Əli bin Əbu Talibin (Allah ondan razı olsun) fəziləti

1. Ənəs bin Malik (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Alah ondan razı olsun) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir).
Bəzi alimlər bu hədisə əsaslanaraq Əlinin (Alah ondan razı olsun) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.

2. Abdullah bin Ömər (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhabələri bir-biri ilə qardaş etdi. Əli (Alah ondan razı olsun) onun yanına gəldi və dedi: “Səhabələri bir-biri ilə qardaş etdin, amma məni heç kimlə qardaş etmədin”. Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” (ət-Tirmizi, Mənaqib, 3722).

3. Zeyd bin Ərqam (Alah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) demişdir: “Mən kimin dostuyamsa, Əli də onun dostudur” (ət-Tirmizi, Mənaqib, 3714).

4. Səd bin Əbu Vaqqas (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) Təbuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Alah ondan razı olsun) soruşdu: “Ey Allahın Rəsulu, məni qadın və uşaqların yanında saxlayırsan?” Rəsulullah cavab verdi: “Sən Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur” (Buxari; Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 3731).
5. Müslim və Tirmizinin rəvayətlərində deyilir:
Rəsulullah (Allahın ona salavat və salamı olsun) Xeybər günü dedi: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir”. Bu sözə görə adamların çoxu boyunlarını irəli uzadırdılar ki, Rəsulullah onları görsün. Amma o dedi: “Əlini yanıma gətirin”. Əlini gətirdilər, onun gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi”. Rəvayəti edən daha sonra deyir ki: “... gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı...” (Ali-İmran, 61) ayəsi nazil olduğu zaman Rəsulullah (Allahın ona salavat və salamı olsun) Əlini, Fatiməni, Həsən və Hüseyni (Alah ondan razı olsun) yanına çağırdı və: “Allahım bunlar mənim ailəmdir!” – buyurdu” (Buxari, Kitabul-məğazi, 4/231, Müslim, Fadailus-səhabə 32, (2404), ət-Tirmizi, Mənaqib, 3726).
Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli:
• Allah və Rəsulunu sevir
• Allah və Rəsulu da onu sevir. Bu böyük müjdədir. Rəsulullahın (Allahın ona salavat və salamı olsun) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi ən böyük nemətlərdən biridir.
• Xeybərin fəthi Əlinin (Alah ondan razı olsun) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin gözündə mühüm hadisə idi. Çünki bu, Allah və Rəsulunun Əlini sevdiyinə sübut idi. Dünya səadətindən xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu irəli uzatmış və peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onu görməsini istəmişdi. Hətta Ömər bin Xəttabın (Alah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Heç vaxt döyüşə rəhbərlik etməyi arzulamadığım halda, o gün “nə olardı, Rəsulullah (Allahın ona salavat və salamı olsun) bayrağı mənə verərdi” ümidi ilə onun məni görməsi üçün başımı irəli uzat dım”.
Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ailəsindəndir.

6. Zirr bin Hübeyşi Əlidən (Alah ondan razı olsun) belə eşitdiyini rəvayət edir: “Toxumu çatladan və canlıları yaradana and olsun ki, ummi peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə möminin məni sevəcəyinə, münafiqin məndən üz çevirəcəyini əhd etdi” (Müslim, İman 131, (78); ət-Tirmizi, Mənaqib, 3737; Nəsai, İman, 20, (8, 117).
“Toxumu çatladan” – toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə adi bir hal kimi görünür. Əslində bu bir möcüzədir. Bəsit bir dən torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar “dənin açılması”nın nəticəsidir. Buna görə Əli (Alah ondan razı olsun) hadisənin sahibi Allaha and içməklə sözə başlayır. Çünki Allah əl-Ənam surəsinin 95-ci ayəsində “Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan” kimi tanıdılır.
“Ummi” – anaya mənsubluğu bildirir. Bununla yazıb-oxumağı bilməmək nəzərdə tutulur. Çünki insan anadan olanda yazıb-oxumağı bacarmır. Bu Quranda belə bildirilir: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı” («ən-Nəhl», 78).
Rəsulullahın (Allahın ona salavat və salamı olsun) “ummi” olmasına baxmayaraq, ona Quran kimi kitabın nazil olması, onun keçmiş və gələcəkdən, kainatın mahiyyəti haqqında doğru, dəyişməz xəbərlər verməsi onun ən böyük möcüzələridir.
Hədis belə də rəvayət olunur: “Mömin məni sevər, münafiq məni sevməz”.

7. Cabir bin Abdullah (Alah ondan razı olsun) rəvayət edir ki, “Taif günü Rəsulullah (Allahın ona salavat və salamı olsun) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: “Rəsulullah (Allahın ona salavat və salamı olsun) əmisi oğlu ilə görüşməsini uzatdı” – dedilər. Bunu duyan peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi” (ət-Tirmizi; Mənaqib, 3728).
Taif səfəri zamanı peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Əli (Alah ondan razı olsun) ilə görüşü o qədər uzandı ki, adamların bəziləri: “Əmisi oğlu ilə söhbəti uzatdı” – dedilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya düşüncələrini “çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi” niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq peyğəmbər (Allahın ona salavat və salamı olsun) məsələni aydınlaşdırmışdır. O, bu zaman “Kafirləri siz öldürmədiniz, Allah öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı” («əl-Ənfal» surəsi, 17) ayəsinə uyğun üslubdan istifadə etmişdir.

8. Ənəs (Alah ondan razı olsun) rəvayət edir ki, “Rəsulullah (Allahın ona salavat və salamı olsun) Bəraət (ət-Tövbə) surəsini (Ərəfatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə (Alah ondan razı olsun) göndərmişdi. Sonra onu çağıraraq: “Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi uyğun deyil” – buyurdu. Sonra Əlini (Alah ondan razı olsun) çağıraraq surəni ona verdi” (ət-Tirmizi; Təfsir, «ət-Tövbə», 3089).
Alimlərin fikrinə görə Əbu Bəkrdən (Alah ondan razı olsun) sonra Əlinin (Alah ondan razı olsun) göndərilməsi ərəblərin adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan başqa bir şəxs poza bilər. Buna görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə etmişdir.
Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq bunu belə izah etmək olar. Doğrusunu Allah bilir.

9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir ki, “Bir nəfər Səhl bin Sədin (Alah ondan razı olsun) yanına gəlir və: “Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır” – deyir. Səhl: “Bu əmir Əli haqqında nə deyir?” – deyə soruşur. Əbu Həzim: “Əmir Əliyə Əbu Turab deyir” – dedikdə, Səhl ibn Səd güldü və: “Allaha and olsun, Əliyə bu ləqəbi Peyğəmbər vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi” – dedi. Əbu Həzim dedi: “Mən bu ləqəbi peyğəmbərin Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Səddən soruşdum: “Ey Əbu Abbas, bu necə olub?” O dedi: “Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər gəlib: “Əmioğlum haradadır?” – deyə soruşdu. Fatimə: “Məsciddədir” – dedi. Peyğəmbər məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü. Peyğəmbər Əlinin kürəyindən torpaqları təmizləyərək: “Otur, ey Əbu Turab! Otur, ey Əbu Turab!” – dedi. (Buxari; Kitabul-fadail-əshab 9/51).

10. Səd bin Übeydə demişdir: “Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. İbn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama: “Bəlkə Osman haqqında dediklərim sənə pis gəlir?” – deyə soruşdu. Həmin adam: “Bəli” – deyə cavab verdi. İbn Ömər: “Allah sənin burnunu yerə sürtsün!” – dedi. Sonra o adam İbn Ömərdən Əli haqqında soruşdu. İbn Ömər Əlinin gözəl əməllərindən danışdı və: “Əli budur. Evi də peyğəmbərin (Allahın ona salavat və salamı olsun) evlərinin ən gözəlidir” – dedi. Sonra yenə: “Bəlkə, Əli haqqında danışdıqlarım sənə pis gəlir?” – deyə soruşdu. O adam: “Bəli” – dedi. İbn Ömər ona: “Allah sənin burnunu torpağa sürtsün! Get, mənim barəmdə nə bacarırsan et!” – dedi” (Buxari; Kitabul- fadail əshab 9/52).

Yaşar Qurbanov ("İslam Nuru" kitabı)

 

3 şərh

papatürk
Alah ondan razı olsun yazmısız.
Gərək allah yazasınız.
emin
neceki qardas? sehabenin adi cekilende bele demek sunnedir.
Aynur
Emin,demək istəyir ki,Allah sözündə 2 l hərfi var.Sən isə topikin adında 1 l qoymusan