerdə Allah sevgisinin bu dünyada digər bir təzahürünü bizə çatdırır: “Hər vaxt Allah Təala bir bəndəni sevər – əmanətdarlığı onun gözündə sevdirər”. Yəni, əmanətdarlıq, praktiki bir əməl – Allahın insana olan sevgisinin bərəkətlərindəndir. Əgər insan özünü əmanətdar olaraq hiss edirsə, ruhən və əmələn əmanətdardırsa, deməli Allahın ona olan sevgisinin bərəkətlərindən bəhrələnir.
Yenə də biz Həzrət Əmirəlmömininin (ə) digər bir buyuruşuna diqqət etdikdə, görürük ki, Allahın insana sevgisinin təzahürləri, bərəkətləri sonsuzdur. Həzrət Əli (ə) buyurur: “Hər vaxt Allah Təala bir bəndəsini sevər – onu aramlıq və səbirliliklə zinətləndirər”. Yəni, əgər insan bütün hallarda daxili bir aramlığa malik olsa, bütün imtahan, sınaq, müsibət və çətinliklərdə özünün sabitqədəmliyini duyarsa, dözümlü olarsa, səbirli olarsa, Allaha bəndəlik yolunda ardıcıl olarsa, istiqamətli olarsa – deməli Allahın sevgisindən bəhrələnir, Allah onun durumunu bu cür gözəlliklə zinətləndirib.
Allah hər birimizə Onun sevgisini qazanmağı və əmələn yaşamağı nəsib etsin!
Allah bu bahar günlərində qəlbimizin baharını nəsib etsin! Qəlbimizin qəsavətindən xilas olub, ruhiyyəmizin qışdan bahara keçməsini inayət etsin!
Hazırda Mövlanın (ə.f) mövludu öncəsi günlərini yaşayırıq. Əziz alimlər buyururlar ki, Mövlanın (ə.f) zühurunun özü bəşəriyyətin baharı olacaq. Allah Təala bizə o baharın intizarında olmağı, o bahara hazırlaşmağı, o bahardan bəhrələnməni nəsib etsin!
Allah bizi Mövlanın (ə.f) həqiqi müntəzirlərindən, həqiqi xidmətçilərindən qərar versin! Amin!
 
 
 
Müəllif: Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Mənbə: deyerler.org
 

0 şərh