Həcc mövsümü bir məktəbdir I Birinci hissə

Bismilləhir-Rəhmanir-Rəhim

Əziz və hörmətli müsəlmanlar! Həcc mövsümü yaxınlaşır və bə'zilərimiz bu ilki həcc mövsümündə İslamın 5 şərtindən birini yetirməyə çalışır. Bə'zilərimiz artıq həcc etmişik, bə'zilərimiz də hələ hazırlaşırıq gələcəkdə getməyə. Bu fərzi yerinə yetirməyə həqiqətən də böyük hazırlıq lazımdır. Həcc ömürdə bircə dəfə olur. Bu mübarək ibadəti düzgün yerinə yetirə bilməsək çox şeylər itirə bilərik.

Həcc mövsümü bir iman məktəbidir, bu məktəbə ömürdə bircə dəfə gedilir və mütləq bir şey öyrənilməlidir. Bu məktəbdən bir şey öyrənməmiş və ya fayda götürməmiş dönmək böyük ziyandır. 

Bu iman məktəbində müsəlmanlar çox faydalana bilərlər, hər bir hadisədən neçə-neçə ibrət dərsi götürə bilərlər, rəftarlarını və əxlaqlarını dəyişdirəcək yeni sifətlər əldə edə bilərlər, bir çox ictimai və əqidəvi nahiyələrdən səmərəli dərslər əldə edə bilərlər. Təbii ki, bu faydaları əldə edənlər arasında fərq vardır, kimisi hər bir anından istifadə edir və heç nəyi buraxmaq istəmir, kimisi isə çömçənin sudan götürəcəyi qədər faydalana bilir. 

Həcc məktəbindən özümüzə götürə biləcək ən əhəmiyyətli dərslər mə'nəvi dərslərdir, bunların da ən qiymətlisi və ən üstünu etiqadımızı sabit saxlamaq üçün yeni ibrətlər olacaqdır. Bu məqsədlə sizlərə həcc mövsümündən həqiqətən faydalanmaq üçün mənəvi dərslərdən bir neçəsini çatdırmaq istərdik. Bəlkə bundan bir çoxlarımız qafildir və bunu oxumaqla böyük fayda əldə etmiş olar. 

Həcc, böyük bir məktəbdir
Şəkk yoxdur ki, həcc ən gözəl və ən üstün ibadətlərdəndir. Həcc, Allaha yaxınlaşmaq üçün ən gözəl vəsilədir. Həcc, Peyğəmbərimizin (s.a.s) bildiriyi kimi İslamın 5 əsas şərtlərindən biridir. Peyğəmbərimizin (s.a.s) həcclə bağlı çox hədisləri rəvayət olunub və O (s.a.s) bu hədislərdə səhabələrinə həccin faydasını, vacibliyini və fəzilətini bildirir. O (s.a.s) səhabələrini həcc etməyə sövq edərdi, həccin böyük savablarını onlara çatdıraraq. 
Əbu Hüreyrə (r.a) Peyğəmbərimizdən (s.a.s) rəvayət edirki, belə demişdir: ((Ömrədən ömrəyə olan müddətdə günahlar bağışlanır, qəbul olunmuş həccin savabı isə yalnız Cənnətdir.))
Hicrətin 10-cu ilində Peyğəmbərimiz (s.a.s) özü camaatla həcc etmişdir ki, onlara həccin əsasən necə yerinə yetirildiyini göstərsin və belə buyurmuşdu: ((Məndən, əda edəcəklərinizi (həccdə lazım olan əsas şeyləri) götürün, bəlkə bu ildən sonra sizi görmədim)). Buna görə də həmin həcc vida həcci adlandırılmışdı. Ondan sonra Allahu Təala bu ayəni nazil etmişdi: ((Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne'mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…)) (Əl-Maidə 3-cü ayə). 
Elə isə bu fərzi yerinə yetirmək istəyən müsəlman çox çalışmalıdır və diqqətli olaraq dərindən həccin əsas ədalarını öyrənməlidir. Bu mübarək və müqəddəs ibadəti düzgün, qüsursuz və lazımınca yerinə yetirmək üçün yalnız Peyğəmbərimizin (s.a.s) etdiyi kimi etmək lazımdır. 
Təbii ki hər bir müsəlman həccə getməyə can atır, niyyət edir, rəğbət bəsləyir və daxilində Allahu Təalanın evini görməyə (Məscidül Həramı Kə'bəni) böyük həvəs yaranır. Allahu Təala Əl-Bəqərə surəsinin 144-cü ayəsində Öz Rəsuluna belə buyurur: (((Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!…)) Allahu Təalanın müsəlmanın qəlbi ilə Məscidül Həram arasında əlaqəni yaratması, müsəlmanı daim oraya çəkir və oranı ziyarət etməyə həvəsləndirir. Müsəlman, hər namazda üzünü yönləndirib qıldığı istiqamətdə olan bu müqəddəs yeri görmək istəyir, bu müqəddəs məsciddə də namaz qılmaq istəyir.

Ona görə də ey müsəlman qardaşım və bacım, həcci yerinə yetirməyə qalxırsansa, bu fərzi yerinə yetirməkdə sənə imkan yaradan Allahu Təalaya böyük ne'mətinə görə həmd və şükür et! Bu ibadəti doğru olaraq yerinə yetirmən üçün Allahu Təaladan müvəffəqiyyət dilə! Qərbdən şərqə kimi müsəlmanların qibləsi sayılan Məscidül Həramı görmək şərəfinə nail olursansa, Allahu Təala üçün həcci haqqıyla yerinə yetirməyə çalış.

Mənbə: azerislam.com

0 şərh