Əməllərimə görə qorxuram...

Saatın əqrəbləri surətlə irəliləyirdi. Şam azanına bir necə saat qalırdı. Qapının səhərdən acıq olması səbəbindən ev bərk soyumuşdu. Qəribə səssizlik var idi. Bu səssizlik mənə qəbri xatırlatdı. Və məni bərk düşündürdü. Düşündüm ki, vaxt gələcək, bu evdə tək olduğum kimi, qəbirdə də tək olacağam. Necə mənim yaxınlarım məndən uzaqda olduqları, yanımda olmadıqları kimi, bir gün gələcək, qəbirdə də belə olacağam. O zaman da, indiki kimi yalnız Rəbbim mənimlə olacaq. Məni heç zaman tək qoymayan Rəbbim. Məni hər kəsdən daha çox sevən Rəbbim.

Daha sonra əməllərimə baxdım. Baxdım gördüm ki, əllərim boşdur, boş. Və pis oldum. Öz-özümə fikirləşdim ki, gələcək günlərimdə elə edim ki, əməllərim yaxşı olsun. Sonra dedim ki, hələ vaxt var qəbrə getməyə. Lakin birdən duruxdum. Ona görə duruxdum ki, bəlkə heç gələcək günlərim yoxdur. Bəlkə heç sabahım da yoxdur. Bəlkə heç bu anımdan sonram yoxdur. Bəlkə bu gün, bu saat, bu an mənim üçün sondur. Əgər bu belədirsə, o zaman mən nə edərəm?! Bu əməllərimlə Rəbbimin qarşısına necə çıxaram?! Dar, qaranlıq, vəhşətlə dolu olan o qəbirdə Rəbbimə necə deyərəm ki, məni tənha qoymasın?! Axı mən bu dünyada özümə qəbir dostu qazanıram. Axı mən öz əməllərimlə qəbrimi nurlu və yaxud vəhşətli edirəm. Bu dünyadakı qəribliyə dözə bilmirəm. Mən dar, qaranlıq qəbirdə bunlara necə dözəcəyəm?! Halbuki, buradakı qəriblik bir müddətlikdir. 

Axı mən bu günə kimi necə qəlb sındırmışam, neçə nəfərin qeybətini etmişəm, neçə nəfərin qeybətinə qulaq asmışam, neçə namazımı qəzaya vermişəm, neçə əhdimə vəfa etməmişəm, neçə nəfəri acılamışam, necə nəfərə sui-zənn etmişəm, necə nəfərlə boş yerə mübahisə aparmışam, necə nəfər məndən halallıq istəyib verməmişəm, necə nəfərdən halalıq almamışam, necə...

Mövlam Əli (ə) buyurur: "Ey Allah bəndələri! Bağışlanmayan (insan) üçün ölümdən daha ağır qəbirdir. Belə isə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat - qəbir əzabıdır".

Mən Allahın düşməni deyiləm. Lakin yenə də əməllərimə görə qorxuram. Təsəvvür edin, dar və qaranlıq bir yerə məhkum olunursunuz qalmağa. Vəhşətlə dolu olan bir yerə. Tənhalıqla, qəribliklə, qorxu ilə, əzab ilə dolu olan bir yerə məhkum olunursunuz. Halbuki, mən bu dünyadakı əməllərimlə qəbrimi daha nurlu, daha geniş, daha təravətli edə bilərəm. Mən öz əməllərimlə özümə bu dünyada olarkən dost qazanıram, qəbir dostu. Əməllərimlə ya qəbirdə özümə yaxşı bir dost qazanaram, ya da ki, vəhşət mənim dostum olacaq. Mən belə dost istəmirəm. Bəs siz necə?

0 şərh