Nənə,sənə qurban olum

Məktəbin qarşısında günəbaxan tumu, alça qurusu satan yaşlı xalanı demək olar ki, hər gün görürdüm. Satmaq üçün gətirdiyi tumun ağırlığı bir kilo ancaq olardı. Kiçik bir bazar çantası, sini, bir də kiçik taxta oturacağı… Bu da onun səyyar dükanı və sərmayəsi. Nə qədər də ölümə bənzəyir. Ölünün də kəfəndən və qəbir daşından başqa nəyi var ki?
Xala ikiqat olmuş halda, dalğın-dalğın bir satdıqlarına, bir də gəlib-gedənə baxır. Sərmayəsi 3-5 manat olar, ya da olmaz. Sərmayəsi 3-5 manat olan bir ticarətdə malın hamısını satsan belə qazanc nə qədər olar?
Bir gün “bir manat nədir ki?” –deyən birinə “Bir manatın nə olduğunu get, xaladan soruş! Soyuqdan çatlamış əlləri, qat-qat geydiyi corablarla isitməyə çalışdığı ayaqları və dalğın-dalğın baxan düşüncəli gözləri sənə anlatsın” deyəcəkdim, amma susdum…

Bazarlarda satacağı malı kəndlilərdən alıb satan alverçilər, bir də bağındakı meyvələri vedrəyə, göy-göyərtini də bazar çantasına qoyub gəlmiş kəndlilər var. Bazara gəlib mal satan kəndlilərin günəşdən və yağışdan daldalanmaq üçün çadırları, piştaxtaları yoxdur. Şəhərin mərkəzini varlılar, bazarın ortasını da alverçilər tutar. Şəhərin kənarında kasıbların məskən tutması kimi, bazarın kənar güşələrində vedrəsini və bazar çantasını önünə qoyaraq gözləyərlər. Alverçilərin boynunun dikliyinə inad edərcəsinə bunların boynu bükükdür. Alverçilər piştaxtadakı çürük malları əl cəldliyi ilə doldurmağa çalışarkən, kənddən gələnlər vedrədəki və bazar çantasındakı malın yaxşısını verirlər, pisini isə dürtüşdürməyə çalışmazlar.

Alverçilər sözü yüz cürə oynatmağı bacardıqları halda, bu kəndli xalalar söz qələbəliyi, şişirtmə, hiylə kimi fırıldaqlardan xəbərsizdirlər. Alverçilər inciməsinlər, amma mal satarkən bir qram artıq verməməyə çalışırlar. Kənddən gələn satıcılarsa malı çəkər və “sən də bax” deyərək tərəzini çevirərlər. “Haqq keçməsin” deyə 50-100 qram əlavə edər, malını alıb yükünü azaltdığın üçün arxanca xeyir-dua edərlər. Peyğəmbərimiz (s.ə.s) xəsisin yeməyinin xəstəlik, comərdin yeməyinin isə şəfa olduğunu bildirir. Hər nə qədər pulu verilsə də xəsis, haramzadə, hiyləkar insanlardan alınan meyvə-tərəvəzin şəfa ola biləcəyinə inanmıram. Buna görə də bazarda əvvəlcə kəndlilərin olduğu yerə gedirəm. Tumsatan xala kimi bazar çantasının içində 3-4 kiloqramlıq malının satılmasını gözləyən xalaları sevindirmək çox gözəl duyğudur, tövsiyə edirəm. Şəfa olacaq nemətlərlə birlikdə dua da alarsınız. Kənddən gələrək mal satmağa çalışanların çoxu yaşlı qadınlardır. Kim bilir, kimisi dul qalmış, kimisinin xəstəsi var, kimisi uşağını oxutmağa çalışır. Çoxunun da Allahdan başqa kimsəsi yox...
Türkiyədə ibtidai sinifdə oxuduğumuz şarkı var: “analar çeker yükü kimsenin bilesi yok, gelin çiçek derelim, yollarına serelim, sevgi dolu türkülerle annemize verelim” –şəklində davam edər. Bazarlarda da yaşlı xalalar çoxdur. Analar çəkər yükü, kimsənin bilmək niyyəti yox...
bazarda limon satan qadınlar
Bakıda gəzərək əllərində limon satan xalaları yəqin ki, görmüsünüz. Bədənini sataraq, dilənərək, oğurluq edərək və ya min bir hiylə ilə pul qazananları düşündükcə, üzünün ağı ilə, ruzinin onda doqquzunun ticarətdə olduğunu öyrənmiş bu xalalara qəhrəmanlıq ordeni verilməlidir deyə fikirləşirəm. Bir gün yerə sərdiyi salafanda 6 dənə limon olan nənənin “nənən sənə qurban, limonlardan al” dediyini eşidib dayandım. Ətrafımdan keçən lüks maşınlara, işıq saçan dükanlara, bahalı telefon və qiyafət sahiblərinə limonsatan xalanın gözüylə baxdım. Kaş, görməyəydim… Nənə, bağışla bizi… Sən bağışlamazsan, Allahın bağışlayacağına inanmıram… Sən belə olmamalıydın...
Əyninə kostyum geymiş, kassa başında oturan, bol işıqlı bir dükanda çalışan hansı işçi və müdir səmiyyətlə “aldığınıza görə qurban olum” deyər? Altı dənə limon satan nənə qazanacağı pul ilə çörək, işıq, dərman kimi ehtiyaclarını qarşılayacağı üçün sizə minnətdar olar. 1-2 manatlıq alver etdiyiniz nənə bu qədər təşəkkür edir və minnətdar qalırsa, kapitalizmin istismar salonu olan super marketlərdə dövr edən bol sıfırlı alış-verişlərdə nə üçün, “xeyirli olsun” sözünü belə, çox görürlər?
Zəruri ehtiyaclarını həll etmək dərdində olanlar pulu hardan əldə edərlərsə oraya minnəti özlərinə borc bilərlər. İsraf, gen-bol xərcləmə, qumar və əyləncə kimi yollarda sərf olunacaq pulu verənə dilucu təşəkkür edilər.
İnsanın önündə iki yol olduğunu düşünürəm. Birincisi “bacın (ablan) sənə qurban” deyərək oynayan, oynadan; içən, içirdən; xərcləyən, xərclədən; unudan, unutduran...
Digəri isə “nənən sənə qurban...” deyərək böyüdən, şükür etdirən, infaq etdirən, şəfa verən, ürək titrədən...
“Bacın sənə qurban” deyərək üzünə gülənlərin məqsədi malını, pulunu və canını qurban almaqdır. Belə insanların “bitini verməyən” insanlardan olduğunu anlamadan əvvəl üzümüzü nənən qurban deyənlərə çevirməmiz gərəkdiyini düşünürəm...
Mənbə: İrfan dərgisi
Müəllif: Adem ŞAHİN
 

0 şərh