Oğul xəyanətini bağışlayan ana ürəyi

Şahin bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi...
Zeynab xalanın həyat yoldaşı dünyasını dəyişəndə ailənin tək övladı Şahinin 15 yaşı vardı. Həmin gündən o, oğluna həm analıq, həm də atalıq etmişdi. Müxtəlif geyim əşyaları toxuyaraq onları satır və bununla da çörək pulu qazanırdı.
Şahin orta məktəbi “əla“ qiymətlərlə qurtarmışdı. İmkansızlıqdan təhsilini davam etdirə bilməmişdi. Amma əlindən hər iş gəlirdi…
İllər keçir, qocalıq yavaş-yavaş özünü göstərməyə başlayırdı. Zeynab xala tez-tez xəstələnirdi.

Günlərin birində oğluna dedi:
— Oğlum, sən artıq böyümüsən. Özünə bir iş tap. Mən artıq qocalmışam. Gözlərim zəifləyib, heç nə toxuya bilmirəm.
Hər səhər tezdən Şahin iş axtarmağa getsə də, iş tapa bilmırdi. Beləcə bir müddət keçdi.
Bazar günü idi. Şahin yuxudan oyanıb, əl-üzünü yudu, sonra həyətə düşdü. Zeynab xala həyəti süpürürdü. Şahin anasına yaxınlaşıb dedi:
— Anacan, buralarda mənə görə iş yoxdur. Ona görə də uzaqlara getməyi qərara almışam.
Zeynab xala razı olmurdu, yeganə övladının gözünün önündən uzaqlaşması istəmirdi. Şahin fikrindən dönmürdü. O, ağbirçək anasını tək qoyub uzaqlara getməkdə israrlı idi. Zeynab xala olan-qalan pulun üstünü dost–tanışdan aldığı borc pulla düzəldib oğlunu yola saldı.

Artıq yalnızlıq günləri başlamışdı. Şahinin getməsindən bir neçə ay keçmişdi. Oğlunun yolunu gözləməkdən Zeynab xalanın gözlərinin kökü saralmışdı. Bir gün telefon zəng çaldı:
— Alo
— Alo, ana, mənəm, Şahin. Moskvadan zəng edirəm. Özümə yaxşı iş tapmışam. Məndən nigaran qalma.
Zeynab xala ağzını açmağa macal tapmamış Şahin telefonun dəstəyini asdı. Gözləri doldu. Ürəyini kimə boşaldacağını bilmirdi. Bir küncə çəkilib ağlamaqdan başqa çarəsi qalmamışdı...

Xeyli müddət keçmişdi. Zeynab xala əldən-ayaqdan düşmüşdü. Oğlu nə ona baş çəkirdi, nə də ki zəng edirdi. Bir tərəfdən oğlunun dərdi, digər tərəfdən isə tənhalıq və kasıblıq onu haldan salmışdı. Bəzən ac qalırdı, bəzən isə qonşusunun gətirdiyi bir kasa şorbanı içirdi. Daxmasının divarları tökülmüşdü, tavan damırdı.

Yağışlı bir gün idi. Zeynab xala təzəcə oyanıb yatağında oturmuşdu. Birdən telefon zəng çaldı. İxtiyar ana zəngin oğlundan gəldiyini hiss edərək həyəcanla dəstəyi qaldırdı:
— Alo, kimdir?
— Mənəm, Şahin.
— Oğlum, necəsən? Haralardasan? Niyə məndən xəbər tutmursan? Qayıt evə, tək bacarmıram.
Şahin bir az susdu. Sonra anasına bunları dedi:
— Mənim artıq öz ailəm var. Yaxınlarda ata olacağam. Səni buralara gətirə bilmərəm. Utanıram. Tək bacarmırsansa, qonşulardan xahiş et, səni qocalar evinə qoysunlar. Vaxtlı-vaxtında sənə pul göndərəcəyəm. Sağ ol, ana.

Zeynab xala həyatın ən böyük zərbəsini oğlundan almışdı. Artıq göz yaşlarını saxlaya bilmirdi. Eşitdiklərinə inanmaq istəmirdi:
— Aman Allahım, bu nə cəsarətdir?  Bu, mənim oğlum idi? Ola bilməz. Mənim Şahinim belə deyildi.

O gündən sonra Zeynab xala yorğan-döşəyə düşdü. Gündən-günə vəziyyəti ağırlaşırdı. Aradan çox keçmədən soyuq divarlar arasında, balaca daxmasında Zeynab xala dunyasını dəyişdi...
Aradan xeyli vaxt keçdi. Zeynab xala Şahinin yuxusuna girdi. Anası yuxuda Şahini koməyə çağırırdı. Eyni yuxu bir neçə dəfə təkrarlandı. Vicdanı onu rahat buraxmadı, ailəsini də götürüb anasına baş çəkməyə qərar verdi. Yol boyu xəyallar qururdu: anasını gəlini və nəvəsi ilə tanış edəcəkdi, kim bilir, anası necə sevinəcəkdi...

Doğma yurduna çatdı. Qapını heç kim açmadığı uçün qonşunun qapısını döydü. Anasının ölüm xəbərini də qonşudan öyrəndi. Şahin çaşıb qalmışdı. Qonşusu Şahinə bir məktub verdi. Şahin yavaşca məktubu açdı:
— Oğlum, mənim gözəl Şahinim! Bilirdim ki, nə vaxtsa qayıdacaqsan. Çünki mən sənə yaxşı tərbiyə vermişəm. Sadəcə olaraq nəfsin səni aldadıb. Eşitmişdim sevgi, var-dövlət adamın gözünü kor edir, amma inanmırdım və həmişə bundan qorxurdum. “Qorxan gözə çöp düşər“, — deyib böyüklərimiz. Qorxduğum başıma gəldi. Sən gedəndən sonra çox çətinliklər çəkdim. Məni bu balaca daxmada tək qoyub getdin. Bütün bunlara baxmayaraq, mən səni bağışlayıram. Çünki səndən başqa heç kimim yoxdur. Amma bunu da bil ki, sənin etdiyin səhvləri sabah sənin övladın təkrarlaya bilər. O zaman çox gec olacaq. Arada məni xatırla. Tanış olmaq qismət olmayan gəlinimi və nəvəmi öpüb bağrıma basıram. Səni çox sevən anan“.
Şahin səhvini başa düşmüşdü. Amma çox gec idi. Bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi.
O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi...


Müəllif: İlhamə Əmirli
Mənbə: Zaman qəzeti

0 şərh