Kəbin Rəbb möhürüdür

kəbin«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun» (Nisə,1). Ayədən göründüyü kimi, kiçik kainat olan bəşər" torpaqdan yaradılan Adəm(ə) və onun qabırğasından xəlq edilən Həvva anamızdan törənib. Yaratmaq, xəlq etmək Allahın sifətlərindən biri olsa da, fəqət O, sonrakı mərhələdə bəşər artımı üçün valideynləri bir vəsilə və alət edib.

Elə insana verilən şəhvət hissi də həmin vəzifəyə — nəslin çoxalmasına xidmət edir. «Mən tanınmaq, həmd-səna edilmək üçün insanları yaratdım» Rəbb kəlamını şərh edən Peyğəmbər(ə) buyurub: «Evlənin, çoxalın. Mən sizin çoxluğunuzla fəxr edirəm». Evlənib çoxalmanın ən halalı isə Rəbbin kəlamlarına söykənən qanunlara müvafiq nikahdır.

Nikah
Nikah qadın və kişinin bir-biri və övladları qarşısında hüquq və vəzifələrini müəyyən edən, tarixən şərti olaraq cəmiyyət tərəfindən idarə və tənzim olunan münasibət formasıdır. Qarşılıqlı məhəbbətlə ər-arvadlıq, valideynlik borcu, bir-birinə hörmət, yardım və s. mənəvi amillər nikahın möhkəm və daimi olmasına kömək edir. Şəriət baxımından isə nikah evlənmək üçün əhdləşmə, yəni müsəlman qadın və kişinin şahidlər hüzurunda ailə qurmaları barədə sözləşməsidir. Anlaşma, razılaşma mənalarını verən əqd nikah, hədiyyə, vəsiyyət, alış-veriş kimi işlərdə tərəflərdən birinin təklifinin digər tərəfin qəbulu ilə gerçəkləşən sözləşmədir. «Halal olan qadınlarla evlənin» (Nisə,3) Rəbb kəlamına görə, nikahsız evlənmək haramdır. Nikahdan öncə qızı görmək isə sünnətdir. «Dul bir qadın özünün razılığı olmadan və bakirə bir qız da ondan izn alınmadıqca nikah olmaz» (Müslim, Nigah: 41,64).

«Qadınlarınızın mehirlərini könül xoşluğu ilə verin» (Nisə,4); «Qadınlara zorla varis çıxmaq sizə halal deyil… Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar» (Nisə, 19, 21). Ayələrdən göründüyü kimi, nikahda mehr vacib elementlərdən biridir. Mehr kişinin evlənəcək qadına verəcəyi və qadının öz haqqı olan maddi dəyərdir. «Mehr verməmək niyyətilə nikah bağlayan şəxs, qiyamət günü oğrularla birlikdə həşr ediləcək». "Ən bərəkətli qadın mehri az olandır" Peyğəmbər(ə) kəlamlarıdır. İslamda mehr evlənmək üçün yox, ailənin düzənli, xoşbəxt olması, qadının haqq və hürriyyətinin qorunması, dinin cahil kişinin əlində oyuncağa çevrilməməsi üçündür. Yeri gəlmişkən, Azərbaycan Respublikasında kəsilən kəbin zamanı kişidən evləndiyi qadın üçün 150-200 manat miqdarında mehr vədi alınır və bu miqdar kəbin kağızında qeyd olunur.

Təklif və mükəlləf
Təklifin lüğəti mənası hər hansı şəxsə bir şeyi məcburən etdirməkdir. İslama görə isə təklif, insandan Allahın əmrlərini icra etmək, Onun yasaqlarından qaçmasını tələb etməkdir. Rəbbin əmr və qadağalarını, dini ibadətləri yerinə yetirməkdə vəzifəli olan şəxslərə də mükəlləf deyilir. Bu əmrlərin yerinə yetirilməsi yaşadığımız fani dünyada olduğu üçün, ona «dari təklif», yəni təklif yeri, məkanı da deyilir. İnsanın mükəlləf olması üçün üç şərt vacibdir: O, müsəlman, ağıl sahibi və baliğ olmalıdır. Ağıl sahibi olmaq, fərdin nə etdiyini bilməsi, yaxşı və pisi ayırd etməsi deməkdir. Baliğ olmaq isə, uşaqlıq yaşından çıxıb hədd-büluğa çatmaq, cinsi duyğu və hisslərin təşəkkül tapması yaşıdır. Əksər İslam alimlərinə görə, büluğ çağı qızlarda 9-15, oğlanlarda 12-15 yaş həddindədir. Bəzi məzhəblərə görə, bu yaş qızlarda 17, oğlanlarda isə 18-dir. Lakin bu yaş sərhədləri o demək deyil ki, qız və ya oğlan həmin həddə çatan kimi evlənməlidir. Bu yaş sadəcə, həddi-büluğa çatma yaşıdır. Quranda dəqiq evlənmək yaşının göstərilməməsi də bunu sübut edir. Təsadüfi deyil ki, bəşəriyyətin iftixar tablosu Məhəmməd(ə) qızlarının 4-nü də 17-18 yaşından sonra ərə verib. O ki qaldı Peyğəmbər(ə)-nin həz. Aişə 9 yaşında olarkən onunla evlənməsinə, bu, bir yanlışlıqdır. Çünki həz. Əbu Bəkr (Aişənin atası) irsini öyrənən tədqiqatçıların hamısı birmənalı olaraq, təsdiq ediblər ki, o vaxt həz.Aişənin ən azı 17 yaşı olub.

Kəbin qadınla kişini bir-birinə halal edən Rəbb möhürüdür
"İçinizdəki ərsiz qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanları bir-birilə evləndirin" (Nur 32) Rəbb əmridir. Bu, nəslin artması üçün ən halal yoldur. Soyun davamı və tərbiyəsi, nəslin şərəf və ləyaqəti, mirasın bölünməsi, millətin başucalığı və birliyi, bayraq və ailənin bakirəliyi, valideynin övlad, övladın isə valideyn qarşısındakı borcu, sədaqət və əhd-peyman qaynaqları yalnız bu rəmzdə təşəkkül tapır. Kəbinsiz cəmiyyət bir sürü heyvandan başqa bir şey olmadığı kimi (bəzi heyvanlar istisna olmaqla), «xoşbəxt o atadır ki, qızı heyzini ər evində görsün» prinsipinə uyğun qızları 9-13 yaşında ərə vermək də millətin cırlaşması, cəmiyyətin fəlakəti, qadının istismarı, xurafat və cahilliyin bir formasıdır.

Təəssüf ki, Rəbbin qiyamət əmrini "öz əməlilə tezləşdirən" çağdaş dünya və onun bir parçası Azərbaycan da belə iyrənc, çirkin münkərlərdən xali deyil. Və güman etmək olar ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mollaları attestasiya etmək barədə qərarı, bu sahədə də özbaşınalığa qarşı təsirli sədd olacaqdır. QMİ nümayəndəsinin: «Biz dünyəvi dövlətdə yaşayırıq və din adamı, həm də bir vətəndaş olaraq, onun qanunlarına hörmət etməyə borcluyuq… Odur ki, kəbin kəsdirməyə gələnlərdən rəsmi dövlət nikahını təsdiq edən müvafiq sənəd tələb edirik və bunu kəbinkəsmə səlahiyyəti verdiyimiz bütün əməkdaşlarımıza vacib etmişik» bəyanatına, biz də xeyir-duamızı verib, bu müqəddəs işin felən icrasına inanmaq istəyirik.

Bir ayənin iki təfsiri
"(Cihad vaxtı əsir alaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı ilə sizə (haram edildi). Bunlardan başqaları ilə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz" (Nisə 24). İslamın sünni cərəyanı bu ayənin «istifadə etdiyiniz» sözünü daimi nikaha işarə etdiyini qəbul edib, mütə (siğə) nigahını haram sayır. Şiə məzhəbinin üləmaları isə həmin sözün siğəyə aid olduğunu təsdiqləyən iman Cəfəri Sadiqin təliminə istinad edərək, məlum ayəni müvəqqəti nikahla əlaqələndirirlər. Şiə alimlərindən ayətulləh Kəşiful-Quma (v.e.1954), imam Xomeyni (v.e.1989), şiə aləminin mərcəi-təqlidi ayətulləh Fazil Lənkəranı (anadan olub 1931) və başqaları hesab edirlər ki, bu kəbin növü Peyğəmbər(ə) dövründə halal bilinib, fəqət o, sonradan həz.Ömər tərəfindən qadağan edilib. Onlara görə, həz.Ömər xəlifəliyi dövründə siğənin bəzi qarışıqlara səbəb olduğunu görüb və onu zamanın tələbinə uyğun olaraq, öz rəyi əsasında ləğv edib. Bunun təsdiqi kimi onlar, həm də: "əgər mütəni Ömər nəhy etməsəydi, ancaq çox pis və ölümünə razı olan kişilər zina edərdi" ifadəsinin həz.Əliyə məxsus olduğunu deyirlər. Yəni həz.Ömər siğəni ləğv etməsəydi, zinanın qarşısı alınar və yalnız ölümünə razı olan pis kişilər zina edərdi. Sünni alimləri isə digər mənbələrə istinadən, siğənin həz.Peyğəmbər tərəfindən qadağan olunduğunu qəbul edirlər. Məs., «Səhihi Müslimə görə, Peyğəmbər(ə) buyurub: „Ey müsəlmanlar! qadınlar ilə mütə nikahı bağlamağınıza icazə vermişdim. Lakin indi onu Allah haram etdi“ (Hədisi Müslim, İbni Mace).

Ümumiyyətlə, siğənin kim tərəfindən ləğvi məsələsi, bu barədə rəvayətlərin çoxluğu, onların 1300 ildir ki, bir-birini təkzib etməsi və digər faktorlar bu gün birmənalı fikir söyləməyə imkan vermədiyi üçün, biz də „doğrusunu Allah və Onun Rəsulu bilir“ deyib, bununla kifayətlənərdik. Lakin… Belə ki, Quranın Azərbaycan dilində ilk tərcüməsində (Quran, Bakı, 1992, Z.Bünyadov və V.Məmmədəliyev) məlum ayənin (Nisə 24) „istifadə etdiyiniz“ sözünə heç bir açıqlama verilmədiyi halda, müqəddəs Kitabın 2004-cü il nəşrində həmin ifadə belə verilib: „İstifadə (mütə) etdiyiniz...“ Görəsən Kitabın həm tərcüməçilərindən biri, həm də qeyd və şərtlərin şəriksiz müəllifi mərhum akademik Ziya Bünyadov sağ olsa idi, bu şərhə — yəni mötərizədəki „mütə“ sözünə ehtiyac duyardımı?!

Siğənin mahiyyəti
Siğənin zina və bicliyin qarşısını aldığını, nəslin çoxalmasına xidmət etdiyini deyən şiə cərəyanı həmin müvəqqəti nikahın həm də körpələrin küçələrə atılmasına, insanlarını içki və digər haramlara qurşanmasına imkan verməyən halal bir iş kimi qəbul edirlər. Beləliklə, sünnilərdən fərqli olaraq şiə cərəyanına görə, nikah daimi və müvəqqətidir (siğə). Şiə Mərcəi-Təqlidi F.Lənkəraniyə görə (bax: „Tovzihul-Məsail“, Qum, 1998), „qeyri-daimi əqd odur ki, onda evlənmənin müddəti müəyyən olunsun. Məs., qadını bir saatlığa, bir günlüyə, bir aylığa və s.müddətə almaq olar (səh. 422). Əgər qadın və kişinin özü qeyri-daimi siğə əqdini oxumaq istəsələr, müddəti və mehriyyəsi müəyyən olunduqdan sonra qadın “özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim», kişi isə «bu izdivacı qəbul etdim» desə, əqd səhihdir (Məsələ 2437). Siğə olunan qadın, hətta hamilə olsa da, onun xərcliyi ərindən almaq haqqı yoxdur. Siğə olunan qadının əri ilə bir yerdə yatmaq (yaşamaq) haqqı yoxdur. O ərindən, əri də ondan irs aparmır" (məsələ 2492, 2493).

Daimi nikah ilə siğə arasında fərqlərdən biri də, odur ki, daimi nikahda proses nikah kəsənin və şahidlərin iştirakı ilə olur. Siğədə isə şahidlərin olması vacib deyil. Kişi və qadın kəbinlərini özləri də kəsə bilər. Siğənin halallığının tərəfdarları, həm də kişinin səfərdə olub, şəhvət hisslərini öldürməsilə izah edirlər. Halbuki, kişi həm «yorğanına baxıb ayağını uzatmalı» (4-ə qədər arvad ala bilər), həm də ifrat şəhvətini oruc və digər vaciblərlə nizamlamalıdır. Əgər özünü mömin adlandıran kişi hamilə qadına və ondan əmələ gələn övladına kömək etməyəcəksə, onun hərəkətini insafi, insani və nəhayət islami saymaq olarmı?

Siğə ilə zina razılığı olan «filan qədər versəm, siz bu işə, bu müddətə razısınızmı» ifadəsinin mahiyyətcə nə fərqi var? Əgər bir qadın bir gün ərzində beş kişinin hər birilə bir saatlıq siğədə olarsa, doğulacaq «bin əbihlər» kimin soyadını daşıyacaq? Belə ki, səhabə dövründə atasının adı bilinmədiyi üçün İbni Abbasın (619-687) naibi Ziyada bin-Əbih, yəni «atasının oğlu» deyilirdi. Həmin dövrdə Əmr bin As Nəbiğə adlı qadından doğulmuşdu. Bu qadın bir gecədə Əbu Ləhəb, Uməyyə, Əbu Süfyan və As bin Vaillə görüşüb, nəticədə bir oğlan doğdu. Uşaq doğulandan sonra həmin kişilərin hər biri: «Bu mənim oğlumdur»-deyib. Nəbiğədən soruşularkən o cavab verib ki: «As yardım etdi». Əbu Süfyan isə buna razı olmayıb, ölənə qədər israrla deyirdi: «Onu anasının rəhminə mən salmışam» (acınacaqlısı odur ki, indiki bəzi «kişilər» nəinki siğədən, hətta daimi və qanuni nikahdan əmələ gələn övladlarından imtina edirlər).

Azərbaycan, əhalisinin 95 faizi müsəlman olan dünyəvi dövlətdir. Dünyəvi dövlətdə isə, kəbin də daxil olmaqla, ailə və cəmiyyətin durumunu təmin edən bütün işlər dünyəvi qanunlarla tənzimlənməlidir. Təəssüf ki, siğə adlanan və tarixən şübhə, ziddiyyətlərlə dolu olan həmin kəbin növü bu gün də kəsilməkdədir. Əgər daimi kəbini kəsən dini qurumlar (və ya axund və mollalar) vətəndaşlardan dövlət nikahı barədə sənəd tələb edirlərsə (və ya edəcəklərsə), siğəni qanuniləşdirən həmin qurumlar hansı dünyəvi əsasa (sənədə) görə siğə kəbinini kəsib, onu qanuniləşdirirlər? Kim zəmanət verir ki, dövlət nəzarətində olmayan bu kəbin növü din pərdəsi arxasında zinadan başqa bir şey deyil? Bəs, məzhəb təəssübkeşliyinə aludə olub, mövzunu birtərəfli — məzhəb arqumentlərilə TV-lərdə şərh edib, ona haqq qazandırmağa nə ad vermək olar?! Bin əblihliyə bəraətmi?!

Və bir də… Müsəlman üçün yataq otağı ailə və millət namusunun məbədi kimi çox müqəddəsdir. Çünki soy orada mayalanır və orada inkişaf edir. Həmin səbəbdən, o sehrli guşə hər kəsə açılmaz. Ora nəinki kənar şəxs, hətta digər ailə üzvləri də istədikləri zaman girə bilməzlər.

Əgər namuslu bir adamı həmin guşəyə aparsalar belə, o, aldığı tərbiyə nəticəsində orada yata bilməz və Yusif(ə) peyğəmbər kimi köynəyi arxadan cırılar… Çünki başqasının ora müdaxilə etməsi zinadan başqa bir şey deyil. Unutmamalı ki, «uşaq yatağa aiddir, zina edənə isə daş» Peyğəmbər (ə) kəlamıdır.

Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 29 noyabr.- S. 12.

0 şərh