Xəyalların gerçək üzü

Uca Allahın qisməti ilə Ramazan ayında müqəddəs torpaqlara üz tutub ümrə ziyarəti etmək nəsib oldu. Altı nəfərlik qrup ilə yola düşdük. Hər birimizin qəlbində yeni bir şövq,başqa bir həyəcan var idi. Müqəddəs kitabımız Qurani-Kərimin endiyi, Hz. Peyğəmbərimizin yaşadığ torpaqları görmək həyəcanı qəlbimizə ayrı bir fərəh verirdi. Həram bölgəsinin ətrafında geydiyimiz ehram, bizi dünyanın fani nemətlərindən alıb, Yaradanla əbədi vüslətə qovuşdururdu sanki. Yolun uzaqlığnın, səfərin çətinliyinin fərqinə varmır, illərcə həsrətində olduğumuz müqəddəs torpaqları görmək, oraya ayaq basmaq istəyimizin sevincini yaşayırdıq. Dispetçerin vaxtaşırı eniş zolağna yaxınlaşdığmızı bildirməsi bu həyəcanı daha da artırırdı.
Təyyarədən endiyimizdə yeni insanların və yeni bir həyatın şahidi olduq. İlk diqqətimizi çəkən şey, oralarda havanın isti olmasına baxmayaraq, insanların daha həyalı geyimləri və dükanlarda nəinki spirtli içkilərin, hətta spirtli ətirlərin belə olmaması oldu.
Məkkəyə endiyimiz ilk gün üz tutduq Kəbəyə doğru. “Kəbəni ilk gördüyündə etdiyin ilk dua qəbul olunar” buyurur Rəsulullah. Bizim də ilk duamız torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi, dövlətimizin ərazi bütövlüyü və suverenliyi istiqamətində oldu.
Niyyət etdik, ümrənin şərtlərindən sayılan yeddi şavtlıq təvafa. Hər təvafda, hər dönüşdə edilən dualar ərşi-əlaya ucalırdı sanki. Orada Yaradanına daha yaxın hiss edirdi özünü hər kəs. Yaradanla qul arasında məsafə azaldıqca dualar çoxalır, göz yaşları iz salırdı yanaqlarda. Təvaflar bitir, ancaq qəlblərdəki dua izdihamı bitməz və tükənməzdir.
Təvaf namazından sonra səy etmək üçün üz tuturuq Səfa və Mərvə təpələrinə. Susuzluqdan ağlayıb coşan övladı İsmayıl (ə.s)-a bir damla su tapmaq üçün Səfa təpəsindən Mərvə təpəsinə dörd, Mərvə təpəsindən Safa təpəsinə üç dəfə gedib gələn Həcər validəmizin fədakar ana tablosu gözlər önündə canlanır. İki təpə arasındakı böyük məsafədə isti günəş altında övladı üçün su axtaran ananın, övladı üçün nə qədər əzab-əziyyətlərə  qatlandığnı hiss etmək o qədər də çətin deyil. Sanki basdığ hər yerdə körpə övladına su tapmayan ananın gözlərindən süzülən yaşların nəmliyini hiss edirdi ayaqlar. Bu duyğu və fikirlər içərisində bitdi, etdiyimiz səylər də. Saçlarımızın bir qismini təraş etdirib çıxdıq ehram libasından. Kəbədə qılınan hər bir namazın, tutulan hər bir orucun, edilən hər bir duanın başqa bir yeri var insan həyatında. Bu gözəl duyğularla on gün arxada qaldı Məkkədə. Əlvida deyərkən Məkkəyə gözlər dolmasınmı yaşlarla? “Əlvida, Məkkə!” -deyib ayrıldıq!
Üz tutduq Mədineyi-Münəvvərəyə, Peyğəmbərimiz (s.ə.s)-in hicrət etdiyi torpaqlara, ənsarların yanına. Bir Peyğəmbər var o torpaqlarda. O Peyğəmbər ki, bütün dünya onun nuru ilə nura qərq olmuş, zülmət gecələr yoxluğa sovrulmuş. Məscidi-Nəbəvi bir Peyğəmbər məscidi, bir Peyğəmbər evi. Bu evə öz ümmətini qonaq qəbul edirdi Hz. Peyğəmbər. Açılan iftar süfrələri, xoş təbəssümlər, edilən ikramlar Peyğəmbər comərdliyini sərgiləyirdi açıq-aşkar. Rövzədə, Hz. Peyğəmbərimizin minbəri önündə qılınan namazlar, edilən dualar başqa bir hiss yaşadırdı qəlblərə.
Ramazan ayı, şeytanlar zəncirlərə vurulub, həram bölgəsi. Heyvan öldürmək, ağac kəsmək, kiminləsə dava-dalaş etmək haramdır bu yerlərdə. Gözlər, əllər və ayaqlar haramdan uzaq, fikir və düşüncələrdə gözəl əməllər qarşılığnda qazanılacaq Allah rızası canlanırdı sadəcə. Bu minvalla yetişdik Ramazan ayının sonuna Ramazan bayramına. Bayram da tamam başqa qeyd olunurmuş buralarda. Artıq bayramı da qeyd etmişdik gözəl duyğular içərisində.  Kaş, söyləməyəydi məsul şəxslər geri dönəcəyimiz günü. Bu qısa zaman içərisində buralara bu  qədər doğma olmuşkən nə idi bu vaxtsız ayrılıq? Nə idi o torpaqlardakı cazibə ki, üzərinə hər qədəm basan insan ayrılarkən qəlbini, fikrini, zikrini orda qoyar? O cazibə ki, bir Peyğəmbər nəfəsiydi, bir Qurani səsiydi, İslamiyyət uğrunda canını malını əsirgəməyən bir səhabə abidəsiydi. Bu cazibədən ayrılarkən ayrılıq göz yaşları selə dönər quru səhralarda. Sanki bir yuxu idi bu yaşadıqlarımız. Kaş, heç bitməyəydi şirin yuxular. Ömür kitabında ən xoş kəlmələrlə bəzədilmiş bir neçə sətir idi bu gözəl günlər. Uca Yaradan bu gözəl kəlmələri könül dili ilə oxumağ hər möminə nəsib etsin. Бiz də бu gözəl günləri yaşamamıza vəsilə olanlara təşəkkür etməyi özümüzə borc bilirik.

Müəllif : Eldar Kərimov
Mənbə: irfandergisi.com

0 şərh