Həcc

Həcc ibadətini diriltməyə həccin klassik tərifindən başlamaq lazımdır. Həcc üçün deyilən klassik təriflərdə "gedə bilmə imkanı" vurğulanaraq, bunda məqsədin maddi imkan olduğu açıqlanır. Halbuki həccin tərifi verilərkən, Ali İmran surəsinin 97-ci ayəsinə istinad edərək əvvəlcə bu fərzin ümumiliyi vurğulanmalıdır. Ayədə keçən "ona bir yol tapa bilən" ya da "ona yol tapmağa gücü çatan" cümləsindəki səbil ["yol"] da, yalnız maddi imkana reduksiya edilməməlidir. 
Elə kasıblar vardır ki, pulu olmadığı halda həccə getmə imkanları yaranır və arzu etdikləri üçün bu ibadəti asanlıqla icra edə biləcəkləri fürsətlər meydana çıxır. Bu günə qədər olunan klassik həcc tərifləri, belə fürsətləri inkar edən və iqtisadi baxımdan zəngin hesab olunan insanlara xitab edən iqtisadi təriflərdir. Maddiyyatı ön plana çıxaran bu tərifə rəğmən Müsəlman ölkələrdən bir çox insanlar hər fürsəti qiymətləndirərək bu fərzi icra etmək üçün qanuni hər yola baş vurmaqda və israr etməkdədirlər. Təbii ki, Allah həcc etmək üçün heç bir fürsət tapa bilməyənlərin üzərindən bu öhdəliyi götürəcək. 
Buna görə, həcc hər möminin Allahla əhdini yeniləmək üçün fürsət taparaq simvollardan ibarət olan mənasiqi (İbadət edəcək yerlər. İbadət edərkən lazımlı olan üsul, yol və tərz.) bəlli zamanlarda və məkanlarda yerinə yetirməsidir. Həcci fərz edən Ali İmran surəsinin 97-ci ayəsi isə klassik tərifləri boşa çıxarar: 
"Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır." 
Bu ayədən yola çıxaraq, həcc etməyi imkandan çox imana bağlayan bir tərif daha tutarlı və bu işin ruhuna daha uyğundur. Ayədəki "ona bir yol tapa bilən" ifadəsi təfsirə ehtiyacı olmayacaq qədər açıqdır. "Ona bir yol tapa bilmək" hökmən "minlərlə dolları olmaq" mənasınamı gəlməlidir? Yoxsa "qanuni hər yola baş vurub məqsədinə çatma" mənasınamı? Unutmayın ki, ən böyük imkan imandır və möminin imanı otostop çəkərək (Eyni istiqamətlə gedən maşınlarda pulsuz səyahət etmək. Adətən yol kənarında dayanaraq maşınlara əl qaldırıb saxladır və gedəcəkləri istiqamətə yaxın bir məsafəyə qədər onunla gedirlər....) dünyanı gəzən otostopçuların maraq motivlərindən daha böyük fürsətlər doğura bilər.
Unutmayın ki, əkini və suyu olmayan bir ərazidə Həcərin hələ südəmər olan balası İsmayılla birlikdə əldə etdiyi bütün imkan, bir boğça yemək, bir tuluq su idi. Və buna baxmayaraq, Həcər "Bizi kimə buraxırsan?" sualına "Allaha buraxıram." cavabını verən İbrahimə bunu söyləyirdi: 
"Allahamı? Mən Ondan razıyam." (Əzarqi, Ahbaru Məkkə, 1/55, Məkkəi Mekərrimə - 1416)
Həccin sadəcə zənginlərə məxsus bir ibadət kimi qəbul ediləcəyi günlərin gələcəyini əvvəlcədən təxmin edən Həzrəti Peyğəmbər, həccə əsl ehtiyacı olanların kasıblar olduğunu baxın görün necə bir üslubla açıqlayır: 
"Həcc və ümrə, körüyün maddənin çöküntüsünü təmizləyib yox etdiyi kimi kasıblığı və günahları yox edər. "(Tirmizi 3/175, № 810; İbn Mace, 1/964, №2887)
Həcc, Həzrəti İbrahimin mirasıdır. Quranda Allah onun yolunu izləməyimizi əmr edər: "[O sizdən] atanız İbrahimin inanc sistemini [izləməyinizi istəyir]" [22.78]. Həzrəti Peyğəmbər də bu mənada bunu söyləyib: 
"Həcc ibadətlərini icra etdiyiniz yer/zaman/hal [meşair-işarələr, əlamətlər, nişanələr] üzərində durunuz. Çünki siz, atalarınız İbrahimin mirası üzrəsiniz." (Əbu Davud. Mənasiq, 63 2.189) Həzrəti İbrahim, özündən sonrakı bütün muvahhidlərin inanc atasıdır. İnsanlıq inancda onun uşaqları hökmündədir. Həcc eyni zamanda, insanlığın iman atasına olan hörmətinin bir ifadəsidir.
Həcc insana "yolçu" olduğunun xatırladılmasıdır. Yalnız yolçu deyil, eyni zamanda yol olduğunun da... Çünki bu dünya və axirət dünyası ilə, ruhunun keçmişi və gələcəyi ilə, həyat səfərdən başqa heç nə deyil. Yəni həcc, "tükdən incə qılıncdan iti" bir sirat olan həyat yolunda, insanoğluna yeriməyi öyrətmək məqsədi daşıyan bir ibadətdir. 
Həcc, insanlığın Allaha gediş dastanını hər möminin öz şəxsində təkrar yaşamasıdır. 
Həcc, Adəm rolunu oynayan hər bir insanın, itirdiyi cənnəti axtarışa çıxmasıdır.
Həcc, insanoğlunun uzaqlaşdığı fitrətinə yenidən qayıdışının simvolik bir təlimidir. 
Həcc, öz-özünə yadlaşan fərdin şəxsiyyətini tapıb özünü tanıyaraq, özü ilə barışıq yaşamaq üçün başlatdığı nəcib səfərin adıdır. 
Xülasə həcc, məhşərin məşqidir.
 

0 şərh