Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

İnsan özlüyündə sosial bir varlıqdır – icma halında yaşamaq, onun təbiətindən irəli gəlir. İnsanın ən təməl ehtiyacı olan konatus (həyatda qalma) üçün sosiallıq şərtdir. Cəmiyyət isə nizam əsasında mövcuddur. Nizamın təməli hüquq və ədalət, bunların əksi isə insanın təməl ehtiyacı olan konatusla ziddiyyətə girən anarxiya və xaosdur. Hüquq, ədalət və qanundan danışdığımız yerdə, bunların arxasında mütləq mənada gücün dayandığını da nəzərə almalıyıq. Güc isə özlüyündə boyun əydirmə, itaət etdirmədir. Ədalət və hüquq  öz mövcudluqlarını gücə borcludur, obrazlı desək qanunu qılınc yaradır.
Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi
İnsanın əqli inkişafının hələ tamamlanmadığı çox uzaq keçmişdə doqmatik qanun-qaydalar yeganə mümkün opsiya idi. O dönəmlərdə qanunun qaynağının mütləq mənada irrasional olması təbii idi, çünki rasional olsaydı, qanun-qaydalar toplusu düşüncənin, yəni tənqidin mövzusu olar, bu halda isə qanunun avtoritetliyi sarsılardı. Qanun elə bir mənbədən gəlməliydi ki, müzakirə və mühakimə edilmədən, ləbbeyk deyilərək ona itaət olunsun. Beləliklə, etiraz qəbul etməyən mənbə, doqmatik mənbədir, qanunu qoyan ortada yoxdur, ortada olmadığına görə də sorğu-sual, etiraz qəbul olunmur.
Dəqiq bildiyimiz odur ki, insanın əqli inkişafa nail olması, ən azından mağaradan çıxaraq özünə ev tikməsi üçün 150 min il zaman tələb olunub. Doqmanın hakim olduğu dövrlər isə dünyanın Tanrı tərəfindən idarə olunduğu, insanlara isə Tanrının yer üzündəki xəlifələrin rəhbərlik etdiyi (katolikliyin timsalında kralların, islamda xəlifələrin, sultanların) dövr idi. Bəşər tarixində bizə məlum olan ən yaxın əqli inkişaf nümunəsi (nəzəri yox, praktiki müstəvidə) renesansla başladı. Qısacası, Hobbesin Levitanı ilə başlayan proses Russonun İctimai sazişi ilə kamala çatdı.
Artıq, insanlığı Tanrının doqmatik qanunları deyil, lütf etdiyi əqlin yasaları idarə etməyə başlamışdı. İnsanlar ortaq maraqlarını nəzərə alaraq bir araya gəlmiş və əqli prinsiplər əsasında ictimai sazişlər bağlamışdılar. Bu proseslə başlayan əqli inkişaf dövrü, insani münasibətlərin hər sahəsinə sirayət etməyə başladı. Artıq, – ölçüləbilən (measurability) və hesablanabilən (countability) – əqli prinsiplər bir meyar kimi qəbul olunmuşdu, çünki doqmatik qanunlardan fərqli olaraq əqli qanunlar hamı üçün qəbul edilən və dəqiq olan ümumbəşəri mahiyyətə malikdir – 2+2=4 kimi əqli, dəqiq və dəyişməz.
Əqli inkişafın İslam dünyasına təsirləri isə çox təəssüf ki, mənfi olmuşdur. Əvvəla, onu qeyd edim ki, ənənəvi İslamın şərhi öz dövrünün dünya/həyat təfsirinə adekvat idi. Bu müstəvidən baxıldığında, müsəlman alimlər də öz şərhləri ilə dövrün reallıqlarına və elminə cavab verirdilər. Məhz bu səbəbdən İslam, ən dominant mədəniyyətlərdən birini yaratmış, müsəlmanların qurduğu dövlətlər isə nəhəng ərazilərə yayılmışdı. Bir zamanlar İbn Rüşd, İbn Sina, Farabi, Kindi və s. kimi görkəmli şəxsiyyətlər yetişdirmiş islam dünyası, əqli inkişafın müəyyən mərhələsindən sonra “dərdli” zəkalar ortaya çıxarmağa başladı: artıq, Əfqani, Mamduh, Elmalılı Hamdi Yazır, Səid Nursi, Əli Şəriəti, Fəzlur Rəhman kimi önəmli və ciddi şəxsiyyətlər müasir dünyanın şərtləri ilə üzləşmiş islam dünyasını böhrandan çıxarmağın yollarını axtarırdılar.
Adlarını sadaladığım şəxslərin hər biri islam dünyasına xidmətlər etmiş, bəziləri haqq etdikləri münasibəti görmüş, bəziləri görməmişdir. Dəyəri verilməyən alimlərdən biri və mənə görə, ən görkəmlisi Fəzlur Rəhmandır. 21 sentyabr 1919-cu ildə, o zamanki Hindistanın Pəncab vilayətində, dindar bir ailədə anadan olan Fəzlur Rəhman, ilk dini təhsilini atasından almış və uşaq yaşında Quranı əzbərləmişdi. 1933-cü ildə ailəsiylə birlikdə Pakistanın şimal-qərb bölgəsində yerləşən kolleclər və çiçəklər şəhəri Lahora köçən Rəhman, burada müasir təhsil verən məktəbə yazılsa da, atasından aldığı ənənvi İslam təhsilini davam etdirmişdi. Atası, Mövlana Şəhabəddin, şimali Hindistanda Şah Vəliyullah Dəhləvinin təlimini davam etdirən alimlərin qurduğu Deoband məktəbində yetişmiş alim idi. Atasından təfsir, hədis, fiqh, kəlam təhsili alan Fəzlur Rəhman, daha sonra Pəncab universitetinə qəbul olunmuş, 1946-cı ildə isə Oxford Uiversitetində akademik həyatını davam etdirmişdir.
Beləliklə, Fəzlur Rəhman, İslam dünyasında təəssüf ki, layiq olduğu yeri tapmayan, lakin özəlliklə içində yaşadığımız əsrdə hermenevtliyinə hava-su qədər ehtiyac duyduğumuz intelektuallardandır. Fəzlur Rəhman, Qərbdə ortaya çıxan və onun özünü də təsiri altına alan “modern şərtlərə” qarşı, islami kimliyi itirmədən necə reaksiya veriləcəyi, zamanın çağırışlarına və dəyişikliklərinə necə uyğunlaşmaq gərəkdiyi haqda yol xəritəsi təklif edən mütəfəkkirdir. O, yeni dünya nizamı və yeni münasibətlər sistemində islamın qarşılaşdığı fiqhi və etiqadi problemləri dəqiqliklə görür; bir yanda “ənənənə ilə davam etmək” istəyənlər, obiri yanda sırf siyasi səbəblərlə müasirliyə qarşı çıxanlar, digər yanda isə “dəyişməklə əslində heç nəyin dəyişməyəcəyini” müdafiə edənlərin əhatəsində öz intellektual kimliyini qoruyaraq həll yolları üzərində işləyirdi. Fəzlur Rəhmana görə, müsəlmanlar həm özlərinə, həm də Qərbə aid olanları obyektiv araşdırıb öyrənmədiyi müddətcə, müasir dünyada uğur qazanmaları mümkün deyil, hətta “müsəlman olaraq həyatda qalmaları və yaşamaları” da şübhə altındadır.
Xüsusiylə fiqhi, yəni hüquqi mövzularda Fəzlur Rəhman islam dünyasında “toxunulmaz, sorğulanmaz” sayılan alimlərdən olan İmam Şafiiyə qarşı sərt tənqidlər yönəltmiş, İmam Şafiini İslam dünyasında azad düşüncə hərəkətini “xəstələndirən adam” adlandırmışdır. Çünki İmam Şafiiyə görə ictihad qapısı artıq bağlanmış idi, belə olan halda isə insan, cəmiyyət, tarix və kosmos sahəsində inkişaf edən elm sahələrinin ənənəvi dünya görüşünü dəyişməsi, ənənəvi “anlama xəritəsinin” yaxud dəyərlər sisteminin şübhə altına alınması əngəllənəcəkdi. Fəzlur Rəhmana görə İmam Şafii, insanoğlunun düşüncə dünyasının dəyişməsi, inkişafı ilə ictimai nizamın, münasibətlər isteminin və dolaysıyla fiqhi məsələlərin də dəyişəcəyi reallığını dərk etmirdi. Prinsipcə, bir çox dövlətdə mövcud olan parlamentlərin (şuraların, yığıncaqların) də funksiyası daima dəyişən insani münasibətlər sisteminə adekvat fiqhi, yəni hüquqi cavablar verməkdir. Elmi-texniki tərəqqi yeni münasibətlər sistemini yaradır, deməli, bunlara adekvat fiqhi hökmlərin çıxarılması zərurəti yaranır, nəhayət 7-ci əsrin şərtləri ilə 20-ci əsrin şərtləri eyni deyil, ola da bilməz.
“Əgər hansısa bir müsəlman cəmiyyətində, müasir iqtisadiyyatın bank sisteminə müraciət edilmədən bank işi səmərəli qurula bilirsə, onda müsəlmanlar üçün problem yoxdur. Lakin bu mümkün olmadıqda, faiz (interest) ilə riba (sələmçilik) arasındakı fərqin müəyyən olunması labüddür. Çünki, bu ikisi arasında böyük fərq var” deyən Fəzlur Rəhmana görə, müasir çağın sürətlə inkişaf edən sahəsi olan texnologiyalar insan həyatını tənzimləmədə yeni “imkanlar” gətirməklə yanaşı, insanaları da daha “müstəqil” fərdlərə çevirir. Beləliklə, insan, heç bir şeyin “heç vaxt eyni olmayacağı” qənaətinə gələrək, yeni düşüncə və davranış modelləri ortaya qoyur. Texniki imkanlardan istifadə etməyi, ətrafını dəyişdirməyi, öz-özünə yetərli olmağı öyrənir. Bununla da, müasir insan ənənəvi hermenevtliyə etimadsızlıq göstərir, ona şübhə duymağa başlayır.
Məsələn, Fazlur Rahmana görə, şəriətdəki “miras” məsələsində təkid edən ənənəçilər həm özlərini, həm də islamı muzeyə çevirirlər. “Muzeylər gözəldir, lakin həyatın xaricində olan obyektlərdir” deyən Fəzlur Rəhman, ənənəçiləri dünya ilə təmas qurmağa, funksional olmağa səsləyir. O, müasir dünyada “müsəlman qalmaq” və müsəlman kimi yaşamağa davam etmək üçün yaxşı və doğru davranışların sorağına çıxmış “əxlaqçı rasionalist” idi. Hesab edirdi ki, heç kim içində yaşadığı reallıqdan, həmçinin, keçmişindən, tarixindən
Əlbətdə ki, Fəzlur Rəhmanın fikirləri ənənəvi deyildi, lakin onun özü yanaşmasının “ənənəyə” uyğun olduğunu, ənənənin ona böyük bir məsuliyyət yüklədiyini hesab edirdi. Bu məsuliyyət anlama və şərh etmədəki məsuliyyəti idi. Elmi olduğu qədər, həm də əxlaqi məsələ idi. Onun ən təməl yanaşması, islam dini ilə bağlı yeni hermenevtliyin ortaya qoyulması idi, bunun üçün isə 7-ci əsrə getmək və hadisələrin şərtlərini qiymətləndirmək ən doğru və rasional yol kimi görülürdü. Çünki, hər bir yeni dinin hökmləri, mövcud dövrün və cəmiyyətin adət-ənənələri nəzərə alınaraq formalaşır. Cəmiyyətdə şər və zərərli adına nə varsa yasaqlanır, yaxşı və faydalı olan hər şey isə qəbul və təsdiq olunur. Yəni, Quranın hökmləri peyğəmbərin zehnindəki “dil qurluşu”na (language structure) müvafiqdir, bir az da detallı desək, Allahın sözü peyğəmbərin qəlbinə/zehninə endirilir, peyğəmbər isə bu məlumatı malik olduğu dil qurluşundan süzərək həmsöhbətinə (ərəb cəmiyyətinə) ünvanlayır.

Məhz buna görə, müsəlmanlar rəmzi “Əbu Ləhəb” timsalında şəri, “Hz. Əli” timsalında isə xeyiri qavramalıdırlar ki, universal olana çıxış əldə etsinlər. Nəzərə alınmalıdır ki, bir ingilis, çinli, amerikalı və s. üçün “şər” anlayışının özünün rəmzi ifadə formaları var. Rəmzlər müxtəlif ola bilər, əsas olan ifadə etdikləri mənadır. Fəzlur Rəhmana görə, Quranın prinsiplərinə uyğun olaraq yaşamaq, Quranı qanunlar məcmusu kimi yox, əxlaqi (etik) təlim kimi görməklə mümkündür. Quran və sünnətə dönmək, onların keçmişdəki tətbiq formasını olduğu kimi kopyalamaq yox, onları düzgün dərk etmək deməkdir. Çünki bir təlimin bizə bu gün yol göstərə bilməsi üçün, bu günün şərtlərinə uyğun olaraq düzgün təhlil edilməsi, başa düşülməsi gərəkdir. Yoxsa keçmişə dönüş, məzarlığa dönüşdür.

Bu tezisə əsaslanan Fəzlur Rəhman iki suala cavab axtarır:
1- Quranın nazil olmasındakı səbəb, niyyət, hədəf nədir?
2- Quranın bu gün üçün anlamı nədir?

Fəzlur Rəhmana görə, Quran, 7-ci əsr cəmiyyətində hökm sürən münaqişələrin ən zirvə vaxtında ortaya çıxmış, Məkkənin ticarət cəmiyyətinin dini və əxlaqi problemlərinin həllinə yönəlmiş, Peyğəmbərin zehni/qəlbindən (vəhy) süzülmüş ilahi bir mesajdır. Yəni, onun bu kontekstdə hədəfi və niyyəti bəllidir. Müəyyən bir icmaya ünvanlanmış bu mesajlar, təbii olaraq ərəb kültür kodeksinə müvafiq ifadə edilmiş, yəni universal mesaj universal olmayan ərəb kodeksi ilə lokallaşdırılmışdır. Onun bu gün başa düşülməsi isə, Qurandakı lokallığın arxasındakı universallığın görülməsi, aşkara çıxarılması ilə mümkündür. Müasir dünya şərtlərində bu, Qurandan ədalət, haqq, tolerantlıq, şöfkət, mərhəmət, bərabərlik, yardımlaşma, səxavət kimi universal əxlaq prinsiplərinin götürülməsi və tətbiqi ilə mümkündür. Yalnız bu halda biz, müsəlman kimliyimizlə müasir dünyanın şərtləri ilə təzada girməkdən xilas ola bilərik.
Sonda, “qadınların şahidliyi” ilə bağlı Fəzlur Rəhman hermenvtiliyinə dair bir nümunə yerinə düşər. Bir kişinin şahidliyinin iki qadının şahidliyinə tən olması hökmünün məntiqi budur ki, qadınlardan biri nəyisə unudarsa, digəri onu düzəltsin. Fəzlur Rəhmana görə, bu hökmdən yola çıxaraq qadınların kişilər qarşısında ontoloji aşağılığı mənasına varmaq, bunun əbədi bir əmr olduğu nəticəsini çıxarmaq əsla düzgün yanaşma deyil. Çünki, bu hökmdə əsas məsələ əxlaqilikdir. Haqqın və ədalətin bərqərar olması üçün, sağlam və mötəbər dəlilin tapılmasıdır. Əgər hansısa dövrdə və cəmiyyətdə mövcud olan şərtlər və şərait patriarxallığı ilə seçilirsə, xüsusilə maliyyə məsələlərində qadınların şahidlik etmək kimi vərdişi yoxdursa, bu hökmün gətirilməsi onlar üçün birə iki də olsa, şahidlik etmək yolu açır. Müasir dövrün şərtlərində isə, uzaq keçmişin bu hökmü öz qüvvəsini itirir. Qüvvəsini itirməyən yeganə şey isə haqq və ədalət prinsipidir. Bütün əxlaqi hökmlərin qaynağı ilahi, implementasiyası isə insanidir.
Ona qarşı yönələn bütün etirazlara baxmayaraq, Fəzlur Rəhman yalnız bir amal uğrunda çalışırdı – özünün anlama və anlamlandırma metodu ilə Allahın və müqəddəs kitabın müasir şərtlərə “yad qalmamasını” təmin etmək. Bu dərdli intellektualın öz sözləri ilə desək: “Cəmiyyətin, hüquqi-siyasi sistemin “islamlaşdırılmasından” danışanlar, islamı yenidən şərh etməyi yox, orta əsrlər islamının fikir, qanun və qurumlarını cəmiyyətə zorla tətbiq etməyi nəzərdə tuturlar”. (Fazlur Rahman, “İslam and Modernity”).
 
 
 
Müəllif: Rəvan Şirvani
Mənbə: azlogos.eu
 

0 şərh