Yəqinlik nurunun bir şüası

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Şaban ayı artıq daxil olmuşdur. Bu ayda Allah Təala insan üçün tövbə, bagışlanma diləmə, ruhi zənginlik əldə etmə üçün fövqəladə fürsətlər təqdim etmişdir.Bu nemətlərdən bəhrələnməyi Uca Allah bütün iman əhlinə qismət etsin, inşəallah!
Zəkat – dinin şaxəsidir
Ötən bəhslərimizdə biz dinin salamat və möhkəm ağacla müqayisəsinə toxunduq. Və qeyd etdik ki, bu ağacın kökləri – imandır, eləcə də kök möhkəmliyinin ağacın yenilməzliyinə olan təsirinə toxunduq. Bu bənzətməyə əsəsən bildirildi ki, insanda iman nə qədər güclü olarsa, onun dini də bir o qədər yenilməz olar. Ağacı sındırmağa, yandırmağa cəhd edə bilərlər, hətta zahiri görüntüsünü də belə aradan apara bilərlər, amma azacıq işıq yeri olan kimi, o, yenidən cücərəcəkdir. Necə ki, Sovet dönəmində İslamı aradan aparmaq üçün böyük səylər edildi, amma Allahın lütfü ilə iman nurunu aradan apara bilmədilər.
Yəqinlik nurunun bir şüası
Bundan əlavə, din ağacı ilə bağlı bir çox xüsusiyyətlər açıqlandı və o cümlədən qeyd edildi ki, dinin şaxələri, budaqları – zəkatdır. Zəkat, o cümlədən, imanın təzahürü kimi qiymətləndirilir. Zəkatda «qürbətən iləllah» — «Allaha yaxınlaşmaq üçün» şərti mühümdür. Özünüreklam və bu kimi nəfsani istəklərin realizəsi üçün deyil – fəqət Aləmlərin Rəbbinin həqiqətdə razılığını əldə etmək üçün verilən zəkatdan söhbət gedir.
Zəkat vermək həm asandır, həm də çətin. İnsanın ona məxsus olan şeyi təmənnasız digərinə verməsi – özü-özlüyündə çətin bir məsələdir, müəyyən ruhi durum tələb edən məsələdir. Amma əgər insan Allaha bağlı olarsa, bunu etmək onun üçün əslində çox rahat bir mövzudur.
Zəkat – imanın təzahürüdür
Bugünkü bəhsdə biz zəkatın daha geniş mənasına toxunacağıq. Söhbət tək şəriətdə göstərilmiş vacib əməl olan zəkatdan getmir. Ümumi halda insanın ona verilmiş nemətlərdən bir qisminin digərlərinə təmənnasız verməsi məsələsinə diqqət yetiriləcək.
Zəkat – insana məxsus olan bir şeyin özündən ayırıb digərinin xeyrinə özgəninkiləşdirməkdir. Burada zəruri və kafi şərt – verilən şeyin halal mənşəiliyidir, qəsbi olmamasıdır. Camaatın haqqını qəsb edib, onun bir hissəsini paylamaq heç cür zəkat adlana bilməz və bunun zəkat məsələsinə və səxavətliliyə heç bir aidiyyəti yoxdur.
Gerçək imanı olan insan özünə aid olan hər bir şeyi, hətta öz varlığını belə Allaha məxsus bilir. Özü də sözdə yox, həqiqətən etiqadı var ki, hər şey Allahdandır və Allaha qayıdacaqdır. Əql sahibi anlayır ki, onu xəlq edən də Allahdır, ona qəyyumluq edən, Rəbblik edən, hər an varlıq verən də Allahdır. Və anlayır ki, bir an varlıq almasa, yox olar. Anlayır ki, mövcudiyyəti Allahdandır.
Həqiqi mömin, Malikin buyurduqlarına, tövsiyələrinə riayət edər. Bilər ki, əlində olan hər bir şeyi – malı, dövləti, sağlamlığı, əqli, zəkası – ona əmanət olaraq verilən nemətdir. Və əmanəti, onun həqiqi və gerçək sahibinin məsləhət gördüyü yerlərə sərf etməyin, o deyən istiqamətlərə yönəltməyin gərəkliyini anlayar. Sözsüz ki, əmanətdar insanlar belə edərlər.
Həqiqi mömin Rəbbinin göstərişlərini böyük rəğbətlə, sevinclə yerinə yetirər, buyurduğu işlərə, buyurduğu ünvanlara çatdırar. Müqəddəs Quranımızın «Tövbə» surəsinin 60-cı ayəsində buyurulur: «Həqiqətən sədəqələr (malların və canların zəkatı) fəqirlərin, miskinlərin, … qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinə), … yolda qalanlarındır».
Mömin bütün nemətlərdən zəkat verər
Uca Allah Öz mərhəməti ilə insana verdiyi ruzidən digər insanlara ehsan edilməsini istəyir. Müqəddəs Kitabda bir çox yerlərdə bu məqama toxunulur. İnsan qəlbini imanla doldurduqda, o, özündən nəyisə ayıra bilir, nəyisə daha ehtiyaclı insana verə bilir.
Amma ariflər bu məsələnin açıqlamasında deyirlər ki, mömin o kəs deyil ki, təkcə maddi zəkat verir. Əslində, mömin malik olduğu bütün sərvətlərdən zəkat verəndir. Elmin zəkatını, qüdrətin, abırın, hörmətin, qələminin, nitqin – malik olduğu hər bir qiymətlinin, Allah verdiyi hər bir nemətin zəkatını verir mömin. «Bəqərə» surəsinin 3-cü ayəsində buyrulur: “O kəslər ki, …. ruzi olaraq, onlara verdiyimiz şeylərdən Allah yolunda infaq edirlər (Allah yolunda xərcləyirlər)”.
Elmin zəkatı – insanlara təlim etməkdir. Elmli olub bunu insanlara ötürməyən – mənasız bir ömür sürmüş olur. Qüdrətin zəkatı – ədalət və insaf təzahür etməkdir. Abırın zəkatı – insanların müşküllərini həll etməkdə abırdan xərcləməkdir. Qələmin zəkatı – haqqı yazmaqdır; insanlara düzü – düz, əyrini – əyri çatdırmaqdır, vicdanı oyatmaqdır. Sağlamlığın zəkatı – bunu xeyir işlərə, insanlara yaxşılığa, İlahi xidmətə sərf etməkdir.
Kamilliyə aparan yol
«Lə iləhə illəllah» deyə şəhadət verən insan, mahiyyətcə Uca Allahın bütün kamal sifətlərə malik olmasına iman gətirir. Onu Xaliq bilir, Rəbb bilir, hər bir şeyin Maliki bilir. Və bu bilgiləri onun müvafiq davranış strukturuna səbəb olur. Hətta nəinki davranışına təsir edir, əslində söhbət dünyagörüşünü tənzimləyən bünövrədən gedir.
Allahı hər bir şeyin maliki, mütləq qüdrətin maliki bilən insan, ötəri və mənasız yaşamaqla özünü məşğul etməz. Diri kimi yaşayar, ölu qəlblilər səviyyəsinə enməz. Bu dünyanı imtahan məkanı, sınaq yeri, axirətin tarlası bilər. Özünü kamilliyə tuşlayar. Əməllərinin müqabilini Allahdan istəyər, insanlara əyilməz. Və əməllərinin müqabilinin də əbədi səadət olmasının fərqinə varar.
«Tövbə» surəsinin 111-ci ayəsində bu mətləb gözəl surətdə açıqlanmışdır: «Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan, Cənnətin onların olması bahasına almışdır. … Allahdan qeyri kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!».
Allah Təbarəkə və Təala bildirir ki, əgər həyatını, əməl və niyyətlərini əbədi səadətdən az bir şeyə dəyişmisinsə – demək uduzmusan. Və Allah Təala vəd edir ki, iman əhli nicat tapanlardan olacaq. Allah Təala vədə ən vəfalı olduğunu da bildirir. Belə ki, əksi – yəni əhdə vəfasızlıq – Allahın zatına zidddir, çünki asılılıq, naqislik gətirən sifətlərdəndir, bu isə ehtiyac doğurur. Ehtiyaclılıq isə Allaha aid olmayan bir şeydir, zira ehtiyacları ödəyən Odur, Onun ehtiyaclılığı isə qeyri-mümkünlük babındandır.
Nəql olunmuş ayədə bir müstəvi də açılır. Belə ki, Allah Təala bəlli edir ki, əsil alıcı, həqiqi alıcı Odur. Necə alıcı? Əlbəttə ki, məcazi mənada. Qəbul edən, qiymət verən mənasında. Odur əməllərə, yaxşı işlərə həqiqi qiyməti verən. Və Allah Təala bəlli edir ki, həqiqi uğur, həqiqi qurtuluş məhz buradadır. İnsan başqa nəyinsə ardınca gedirsə, uduzar. Qəlp dəyərin, qəlp əvəzin ardınca getmiş olur.
Həqiqi alıcı olaraq, Allah Təala düzgün təqdimat istəyir. Danışmaq nemətini veribsə – düzü deməyi tələb edir. Yazmaq nemətini veribsə – həqiqəti yazmağı tələb edir. Sağlamlıq veribsə – fəsada işlətməyə, fitnəyə sərf etməyə deyil, nicat verə bilən məsələlərə sərf edilməsini istəyir. Əqli verib – həqiqəti tapmaq üçün, əzaları verib – xeyrə doğru getmək üçün.
Allah Təala cəmi insanları varlığına sahib çıxıb, həqiqi dəyərlərin ardınca gedənlərdən qərar versin, inşəallah!
Səxavət – İlahi sifətlərdəndir
Səxavət – dinimiz tərəfindən üstün əxlaqı təcəssüm edən sifətlərdən hesab edilir. Həzrət Peyğəmbərimizdən (s) nəql edirlər: «Səxavət – Allah Təalanın ən böyük keyfiyyətlərindəndir».
Allah Təbarəkə və Təala özündə üstün kamalları cəmləşdirir. Və kamillik yolunu gedən insan bu kamalları anlayıb, gündəlik həyatında riayət edir.
Həzrət Rəsulullahdan (s) nəql edilən digər bir hədisdə buyrulur: «Səxavət – behişt ağaclarından biridir. Dünyada asılmış şaxələri, budaqları var. O kəs ki, səxavətlidir, həmin ağacın şaxələrindən birinə bağlanmışdır. Bəs o şaxə onu behiştə çəkər».
Gördüyümüz kimi, burada çox gözəl bir bəlağətlə səxavətin mühüm keyfiyyət olduğu bildirilir. O dərəcədə gözəl keyfiyyətdir ki, sahibinin İlahi səadətlə vücudi əlaqəsinin yaranmasına səbəb olur.
Məsumlardan (ə) nəql edilən bir hədisdə səxavətin gətirib çıxardığı nəticələr vurğulanır: «Səxavətli insan – Allaha yaxındır, insanlara yaxındır, behiştə yaxındır».
Mübarək hədisdə səxavətin həm dünya, həm də axirət həyatına həlledici təsir buraxan keyfiyyətlərdən olması təsdiqlənir. Belə ki, həm insanlarla ünsiyyətini, mehribanlığını, səmimiyyətini artırır, həm də onun ümumi ibadi durumunda guclü iz buraxır.
İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə göstərilən mövzu daha da dərinləşdirilir: «Səxavət – peyğəmbərlərin əxlaqındandır, imanın sütunlarındandır. Mömin gərək mütləq səxavətli olsun və səxavətli olan yəqin sahibi olar, ali himmət sahibi olar. Çünki, səxavət – yəqin nurunun bir şüasıdır».
Burada mərkəzi yeri səxavətin yəqinin, yəni mütləq inamın inikası olması məsələsi tutur. Bir kəs ki, səxavətlilik edir, bu, onun üçün o zaman asan olar ki, vəzifəsini başa düşsün, səbəb-nəticəni anlasın, mahiyyətə varsın. Ən başlıcası, yəqini olsun ki, təklifini düzgün yerinə yetirir və nəticələri onun üçün ən uğurlu olacaqdır.
Allah Təala cəmi iman əhlinə yüksək əxlaqi keyfiyyətlərə yiyələnməyi qismət etsin!
Mübarək Şaban ayındayıq
Şaban ayının daxil olması ilə əlaqədar tövsiyələrə də toxunaq. Peyğəmbərimizdən (s) nəql edirlər ki, «Şaban – mənim ayımdır». «Hər kim bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».
Həzrət Peyğəmbərdən soruşanda ki, «hansı ayın orucu daha əfzəldir?», Həzrət (s) cavabında buyurmuşdur: «Ramazan ayına hörmət və təzim nümayiş etməyə görə – Şaban ayının orucu».
Bu ay böyük mövlud bayramları il səciyyələnir.
Şabanın 3-də bəşəriyyətə gerçək qəhrəmanlıq dərsi verən İmam Hüseynin (ə) mövludu günüdür.
Ayın 4-də Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mövlududur.
Şabanın 5-də Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaəti ilə zalım saraylarını titrədən İmam Zeynəlabidinin (s), ayın 11-də isə ilk Kərbəla şəhidi, İmam Hüseynin (ə) böyük oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.
Nəhayət, Şaban ayının 15-də mübarək zühuru ilə dünyanı zülmətdən qurtaracaq, haqq-ədaləti bərqərar edəcək 12-ci İmamımızın – Həzrət Mehdi Sahibəz-zamanın (ə.f) əziz mövludu günüdür. Uca Allaha dua edirik ki, bu böyük bayramları layiqincə keçirə bilək!
Allahım, bizləri Həzrət Peyğəmbər (s) və Əhli-Beytinə (ə) xas sifətlərə malik et!
Allahım, ümmətin müşküllərinin həll edilməsini, işğal altında olan torpaqların azad olunmasını, əsirlərin əsirlikdən qurtulmasını nəsib et!
Allahım, Həzrət İmam Mehdinin (ə.f) tezliklə zühür etməsini inayət et! Amin!
 
Müəllif: Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı
 

0 şərh