Əməli böyük, günahı kiçik görmək nədən qaynaqlanır?

“Səhifeyi-Səccadiyyə”nin 8-ci duası İmam Səccadın (ə) xoşagəlməz əxlaqdan, nalayiq işlərdən Allaha pənah aparması ilə bağlı edilən munacatdan ibarətdir.
Duada elə müxtəlif mövzular əhatə edilir ki, insan heyrət içində qalır. Müxtəlif mövzularda İlahi dərgaha sığınan İmam (ə), bizim üçün ən diqqət olunası və ümumilikdə insan üçün önəmli olan mövzuları ortaya qoyur.
“Haqqın əvəzinə batil seçməkdən, günahda israr etməkdən, xətanı kiçik saymaqdan, itaəti böyük bilməkdən....”. Əməli böyük, günahı kiçik görmək nədən qaynaqlanır?
Bu gün bəşəriyyətin düşdüyü böhranın bu nöqtəsində olmasına səbəb – məhz iradəvi olaraq haqqın yerinə batilin seçilməsi olub. Bəşəriyyət onunla da kifayətlənməyib, eyni zamanda haqq seçənləri həmişə zəif durumda saxlamaq üçün əlindən gələni əsirgəməyib.
Allah Təala insana həmişə bir seçim imkanı qoyub. Bəzən özümüzü seçimsiz hiss edib, müəyyən işlər görmək məcburiyyətində olduğumuzu düşünürük. Amma insan diqqət etsə, ən məcbur qaldığı bir nöqtədə də belə, bir seçim imkanı var. Məhz o anda insanın etdiyi seçimin özü, insanın kimlyini müəyyənləşdirir.
Günahın özü deyil, günahda israr etməkdir ki, insanı günü-gündən böhranın dibinə sürükləyir. Rəbbimizdən Hədisi-Qüdsidə qeyd edilən hədisdə: “Günahlarınızı etiraf edin ki, onları əfv edim və nemətlərimə şükür edin ki, onları artırım” — deyə buyurulur.
Zatən insandan günah etməmək deyil, etdiyi günahı etiraf edib, altında bir istiğfar imzasının atılması istənilir. Səmimi şəkildə edilən istiğfar o günahı silər və onun əməl dəftərçəmizdə əleyhimizə işlənməsinin qarşısını alar.
“Xətanın kiçik sayılması və itaətin böyük sayılması” – mərifətin azlığından qaynaqlanan bir mövzudur. Belə ki, hədislərdə qeyd edilir ki, “Günahın kiçikliyi-böyüklüyü deyil, onu Kimin müqabilində edildiyinə diqqət et”. Bütün həmdlərə layiq olan, hər bir nöqsandan uzaq olan, bütün gözəlliklərin mənbəyi, hər bir yaradılışın yeganə vücud verən mənbəyi olan Uca Rəbbimiz qarşısında etdiyimiz gözəl əməllər belə, Onun şəninə layiq olmadığı halda, insan özünü bu Varlığa asi edə biləcək bir əməlləri necə kiçik və ya böyük olan hissələrə bölə bilər?!
Eyni zamanda, o Varlığın müqabilində edilən ibadət-itaəti böyük sanmaq – insanın agahlğının dayazlığından qaynaqlanar.
Amma mərifət əhli ayrı cür davranır. Xanım Zeynəb (s.ə) qətlgahda, qardaşı İmam Hüseynin (ə) başsız bədəni müqabilində üzünü İlahi dərgaha yönəldərək, buyurur: “Ya Rəbbi, olanımız budur. Az da olsa, qəbul et”.
Rəbbini layiqincə tanıyan hər bir kəs, etdiyi ibadətin naqisliyini anlayar və o naqis itaətinə görə heç vaxt qürurlanmaz...
İlahi, bizi qəflətə düşüb günahda israr etməkdən, naqis itaətimizi böyük görməkdən Özün hifz et!



Müəllif: Mətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası


 

0 şərh