Tövhid

Rəhman və Rəhim olan Allahın adı ilə

Allah axtarışı.
Nə üçün dünyanı yaradan haqqında fikirləşir və axtarış aparırıq?
Biz insanların hamısının qəlbində (elmə məhəbbət) və varlıq aləmini tanımaq istəyi vardır
Bütün insanlar bilmək istəyirlər ki, öz kəhkaşanları ilə birgə ucsuz-bucaqsız asiman, öz gözəllikləri ilə geniş yer kürəsi, cürbəcür məxluqlar, gözəl quşlar, müxtəlif balıqlar, dənizlər, dağlar, güllər, çiçəklər, göyə ucalmış müxtəlif ağaclar və s. özü-özünə yaranmışdır, yoxsa bu rəsmlər mahir bir rəssamın əli ilə hazırlanmışdır?
Bundan əlavə, insanlar ücün hər şeydən əvvəl aşağıdakı üç sual irəli çıxır:
Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik?
Əgər biz bu üç suala cavab verə bilsək, görün, nə qədər xoşbəxt olarıq? Yəni, biz bu sualların cavabını tapmaqla həyatımızın haradan başlayıb, haraya gedəcəyini biləcəyik.
Hal-hazırda bizim vəzifəmiz nədir?
Bizim axtarıcı ruhumuz bizə belə deyir:
-Bu sualların cavabını bilmək ücün gərək səbr edək.(Bir qədər gözləyək).
Bəzən baş verən avtomabil qəzasında görürsən ki, bir nəfər yaralanaraq huşunu itirir. Onu müalicə etmək ücün xəstəxanaya aparırlar. Halı bir az özünə gəldikdə ətrafındakılardan soruşduğu ilk sual bu olur: «Bura haradır? Nə üçün məni bura gətirmisiniz? Nə vaxt buradan çıxacağam?» Bunlardan məlum olur ki, insan bu cür sualların qarşısında sakit qala bilməz.
Deməli, bizi Allahı axtarıb, onu tanımağa vadar edən ilk şey öz axtarıcı ruhumuzdur.2.Şükr etmə duyğusu

Təsəvvür edin ki, sizi gözəl bir qonaqlığa dəvət ediblər. Məclisdə qonaqlar üçün hər ey hazırlanmışdır. Siz bu qonaqlığa öz böyük qardaşınızın vasitəçiliyi ilə getdiyinizə görə, sözsüz ki, ev sahibini yaxşı tanımırsınız və bu ürəkaçan qonaqlığa daxil olduqda sizin ilk fikriniz ev sahibini tanıyıb, ona təşəkkür etməkdir.
Biz (insanlar) də yaranışın geniş süfrəsinə baxıb müxtəlif nemətləri öz ixtiyarımızda gördükdə özümüzdən asılı olmayaraq bu qədər neməti bizə verən varlığı tanımaq istəyirik.
Bilmək istəyirik ki, görən gözləri, eşidən qulaqları, lazımı qədər ağlı və düşüncəni kim vermiş, pak nemətləri bu geniş süfrəyə kim düzmüşdür? Kim onları xəlq etmişdir?
Düzdür, Onun bizim təşəkkürümüzə heç bir ehtiyacı yoxdur. Lakin təşəkkür etməyincə özümüzdə narahatçılıq və çatışmamazlıq hiss edirik.Bunun özü insanların Allahı axtarıb, onu tanımağı üçün bir səbəbdir.

3. İsanların Allahı tanıma ilə bağlı olan xeyir və ziyanları.
Təsəvvür edin ki, bir səfərdərsiniz. Səfər zamanı dörd yol ayrıcına çatırsınız. Hamı deyir ki, bu dörd yol ayrıcında dayanmayın orada böyük təhlükələr vardır. Lakin bir dəstə deyir: Ən yaxşı yol günçıxana tərəf gedən yoldur. Başqa bir dəstə deyir: Ən yaxşı yol günbatana tərəf gedən yoldur. Üçüncü dəstə bu iki dəstədən fərqli olaraq sizi ücüncü yolla getməyə dəvət edir.Hamısı da öz göstərdiyi yolun yaxşı və salamat yol olduğunu, səadət və xoşbəxtliyin məhz bu yolda olduğunu bildirir.
Belə bir halda insan bu yollar barədə mütaliə edib axtarış aparmadan onlardan birini seçə bilərmi? Yaxud dörd yol ayrıcında durub, yolların heç biri ilə getməmək qərarına gələrmi? Yəqin ki, xeyr.
Əksinə, ağıl və şüur belə hökm edir ki, insan tez bu yollar barədə axtarış aparıb, deyilən sözlərin hamısına diqqət etsin. Hansı yolun düzgün olduğunu bildikdə onu qəbul etsin. Xatircəmliklə o yolu seçərək irəli getsin.
Bu dünyadakı vəziyyət də eyni ilə bu cürdür. Müxtəlif əqidə, məzhəb və dinlər hər biri insanı özünə dəvət edir. Bizim taleyimizin, xoşbəxtlik və bədbəxtliyimizin, irəliləyib yaxud geriləməyimizin bu yola (seçdiyimiz yola) bağlılığı olduğundan məcbur oluruq ki, bu yollar barədə diqqətlə mütaliə edək. Bizi təkamül və səadətə çatdıra bilən yolu seçək, bizi bədbəxtlik və fəsada tərəf yönəldən yoldan uzaq olaq.
Bu məsələ də insanları dünyanın yaradanı barədə mütaliə və axtarışlar aparmağa vadar edən səbəblərdən biridir.
Qur`ani- Məcid bu barədə buyurur: «(Ya Peyğəmbər!) Mənim sözümü (öyüd- nəsihəti) dinləyib, onun ən gözəlinə uyan bəndələrimə (Cənnəti) müjdə ver…» (Zumər, 18).
Allahı tanımanın insan həyatında rolu

 

Allahı tanımaq insan həyatına aşağıdakı təsirləri göstərir:
I. Allahı tanıma və elmin inkişafı.
Təsəvvür edin sizin, bir dostunuz səfərdən gəlib. Sizin üçün bir kitab hədiyyə gətirmişdir. Deyir ki, bu, çox gözəl bir kitabdır. Kitabın gözəlliyinin səbəbini soruşduqda deyir ki, bunun müəllifi çox diqqətli, mahir, təcrübəli, bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir.
Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün ifadə, cümlə, hətta kəlmələrinə diqqət edəcəksiniz. Bir cümləsini başa düşmədikdə neçə saat, bəlkə də neçə gün ona vaxt sərf edəcəksiniz. O vaxta qədər ki, o cümlənin məna və məfhumunu başa düşəsiniz.(Bunun səbəbi nədir?). Səbəbi də budur ki, o kitabın müəllifi adi şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.
Ancaq sizə desələr ki, bu kitabın üzü, cildi qəşəng olsa da, müəllifi savadsız bir bir insandır, yəqin ki, o kitabı təkcə üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də «Bu da müəllifin savadsızlığı üzündəndir» deyəcəksiniz. İnsanın bu cür kitabın üzərində vaxt sərf etməsi heyfdir.
Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud bir cümlə təşkil edir.Mömin bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı hikmət üzündəndir. Mömin olan şəxs Allahı tanımağın sayəsində xüsusi və fövqəladə bir diqqətlə dünya məxluqatının hikmət və sirrini öyrənməyə çalışır. (Məhz bu məsələ elmin inkişafında böyük rol oynayır.) Səbəbi də budur ki, mömin şəxs bilir ki, bu məxluqatı yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır.
Materialist bir şəxs isə bu barədə heç bir mütaliə etmir. Çünki o, bunları yaradanı şüursuz təbiət bilir. Bəzi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi budur ki, onlar Allahı qəbul edir lakin bu Allahı təbiət adlandırırlar (və təbiətin Allah olduğunu iddia edirlər). Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab və proqram iddia etməsidir.
Qısa sözlə desək, Allahı tanımaq (və Ona pərəstiş etmək) elmin inkişafına səbəb olur.

2.Allahı tanıma, çalışmaq və ümid.
İnsan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman onun köməyinə tələsərək ona arxa və kömək olur.
Allaha imanı olan şəxslər hec vaxt özlərini tənha və zəif hiss etmir, məyus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf- mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübərizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq insanlar uçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır.
Məhz bu səbəbdən mömin insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və məyus olmaqdır. Mömin insanlar isə, heç vaxt məğlub və məyus olmurlar. 

3. Allahı tanıma və məsuliyyət hissi
Bəzi həkimlər vardır ki, onlara kasıb və imkansız bir xəstə müraciət etdikdə müalicə üçün pul almamaqdan əlavə, onlara dərman almaq üçün öz ciblərindən pul da verirlər. Əgər xəstəlikləri bir qədər ciddi olarsa, səhərə qədər onun kasıb evində xəstənin başı üstə dururlar. Bu cür həkimlər Allaha inanan və mömin şəxslərdir. Eyni zamanda bir qism həkimlər də vardır ki, pul almamış xəstəyə yaxın durmurlar. Bunlar imansız, ya da imanı zəif olan insanlardır.
İnsanın imanı olarsa, öz işində(hər hansı bir iş olursa, olsun) məsuliyyət hiss edəcəkdir. Öz vəzifəsini yaxşı biləcəkdir. Vəzifəsini yaxşı yerinə yetirəcəkdir, öz işində güzəştə gedəcəkdir. Öz daxilində əməllərini izləyən mənəvi bir keşikçi hiss edəcəkdir.
İmansız insanlar isə xüdbin, özünüsevər və təhlükəli insanlardır. Özləri üçün hec bir məsuliyyət hiss etmirlər. Başqalarına zülm edib, onların haqqını tapdalamaq bu cür insanlar üçün cox sadədir. Belə insanlar yaxşı və xeyirxah işlər görməyə çox az razı olurlar.

4.Allahı tanımaq və rahatlıq.
Psixoloqların araşdırmalarından məlum olur ki, ruhi xəstəliyə məruz qalma hazırki dövrdə əvvəlki vaxtlardan daha çoxdur. Bunun səbəbini belə izah edirlər ki, bu xəstəliyə düçar olmağın səbəblərindən biri nigarançılıq hissi keçirməkdir. Gələcək hadisələrin, ölümün, müharibənin, kasıbçılığın, məğlubiyyətin və s. nigarançılığı insanı ruhi xəstəliyə düçar edir.
Bunun müaliəcəsində isə əlavə edirlər:
Bu nigarançılıq aradan qaldıran amillərdən biri də Allaha iman bağlamaqdır. Allaha iman bağlamaq nigarançılığı dəf edir.
Mehriban, ruzi verən, bəndələrinin vəziyyətindən hər zaman agah olan və bəndələri ona üz tutan zaman onlara kömək edən Allah imanlı insanları bu çətinliklərdən də rahat və azad edir.
Məhz bu səbəbdən həqiqi möminlər özlərini həmişə rahat hiss edirlər. Heç bir nigarançılıq onlara qalib gələ bilmir. Bütün işləri Allah xatirinədir. Buna görə də, bir ziyan gördükdə əvəzini Allahdan istəyirlər. Hətta müharibə meydanlarında təbəssüm və sevinc hiss olunur. Qurani- Məcid bu barədə belə buyurur:
« Əlləziynə amənu və ləm yəlbisu imanəhum bizulmin ulaikə ləhumul əmn.» « İman gətirib imanlarını zülmlə (günahla) qatışdırmayanlar əmin- amanlıqdadırlar.» (Ənam, 82).
İki əmin və xatircəm yolla Allahı tanıma
Allahı tanıma barədə qədim zamanlardan indiyədək müxtəlif kitablar yazılmış, alimlər və qeyriləri arasında çoxlu bəhs və söhbətlər olmuşdur.
Hər dəstə bu həqiqətə nail olmaq üçün özünə müxtəlif yol seçmişdir. Lakin bu yolların ən yaxşısı və insanları bu həqiqətə çatdıran aşağıdakı iki yoldur.
1.Daxili (batini) yol (ən yaxşı yol).
2.Xarici yol (ən aydın yol).
Birinci qismdə insan öz vücudunun daxil və batininə baş vuraraq tövhid nidasını öz daxilindən eşidir.
İkinci qismdə isə insan geniş aləmi seyr edərək Allah nişanələrini bütün məxluqatda müşahidə edir. Bu iki yol barədə uzun bəhslər olmuşdur. Biz isə bu iki yolu qısa surətdə oxucuların nəzərinə catdırırq.
Daxili (batini) yol
Aşağıdakı məsələlərə yaxşı diqqət edin:
A)Alimlər deyirlər: Təbəqə və irqindən asılı olmayaraq istədiyiniz hər hansı bir insanı nəzərinizdə tutun. Əgər onu azad və müstəqil buraxsalar və heç bir təlim keçməsələr, hətta möminlər və materilistlərin nəzəriyyəsindən də ona heç nə deməsələr, o şəxs öz- özünə təbiətdən (maddi dünyadan) üstün olan və bütün dünyaya hakim olan bir varlığa inanacaqdır. O, öz ürəyinin guşələrindən incə, məhəbbətlə dolu, eyni zamanda möhkəm bir nida (haqq nidası) hiss edəcəkdir. Həmin səs və nida onu «Allah» adlandırdığımız böyük elm və qüdrət mənbəyinə dəvət edir. Bu nida insanların pak və fitri nidasıdır.
B)Mümkündür ki, maddi dünyanın və yaşayışın zinətləri o şəxsi özünə cəlb etsin və müvvəqqəti olaraq bu nidanı eşitməkdən qafil olsun. Lakin, elə ki, təbii fəlakətlər (sel, zəlzələ, tufan, havada təyyarə ilə uçarkən havanın dəyişməsi və s.) ona üz verir, elə ki, əli hər tərəfdən üzülür və heç bir ümid yeri qalmır, o zaman həmin nida onun daxilində qüvvətlənir. Hiss edir ki, batinində bir qüdrət və varlıq onu özünə dəvət edir. Bu qüdrət bütün qüdrətlərdən üstündür. Bu qüdrətin vasitəsi ilə bütün çətinliklər asan olaraq aradan qaldıralacaqdır.
Çox az insan tapılar ki, çətinliklərlə üzləşdikdə Allahı yadına salmasın. Özündən asılı olmayaraq Allah onun fikrinə gələcək. Bununla da məlum olur ki, həm o bizə, həm də biz ona həddən artıq yaxınıq. O, bizim can və ruhumuzdadır.
Düzdür, bu haqq nidası həmişə insanlarda səslənir, lakin çətinliklər zamanı daha da qüvvətlənir.
C) Tarix bizə göstərir ki, iqtidarda olan, günlərini rahatlıqla kecirən və Allahın adını dilə gətirməkdən belə imtina edənlər iqtidarları əldən gedən zaman onun ətəyindən yapışır və haqq nidasını aydıncasına eşidirlər.
Tarix bizə göstərir ki, Firon suda qərq olan zaman fəryad edərək deyir: «İndi etiraf edirəm ki, Musanın (ə) allahından başqa məbud yoxdur.» ( Yunis,90). İnsan həyatında böyük rol oynayan və Fironun gəlir mənbəyinə çevrilmiş su (Nil cayı) indi onun ölüm hökmünü icra edir. Firon bu cür vəziyyətdə bir necə kiçik ləpənin əlində aciz qalıb əli hər yerdən üzülmüşdür. Bu nida onun fitrətindən səslənən bir nidadır. Təkcə Firon yox, bəlkə də bütün insanlar belə çıxılmaz vəziyyətdə bu nidanı eşidir və Allaha pənah gətirirlər.
D)Siz özünüz nə vaxt qəlbinizə nəzər salsanız, görəcəksiniz ki, ürəyinizdə həmişə bir nur parlayır və sizi Allaha tərəf dəvət edir. Ola bilər, siz dəfələrlə çıxılmaz vəziyyətə düşmüsünüz və əliniz hər yerdən üzülmüşdür. O vaxt mütləq sizin fikrinizə gəlib ki, bu dünyada yenilməz bir qüdrət var. Yalnız o qüdrət məni bu çətinlikdən qurtara bilər. Bu zaman siz həmin qüdrətə ümid və eşq bağlayaraq öz məyusluğunuzu yaddan çıxarmısınız. Bu yol Allahı tanımaq üçün ən yaxın olan yoldur. Bu yolun sayəsində hər bir insan Allahı tanıya bilər.
Bir sual
Ola bilər, siz müəllifi belə bir sual qarşısında qoyasınız: Biz mühitin və ata- ananın təlim tərbiyəsindən aldığımız təsirin nəticəsində bu fikrə gəlib Allahın dərgahına üz tuturuq. Deməli, bu bizim öz daxilimizdən olan yol deyil. Bunu yuxarıda deyilənlərə necə uyğunlaşdıraq? 
Doğrudan da, sizin belə bir sual verməyə haqqınız var. Bu sualın cavabını gələn dərsdə verəcəyik (inşaallah).
Quran bu barədə buyurur:
«Fəiza rəkibu fil fulki dəəvullahə muxlisinə ləhuddinə fələmma nəccahum iləl- bərra iza hum yuşrikun.» Müşriklər gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub, dində ixlas sahibi olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.» (Ənkəbut, 65).

 

0 şərh