Allah Haqqı Hər Şeydən Üstündür | Fuad Quliyev

Qur`an-i Kərimdə ən çox «doğru xəbər», «doğru yol», «dəlil», "ədalət"  və buna bənzər bir çox mənalarda işlənən haqq kəlməsi eyni zamanda «varlığı qət`i olan, hikmətə uyğun yaradan» mənalarına görə Allahın bir ismi və vəsfi olaraq da işlənir.
Məsələn, "…sonra onlar Allaha, özlərinin haqq mövlasına qaytarılacaqlar. Məgər hökm Onun deyilmi və O daha tez haqq-hesab çəkmir mi?"   ayəsi bunu ifadə edir. Haqq kəlməsi Qur`andaki mənaları ilə Peyğəmbər (ə.s)-ın hədislərində də geniş olaraq yer almışdır. O (s.ə)-in bir duasında keçən «Allahım! Sən haqsan, sənin və`din haqdır, sənə qovuşmaq haqdır, sənin sözün haqdır, cənnət və cəhənnəmin haqdır, Peyğəmbərlər haqdır, Muhamməd haqdır, qiyamət haqdır» cümlələrindəki haqq kəlmələri "şübhəsiz, qət`i olaraq gərçək və mövcud olan" şəklində izah edilmiş və sayılan bu vəsf və xüsusiyyətlərin dinin və imanın əsasını təşkil etdiyi şübhəsiz qəbul edilmişdir.Allah haqqı hər şeydən üstündür
Lüğətdə «həqiqət, doğru olmaq, bir şeydən xəbərdar olmaq, həyata keçirdmək, varlığı qət`i olaraq bilinən şey» mənalarına gələn «haqq» kəlməsi daha çox batilin ziddi mənasında işlədilir. Ərəbcə olduğu bilnən «haqq» termininin ibri dilində də eyni mənalara gəldiyi irəli sürülmüşdür. Belə ki, ibri dilində də «buyurmaq, bir qanunla sabitləşdirmək, Tanrı və insanlara qarşı vəzifə borcu olmaq» kimi bənzər mənaların olduğunu görmək mümkündür. Bu səbəblə də Sami dil qrupundan olan ərəbcə və ibri dilində kəlmələrin yaxın mənalar daşıması təbiidir. Belə olan halda bu kəlmənin hansı dildən gəldiyini müəyyənləşdirmək çətindir.
Haqq kəlməsinin cəmi olan «hüquq», ədəbiyyatda bir çox mənada işlənmişdir. Ən önəmlisi isə «cəmiyyəti və  onu təşkil edən fərdlərin bir-biri ilə münasibətlərini tənzimləyən, nizam-intizamın bərqərar olması üçün hakim qüvvə tərəfindən qoyulan qaydalar məcmuəsi» şəklində işlədilən mənasıdır.
Qur`anda, hədislərdə və digər İslami mənbəələrdə haqq «qorunması, diqqət edilməsi lazım olan maddi və mənəvi imkan, pay, əşya və mənfəətlər, vəzifə, məsuliyyət, borc» mənalarını da ehtiva edər. Zənginlərin malında yoksulun haqqı olduğunu bildirən ayətlərdə qohumlara, yoxsula, səfərdə olan kimsələrə haqlarını verməyi əmr edən ayətlərdə haqq kəlməsi zəkatı vəya din və hüququn  vacib gördüyü maddi kömək və dəstəyi izah edər.
Bir çox ayə və hədislərdə Allahın insanlar üzərindəki haqlarının yanında inananları qoruma, bağışlama, onlara yardım etmə kimi lütflərin Allah üzərinə bir haqq olduğu ifadə edilir. Hədislərdəki «Allahın haqqı, qulun haqqı» kimi bəzi ifadələr zamanla İslami mənbəələrdə bütün haqların «Allah haqları» (hüququllah) və «Insan haqları» (hüququ`l-ibad) şəklində iki əsas bölmədə təhlil edilimşdir. Allah haqqı sayılan əməl və hökmlərin müxtəlif şəkildə təsnif edildiyini qeyd etmək mümkündür. Bunlardan bəziləri aşağıdakı kimidir:
  1. Tamamilə ibadət mahiyyətində olanlar: Namaz, oruc, həcc, zəkat, və s.
  2. Vergi mahiyyətində olan ibadətlər: Fitrə sədəqəsi, zəkat.
  3. Ibadət mahiyyətində olan vergilər: Torpaq məhsullarından alınan öşür (yığılan məhsulun onda və ya iyirmidə biri) vergisi.
  4. Cəzalar: Oğurluq, zina, içki içmə, quldurluq, silahlı zorakılıq halları, namusa iftira atmaq və s. hərəkətlər tamamilə Allah haqqı olub bunların cəzaları mütləq şəkildə icra edilməlidir. Hər hansı bir şəxsin bu cəzaları əfv etmək səlahiyyəti yoxdur. Allah haqları məhz bu cəhəti ilə insan haqlarından fərqlənir.
Allah haqları ilk növbədə iman və ibadət kimi yalnız Allaha aid olan, sadəcə onun layiq olduğu haqlar, xüsusilə də müəyyən bir şəxsin deyil, sosial-ictimai nizam intizami və mənfəətləri ilə əlagədar haqlar nəzərdə tutulur. Bu cəhəti ilə Allah haqları müasir hüquqda sosial nizam ifadəsi ilə paralellik təşkil edir. Ilk olaraq bu növ haqların səlahiyyətli organ tərəfindən hər hansı bir şəkildə əfv edilməsi mümkün deyildir. Daha sonra bu haqlar cəmiyyətdə bütün fərdlərin və onları təmsilən hakim orqanların bu haqları müdafiə məsuliyyəti vardır. Insan haqları (hüququ`l-ibad) isə cəmiyyətin mənfəətini əsas planda tutsa belə fərdə ait mənfəətin qorunmasını hədəf seçən və fərdin söz haqqına sahib olduğu haqlardır ki, bunlar da ümumi və xüsusi haqlar olaraq iki qrupa təsnif edilmişdir.
Ümumi haqlar cəmiyyətdə hər bir şəxsi maraqlandıran və fərdlərin müştərək sahib olduğu mənfəət və imkanlardan faydalanma haqlarıdır. Sosial-ictimai haqlardan faydalanma haqqı burada misal göstərilə bilər. Allah haqlarından fərqli olaraq bu bu haqlardan istifadə haqqı tamamilə fərdlərin seçim və ixtiyarına bağlıdır. Xüsusi haqlar isə cəmiyyətin istifadəsinə açıq olmayan, fərdin şəxsinə aid olan və əsasən onun şəxsi mənfəətlərini qorumağı hədəf seçən haqlardır. Şəxslərə aid maliyyə haqları, haqsız bir fe`l nəticəsində meydana gələn zərərin ödənilməsi, borclunun borcunu ödəyəcəyi zamana qədər şəxsin girov qoyulmuş maldan zərər verməmək şərti ilə istifadə etmə haqqı xüsusi haqlar növünə misal göstərilə bilər.
Bir də müştərək haqlar vardır ki, bir tərəfdən  Allah haqqı digər tərəfdən isə insan haqqı eyni anda mövcud olur. İslam hüquqçuları bunları da iki qismə ayırırlar. Allah haqqının üstünlük təşkil etdiyi haqlar və insan haqqının üstünlük təşkil etdiyi haqlar. Bu təsnifin əsas nəticəsi Allah haqqının üstünlük təşkil etdiyi haqlarda fərdlərin ixtiyarlarının daha məhdud olmasıdır. Məsələn insanın öz bədən və ruh sağlığını qoruması, insan olaraq öz haqq və hürriyyətlərinə sahib çıxması, malını boş yerə uyğun olmayan bir şəkildə xərcləmə və ya tələf etməkdən uzaq durması kimi bəzi hallar ilk baxışda fərdin öz şəxsi haqqı kimi görünsə də məsələnin həm Allaha qarşı məsuliyyəti ehtiva edən bir cəhətinin olması və eyni zamanda cəmiyyətin nizam-intizamının qorunmasının fərdlərin hər birinin bu haqlara sahib çıxması ilə mümkün ola biləcəyi səbəbi ilə bu haqlarda Allah haqqının üstünlük təşkil etdiyi ifadə edilmişdir. Bu səbəbdən fərdlər istədikləri kimi bu haqlara təcavüz edə bilməzlər. Yəni heç bir fərd öz həyatını bilərək təhlükəyə ata bilməz, öz səhhətinə qəsdən zərər verə bilməz, mallarını boş yerə sərf edə bilməzlər. Fərdlərə gətirilən bu məhdudiyyət və məsuliyyət İslamın ümumi dünya görüşü ilə bərabər eyni zamanda müasir hüququn da qəbul etdiyi ümumi prinsip və qaydalara uyğunluq təşkil edir.

 Mənbə: irfandergisi.com

0 şərh