Qəlblərimiz nə haldadır

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”.(ər-Rad, 28)
Aləmlərin Rəbbi olan Allaha şükürlər, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İnsan, haqqı olan qurtuluş istəklərinə biganə münasibəti ilə əbədi səadət sərmayəsini dünyanın  qəflət dəyirmanında üyüdərək heçə çıxartma təhlükəsi ilə qarşı-qarşıyadır. Bəs insan övladı onu gözləyən bu fəlakətin fərqindədirmi? İlahi muradın kainatı idarə edən rəhmət əsintilərinə qarşı etinasız olan, qəlbi əbədi həqiqətlərə qarşı buz bağlayan insan övladı, təbiidir ki, bu durumda çox acizdir. Həyata mənəvi diriliş rəngləri qatan, Yaradana qarşı sevgi və mərhəmət hissi ilə dolub-daşan qəlblərin Allaha təzim bərəkəti ilə zənginləşmədən, bu sevgi axınının nuru ilə mənən qidalanmadan qəflət dəyirmanının gəl-gəl deyən cəhənnəm tələsindən qurtulması, haradasa mümkünsüz görünməkdədir. Bədənimizin hər bir zərrəsini, qəlbimizi, ruhumuzu bürümüş mənəvi iflas yarasını bizlərə əta edilən hər bir nemətin bənzərsiz sahibinə doğru məhəbbət telləri ilə bağlanmış qurtuluş rəhbərlərinə can-könüldən bağlanmaqla müalicə edə bilərik. Dünyanın ən böyük sirri olan insan övladını mənliyinə qənim kəsilməyə çalışan mənəviyyatsızlıq bəlasından xilas olmağa çağıran Mövlana həzrətləri belə buyurur:
“Bu dünyadakı ən böyük sirr insandır. Bu səbəblə də onun var olma sirrini aşkar etmək üçün qəflətini silib-süpürəcək eşq atəşinə ehtiyac vardır. İnsan təbiətindəki ağılçatmaz gizlilikləri ortaya çıxartmaq  üçün dərin bir məhəbbət və çox yoğun bir çalışma lazımdır”.
Haqqı dünya məşğələləri ilə əhatələnmiş və bu səbəbdən də paslanmış bir qəlblə sevmək mümkün deyil. Haqqa gedən yolda səmimi bir Allah (c.c) sevgisinin nələrə qadir olduğunu Rəbbimizə təslimiyyət ölçüləri fərqli olan qəlblərə naxış-naxış dolğun bir mənəviyyat ikramı olaraq təqdim edən Musa Topbaş əfəndi belə buyurur:
“Haqq-Təalanın vermiş olduğu ən böyük nemət sevməkdir. Haqqı sevmək, Rəsulullahı (s.ə.s) sevmək, Allah dostlarını sevmək, möminləri sevmək, heyvanatı sevmək, sevmək… sevmək… Yəni sevmək bu şəkildə sıra ilə bir-birini təqib edər. Allah-Təala sevdiyi, əziz etməyi murad etdiyi bir qulunun qəlbinə Öz sevgisini qoyar. O qul bir qulluq vəzifəsi olaraq bunu qədir-qiymətini bilib hüsn-rəğbətlə tam bir ixlas üzrə təslimiyyət yolunu tutaraq qulluğun tələblərini olduğu kimi ifa edərsə, pərdələr açılmağa başlayar. Asanlıqla Rəbbi ilə ünsiyyət halı təcəlli edər. Bu şəkildə axtardığını asanlıqla tapmış olar. Bu da Rəbbimizin qullarına müstəsna bir iltifatıdır”.
Nəcməddin Kübra həzrətləri böyük bir vəli və Allah dostu idi. Onun bu halına etinasız yanaşan oğlu isə bir qəflət içində idi. Kübra həzrətlərinin xanımı övladının bu halına çox üzülür və Kübra həzrətlərinə yalvararaq bunları söyləyir: “Hər kəsə faydan toxunmaqdadır. Bu oğluna da bir əlac eylə, bizi rəzil edir”. Kübra həzrətləri bir az düşündükdən sonra bunları söyləyir: “Oğluma de, bu gecə gəlib bağçadakı ağacın altına otursun”. Anasının israrla edilən xahişini geri çevirməyən oğul gecə yarısı gəlib ağacın altına oturur. Lakin səbirsizliyi (daha doğrusu təslimiyyətsizliyi) ucbatından sıxılaraq az sonra oranı tərk edir. Onun qalxdığı yerə isə gəlib bir köpək oturur. Oğlunun orada oturduğunu zənn edən Kübra həzrətləri gecənin yarısında sevgi və məhəbbət dolu diləkləri ilə ağacın altına doğru nəzər edir. Mübarəkin nəzəri ilə cuşa gələn köpək içi yanaraq ağlar bir halda oradan uzaqlaşır. Həmin andan etibarən o şəhərin bütün köpəkləri onun ardına düşür. O yürüdükcə yürüyən, durduqca da duran köpək sürüləri qəlbi eşq atəşi ilə qovrulan bu köpəyə qarşı inanılmaz bir təzim ədəbi nümayiş etdirməyə başlayır. Hadisədən 3 gün sonra ölən həmin köpəyin xəbərini alan Nəcməddin Kübra həzrətləri bunları söyləyir: “O köpəyin ölüsünü dəfn edin. Allah-Təalanın eşq-məhəbbəti onun içini yandırdı, ona görə də dözməyib öldü”.
Bu həyat hekayəsi Haqqa təslimiyyət ilə təslimiyyətsizlik arasında fərqi necə də gözəl izah etməkdədir. Bəs bizim qəlblərimiz nə haldadır? Həyatın ağır sınaqlarına qarşı davam gətirəcək qəlbi təslimiyyətimiz varmı?  O halda Abdulqadir Gilani həzrətlərinin qəlb mühasibəsi ilə gəlin qəlblərimizin hansı halda olduğunu aydınlaşdırmağa tələsək: “Tövhid qəlbdədir! Bu tövhidi bizi xilas edəcək dərəcədə qəlbimizə yerləşdirmişikmi? Təqva qəlbdədir! Qəlbimiz təqvanın bərəkət saçdığı yuva halına gəlmişdirmi? Mərifət qəlbdədir! Allahı tanıma və Ona qul olma mərifəti doğrudanmı qəlblərimizi nuru ilə əhatələmişdir? Haqqı bilmək qəlbdədir! Haqqı qəlbimizlə nə qədər bilməkdəyik? Allah sevgisi və Haqq yaxınlığı qəlbdədir! Bunun belə olduğunu əməli yaşantımızla təsdiqləyə bilmişikmi?”
Rəbbimiz hər halımızda rəhməti ilə əbədi yardımçımız olsun. Amin.

Mənbə: irfandergisi.com
 

0 şərh