Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 89 topik

İbadətlərimizi nə zay edir?

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.
Davamı →

İnsanın təkamül planının mühüm hissəsi

Həzrət Peyğəmbərin (s) pak İtrətinə (ə) qarşı hər birimiz lazımi qədər diqqətliyikmi?Bu sual əbəs yerə verilməmişdir. Məsələ burasındadır ki, Allah Təala bizim Əhli-Beytə (ə) qarşı diqqətsiz ola biləcəyimizi bildiyindən, irəlicədən bizi bu barədə Qurani-Kərimdə xəbərdar etmişdir.
“Əl-Bəqərə” surəsinin 150-ci ayəsinə baxaq.Ayənin işi, ilk baxışda, müsəlmaların qiblə məsələsini həll etməkdir, amma daha geniş anlamda o, Əhli-Beytə (ə) qarşı diqqətli olmaq məsələsini əhatə edir.

Davamı →

Quranda şükür səhnələri

İslam alimləri şükrə belə bir tərif veriblər: Şükür hər nemətin Allahdan gəldiyini bilmək və dil ilə Uca Yaradanı həmd və tərif etməkdir. Eyni zamanda Allahın bəxş etdiyi nemətləri Onun halal buyurduğu yollarda istifadə etmək, Allah-Təalanın əmrlərini yerinə-yetirib, günahlardan çəkinmək və insanların haqq yola gəlməsi üçün çalışmaq, təbliğ-təşviq etmək də şükrün bir növüdür.
Şükür  neməti yox, bu neməti bəxş edəni görməkdir. Bu neməti verəni görmək də xeyirli əməllərlə mümkündür. Bu kimi əməllər qəlb, dil və digər orqanlarla ifa edilir. Qəlbin şükrüyaxşı əməllərə niyyət etməklə, dilin şükrüdaima həmd və şükür etməklə, orqanların şükrü isə onları halal və doğru yollarda istifadə etməklə olur.
Davamı →

Xeyirdəki şər, şərdəki xeyir

Dünya həyatının müvəqqəti və sınaq məqsədli olduğunu əksər insanlar qəbul edirlər. Hər kəs bu keşməkeşli dünya həyatında mütləq sıxıntı və müsibətlərlə qarşılaşmışdır.
Bu çətinliklər bəzən maddi, bəzən də mənəvi olur. Cahil insanlar bu müsibətlərə üsyan edər, Allaha inananlar isə -hər şeyin Allah tərəfindən gəldiyini bilərək- səbir edər. Çünki uca Allah müqqəddəs kitabında belə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 155)
Əlbəttə, müsibətlər qarşısında necə hərəkət edəcəyimizi rəhbərimiz Rəsulullah (s.ə.s) tətbiqi olaraq bizə göstərmişdir. Həmçinin Həzrət Nuhun, Həzrət Musanın, Həzrət İsanın, Həzrət Yəhyanın da qarşılaşdıqları müsibətlər və göstərdikləri səbir bizə məlumdur.
Davamı →

Səbr neməti

“Yalnız (dünyada Allah yolunda çəkilən çətinliklərə) səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir”. (əz-Zümər 10)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Dünya həyatı hər gün yeni oyunlarla, bəlalarla, müsibətlərlə və bunların doğurduğu vicdan rahatsızlığı ilə üzərimizə yürüməkdədir. Belə qeyri-bərabər şəraitdə əməllərimizin ilahi nəzarət sisteminin sağlam aləti olan ədalət tərəzisindəki müvazinətini sabit saxlamaq qulluq sahiblərindən olduqca böyük məharət tələb etməkdədir. Bütün bu çətinliklərə sinə gərməyə müqtədir olan səbir bərəkətini ruhumuza hakim kəsməyə nail olmasaq, bəla və çətinliklərin şiddətli təsiri altında vurnuxan nəfsin əbədi səadətimizə qənim kəsilmiş üsyankar təbiətinə təslimiyyətimiz qaçınılmaz olacaqdır.
Davamı →

Hesaba çəkilmədən

Uca Rəbbimiz kainatı mükəmməl bir nizamla yaratmışdır. Heç bir canlı təsadüfən var olmamışdır. Bütün varlıqların öz nizamı və öz vəzifəsi vardır. Toxumlar, çəyirdəklər, ağaclar, quşlar, heyvanlar, yer və göylər möhtəşəm bir nizam-intizam içində çalışmaqda və öz vəzifələrini layiqincə yerinə yetirməkdədir. Milyonlarla ulduz fəza boşluğunda, öz yollarından heç çıxmadan, bir-birləriylə toqquşmadan hərəkət etməkdədirlər.
İşığında yaşadığımız, istisindən faydalandığımız günəş, hal-hazırda olduğu yerdən dünyaya bir az daha yaxın olsaydı, bütün yer üzü alışıb yanar və buxar halına gələrdi. Əgər bir az daha uzaq olsaydı bütün yer üzü buzla örtülər və heç bir canlı yaşaya bilməzdi.
Davamı →

Cənnət xürfəsi

Dinimizdə ən mühüm və bir o qədər də savab sayılan əməllərdən biri də xəstə olan bir möminə baş çəkməkdir. Allah-Təala özünə aid olan haqlarla bərabər, insan haqlarına qarşı diqqətli davranmağımızı, onların qeydinə qalmağı, ehtiyaclarını qarşılamağı və bu qəbildən əməlləri də əbədi səadətimiz üçün şərt qoşmuşdur. Bu kimi haqlar insanın Rəbbinə qarşı fərz olan ibadətlərindən sonra ikinci dərəcəli haqlardandır.

Belə ki, insan maddi imkanı və zamanı olduğu halda bu haqlara riayət etməzsə, qiyamət günündə Allahın hüzurunda cavab verməli olacaq. Əbu Hüreyrədən (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) belə buyurduğu rəvayət olunur: “Üç xislət var ki, bunların hamısı bir müsəlmanın yerinə yetirməli olduğu vacib haqlardandır: Xəstəyə baş çəkmək, dəfndə iştirak etmək və asqırıb Allaha həmd edən adama “yərhamukəllah” demək.
Davamı →

Merac

Meracın lüğəti mənası «yüksəlmə vasitəsi aləti» deməkdir. Həmin səbəbdən ona mənəvi nərdivan da deyilir. Merac həm də "İsra" adlanır. İsra isə «gecə vaxtı getmək və yola çıxmaq» felinin məsdəridir. Merac Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə oradan da əbədi bir aləmə gedib yenidən geri qayıtmasıdır.

Həzrəti Məhəmmədin Məkkədən Qüdsə aparılması Quran ayəsilə təsbit olunub. «Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbər Əleyhissələmi) bir gecə (Məkkədəki) Məscidülharamdan ətrafını mübarək etdiyimiz Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir» (İsra1). Meracın bu hissəsinə İsra deyilir. Meracın 2-ci hissəsini isə Peyğəmbər(ə)-nin Qüdsdən 7-ci göyə qədərki səyahəti təşkil edir və bunu həz.Məhəmmədin aşağıdakı kəlamları təsdiqləyir.
1) «Merac gecəsi bir tərəfdə gözəl yeməklər süfrəsi digər tərəfdə isə leş gördüm. Camaatın bir qismi halal təamları yox leşi yeyirdi. Cəbrail(ə)-dən soruşdum: „Leş yeyənlər kimlərdir?“. O dedi: „Onlar halal malı var ikən haramı yeyənlərdir“;
Davamı →

Qiyamətin əlamətləri

Hədis alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının olduğunu qeyd ediblər. Məsələn, «On böyük əlamət görünməyincə qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül -ərz; Günəşin Qərbdən doğması; İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya çıxması; Qərb, Şərq və Ərəbistanda yerin batması; Yəməndə bir atəşin peyda olmasıdır».

İslam alimlərindən Suyuti (v.e. 1505) və başqalarına görə qiyamətin əlamətləri iki növdür. Böyük və kiçik. Əmanətə xəyanət, adam öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət və etimadın azlığı, şit və hay-küylü musiqi, haramların çoxalması qiyamətin kiçik əlamətləridir. Çağdaş dünyanın durumuna bu kontekstden qısaca nəzər salsaq aydın olar ki, artıq bəşər kiçik qiyamət durumunda yaşayır. Çünki zinaya qanuni don geydirmək, əmanətə xəyanət, sələmçilik, hətta Allah evlərində terror və təxribat, əsli bilinməyən şit və hay-külü musiqi, ikiüzlülük, haramları halal kimi qəbul etmək, təbiətə qeyri insani münasibət artıq dünyanın adi həyat tərzinə çevrilib.
Davamı →

İrs

Məsələ 2737: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir:
  1. Meyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı getsə, bunlardan hər kəs ki, meyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs aparmazlar.
  2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs ki, meyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs aparmazlar.
  3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyitin əmilərindən, bibilərindən, daylarından və xalalarından biri sağ qalana qədər onların övladı irs aparmazlar. Amma ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu olarsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və ata tərəfindən olan əmisi miras almaz. Yalnız əgər əmi və əmisi oğlanları bir neçə nəfərdən çox olsa yaxud da meyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir.

Davamı →