İnsanın ən köklü qorxusunun həlli yolu

“Səhifeyi-Səccadiyyə”nin 5-ci duasında İmam Səccad (ə) özü və dostları haqqında dua edir. Bu duanın da özəlliyi özündə çox mühüm mövzuları lətif şəkildə saxlamaq və onu ən gözəl bəyan ilə çatdırmaqdadır.
“Başqalarından ayrılmaq qorxusunu özünə birləşməklə kifayət et ki, Sənin ehsan etməyini başqalarından istəməyək və Sənin bəxşişinlə heç kəsdən qorxmayaq”.
İnsanlar elə tərzdə xəlq edilib ki, mütləq şəkildə kiminsə yardımına ehtiyac duyar. Bəzən insanlar bu ehtiyacı o dərəcəyə çatdırarlar ki, mövcudiyyətlərini kənar mövzuların varlığına bağlayarlar. Təbii ki, bu durumda insanlar həmin şəxslərdən ayrılmaqlarını fəlakət və ya hər şeyin əldən çıxması kimi dəyərləndirər. İnsanın ən köklü qorxusunun həlli yolu
Yaşadığımız çağdaş dünyamızda bəzən asılılıqların çoxu qloballaşma adı altında bu səviyyəyə çatdırlıb. İmam Səccad (ə) isə duanın “Başqalarından ayrılmaq qorxusunu özünə birləşməklə kifayət et” parçasında bu durumdan qurtulmaq üçün ən gözəl resept verərək, bizim ayılmağımızı istəyir.
İmam (ə) eyni zamanda qeyd edilən durumun əsil həqiqətin – ehsanların hamsının əsil səbəbkarının Uca Rəbbimizin olması həqiqətinin unudulması üçün əsas olduğuna işarə edir. Biz sahib olduğumız nemətlərin əsil sahibini unutmasaq, bir çox səbəblərin gəlib-gedici olduğunu anlayarıq.
Belə olan halda heç bir keçici səbəbdən ayrı düşməyimiz bizi narahat etməz və daxili aramlığımızı əldən vermərik. Daxili aramlığımızın qorunması isə günümüzdə ən çox ehtiyac duyduğumuz bir mövzudur.
Əziz İmam (ə) bu 3 cümlədə insanın ən ciddi qorxularından birini tanıtmağa çalışır. İnsanın ən köklü qorxusu – ehtiyacını ödəyə bilməmək qorxusudur. Qeyd edilən 3 cümləlik hissədə İmam (ə) 2 dəfə bu mövzuya toxunur. Eyni zamanda insanın bu qorxularına qalib gəlmək üçün yolu da qeyd edilir. İnsanın ehtiyacından yarana biləcək qorxusu Ona birləşmək və onun bəxşişinə etimad etməklə aradan qalxa bilər.
Qeyd edə bilərik ki, zatən iman etmiş şəxslərin durumu budur. Amma bilmək lazımdır ki, nəzəri olaraq bu mövzunu qəbul etmək – hələ qəlbən iman gətirmək anlamına gələ bilməz.
Allah Təala bizə ehtiyac üzündən yaratdığımız qorxuları, Onun lütfü ilə aradan qaldırmaq tofiqatı əta etsin.



Müəllif: Mətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

0 şərh