Bəşər övladına verilən iztirablar

Bütün bəşəriyyət kef-ləzzət və ağrı-acı qanununa məhkumdur. İnsanlar dünya əziyyətləri və iztirablarından elə zəifləyə bilərlər ki, nankorluq dərəcəsinə  belə çatarlar. Bəzən də nemət və mənfəətlərin çoxluğundan  asi olarlar. Mömin bəndə isə nə qədər zəifləsə də, bəlalara düçar olsa da nankorluq etməz, nemətlərin çoxluğundan da yolunu azmaz. Mömin bəndə ömrü boyu imtahanların bitməyəcəyini bilməlidir.

Allah təala onun imanını və Rəbbinə olan sevgisini həm naz-nemət, həm də müsibət imtahanları ilə sınağa çəkir. Hər şeyi bizə verən Rəbbimizi sevərək Onun sınaqlarından keçməyimiz həyatımızı imansızların həyatından  fərqləndirir.Ağrı və acılar, insanın zəifliyini üzə çıxarır, mömin isə ağıllıdır, o Rəbbinin qapısına üz tutur və Ondan məlhəm diləyir və bilir ki, Allahın mərhəməti sonsuzdur.
Doğrudan da mömin bəndə ürəyindən keçən hər bir istəyin Allaha bəlli olduğunu bildiyi təqdirdə bəs nə üçün  Ona üz tutmadan əvvəl başqalarına ağız açır, başqa yollar axtarır?!
Zərrəcikdən tutmuş Yer kürəsinə qədər bizə məlum olan hər şey  Allahın izni ilə hərəkət edir. Mömin həyatında baş verən hər şeyin Allahın təqdiri ilə olduğunu daim xatırlamalıdır. Ona görə də olanlara həm şükr, həm həmd, həm səbir,  həm də təvəkkül etməlidir.
Bəlalar çoxaldıqca, müsibətlər ağırlaşdıqca mömin də Allaha duasını çoxaltmalıdır. Ona daha çox yalvarmalı, acizliyini bacardıqca daha qabarıq göstərməlidir. Peyğəmbərimiz də (s) başına gələcək şeylərdən və bəlalardan qorxduğu zaman  müəyyən duaları edərdi, məsələn, "Allahın qəzəbindən (Onun) mükəmməl sözlərinə sığınıram",  "Allahın yaratdıqlarının şərindən (Onun) mükəmməl sözlərinə sığınıram", "Onun qullarının şərrindən, şeytanların vəsvəsəsindən və mənə yaxın gəlmələrindən Allaha sığınıram".
Eyni zamanda Rəsulullah (s) bu kimi duaları səhabələrinə də öyrədərdi. Zeyd ibn Sabit (r) rəvayət edir ki, "Gecələr yata bilmədiyimdən Peyğəmbərə (s) şikayət etdim.  Buyurdu: "De ki, "Allahım, ulduzlar üzə çıxdılar (səmanı bürüdülər), gözlər yumuldu və sakitləşdi, Sən isə əbədi, əzəlisən ( Həyy və Qəyyum), səni nə yuxu, nə də mürgü bürüməz. Ey Həyy, ey Qəyyum, gecəmi sakitləşdir və gözlərimə yuxu ver!". Mən bunları dedim və Allah təala mənim başıma gələn bu əziyyəti yox etdi".
İnsan hətta yuxuya belə möhtacdır, yorulub yerinə girsə belə yatmaya bilir. İnsanlara yuxunu qarşılıqsız bəxş edən, onların ruhunu bir anlıq alan,  batareya kimi onlara yenidən enerji verib canlandıran, sonra ruhlarını geri verib, səhər yenidən həyata buraxan Allah deyilmi?
Peyğəmbər (s) ən ağla gəlməyən şeylərdən, yuxusuzluqdan və sair kimi əziyyət verici işlərdən Allaha güvənməyi bizə öyrədib. Hər şey edən O deyilmi?! Halımızın hər bir anından xəbərdar olan deyilmi?! Eyni zamanda öz lütfü və kərəmi ilə "Məndən istəyin, verim" deyən də Odur!
Bizdən kim əlinə zəmanət alıb ki, həyatı boyu xoş, firavan və əziyyətsiz yaşayacaq?! Allahın ən sevimli bəndəsi, bəşəriyyətin seçilmiş ulduzu və peyğəmbərlərin tacı Məhəmməd (s) belə, elə bəlalara düçar olub ki, ağılsız və səfeh insanlar onun (s) həyatını oxusalar elə bilərlər ki, Allah ona (s) pis insan olduğundan bu qədər işgəncələr verib. Halbuki Məhəmməd (s) kimi şəxsiyyət yer üzünə ayaq basmayıb və basmayacaq da. Çünki başına gələn bəlalar onu insanlığın və bəşəriyyətin kamillik zirvəsinə qədər yüksəltmişdi.
Peyğəmbər (s) uşaqlığında yetim olmuş, nə atasını xatırlamış, nə də anasını doyunca görə bilmişdi. Həyat məktəbinin hikmətlərindən və dərslərindən xəbərsiz idi. Hamının gördüyü kimi lazımi qayğı görməmişdi. Lakin Allah təala ona (s) Öz qayğısını göstərdi, həyatı öyrədib, doğru yola yönəltdi. Çox yoxsul bir həyata başladı. Çobanlıq edərək əziyyətlərə qatlandı, amma üzünün suyunu axıdıb bir kimsəyə əl açmadı. Allah təala onu (s) kasıblıqdan qurtardı.
Uca Rəbb  Öz nemətini  Duha surəsində belə anladır: "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! "
Ən çox sevdiyi həyat yoldaşı Xədicəni (r) itirdi. Oğullarının da vəfatını öz gözləriylə gördü. Sonra sevdiyi Aişəyə (r) bəzi münafiqlər şər ataraq  yalandan ləkələyirlər. Bu daxili əzabla Peyğəmbər bir ay gəzir, nəhayət vəhy gəlir. Onu himayəsinə götürmüş əmisi Əbu Talib iman gətirmədən həyatdan köçür. Əmisinin cəhənnəmdə olacağını bilən Peyğəmbər çox acıyır. Bir tərəfdən, o biri əmisi Əbu Ləhəb onun (s) başına oyunlar gətirir. Əmisi Həmzəni (r) savaşda vəhşicəsinə öldürürlər. Ona (s) iman gətirənləri incidir və yurdlarından qovurlar, sonda Peyğəmbərin (s) özü də Mədinəyə çıxıb gedir. Onlara 2-3 il iqtisadi embarqo tətbiq edirlər. Səhranın ortasında aclıq illəri keçirir. Taif şəhərinə dəvətə gedərkən döyülüb, daşlanıb qan içində qovulur. Peyğəmbərin başına gələn bəlaları saymaqla bitməz. Onun (s) həyatını oxumaq lazımdır. Allah ən sevimli bəndəsini bu qədər sınaqlardan keçirir, lakin Peyğəmbər bircə dəfə də şikayətlənmir, əksinə əlini açıb Allaha "Əgər mənə qəzəbli deyilsənsə, heç nə vecimə deyil" deyir.
Allah təala Peyğəmbərə (s) əl-İnşirah surəsində belə müraciət edir: "(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!) Ağır yükünü səndən götürmədikmi?! (Elə bir yük ki) sənin belini bükürdü. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!"

 

 

0 şərh