Alın yazısı

Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox müsəlmanların İslam vaciblərindən yayınsalar belə özlərinə bəraət qazandırmalarına səbəb olur.
Allahın insana imtahan kimi verdiyi bu düynada insanlar öz əməlinə, əxlaqına və ən mühümü də təqvalarına (təqva – Allah əmrlərinə tabe olmaq, Allahın səni görmək istədiyi yerlərdə hazır, görmək istəmədiyi yerlərdə qaib olmaqdır) görə fərqlənirlər. Kimisi İslam qanunlarına tabedir və daha da üstün şəkildə tabe olmağa hər vaxt çalışır, kimisi qismən tabedir və bunu özünə kifayət hesab edir, kimisi tabe deyil və bunu vacib hesab etmir, kimisi ümumiyyətlə bu qanunlardan xəbərsizdir və bu barədə danışılanda hətta qulaqlarını da tıxayır ki, eşitməsin və s. Bu növlərin arasında daha bir növ insanlar var ki, onlar İslamdan cüzi məlumatlı olmaqla kifayətlənir və baş verən hər bir məsələnin sırf Allaha aid olduğunu vurğulayır. Bu xırda yazıdan da məqsəd məhz bu növ insanların fikirləridir.Allah-Təala Qurani-Kərimdə çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və Sahib də odur. “...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!” (Əl-Bəqərə, 116), “...Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (Təğabün, 64). Və bir ayə daha var ki, konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid, 57).

Burada bir incə məqama diqqət etmək gərəkdir. Bütün bu qeyd edilənlər Allaha xas olan elmin nəticəsində Ona bəllidir, bu isə yekdilliklə qəbul olunan bir məsələdir. Amma bu o demək deyildir ki, insanın həyatını yalnız Allah-Təala yönləndirir. Diqqət edin – bir məsələnin gedişatından xəbərdar olmaq və o məsələnin gedişatını dəyişmək... Bunlar fərqli anlayışlardır. İnsan Allah-Təalanın yaratdığı şah əsəridir. Hər bir müəllif öz yaratdığı incəsənət əsərini sevdiyi kimi, Allah-Təala da insanı sevir və elə bu səbəblədir ki, Qurani-Kərimdə insana tövsiyyələr vardır. Diqqət edin ki, bu tövsiyyələr insanın öz xeyrinədir və Allah-Təala əməl ediləcək bu tövsiyyələrin nəticəsinin də insanın elə özünə xeyrili olacağını vurğulayır.

Bir kəsdən sual edirsən: - “Sağlamlığın təhlükə altındadır. Nə üçün müalicə almırsan?” Cavab gəlir: - “Qismət Allahdandır. Allah şəfa versin. Əgər qismətimdə yoxdursa, demək sağalmayacam.” Bu, çox primitiv bir fikirdir. Ən azından həkimlərin varlığı buna sübutdur. Təbii ki, şəfanı verən Allahdır. Amma vasitəçi olaraq həkimlərin həyatımızda rolunu danmaq olmaz axı. Belə isə, onda insana rahatlığı, istini və soyuğu, can saglamlığını verən Allahdırsa, paltar geyinmək nəyə lazımdır? Qış vaxtı qısa köynəklə bayıra çıxaq ki, xəstələnsəm, qismətdəndir? Yaxud yolu keçəndə qəsdən özümüzü ataq maşın altına ki, ölüm qismətimdədir, ona görə belə oldu?! Qismətdə olduğu danılmır, amma sənin ölümünə səbəb qismət deyil, sən özün olursan o halda. Qismətdərir onun üçün ki, Allahın əzəli elmi bundan xəbərdardır. Amma qismətdə deyil ondan ötrü ki, ölümünə səbəb o qismət oldu.

Bir kəsdən sual edirsən: - “Namaz qılırsan?” Cavab gəlir ki: - “Xeyr”. Səbəbini soruşursan, səbəbi bir neçə cür izah edilir. Kimisi hələ hidayət olunmadığı ilə, kimisi hazır olmadığı ilə, kimisi ürək təmizliyi ilə bəhanə verir. Bəziləri isə “hər şey Allahın əlindədir, O nə vaxt məsləhət bilsə, o vaxt da namaz qılacam”, “hələ Allah qismət etməyib, qismət olanda namaz qılacam”, “namaz qılmıramsa, demək alın yazım belədir” kimi fikirlər deyir. Bu fikir özü-özlüyündə Qurani-Kərimə ziddir. Çünki, Allah-Təala elə Quranda namazın vacibatını insana başa salır: “(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43). Namaz barəsində, onun vacibatı barəsində ayələr çoxdur, birini göstərməklə kifayətlənirəm. İndi baxaq, necə ola bilər ki, Allah-Təala insana namazı vacib hesab edir, amma sonra Özü qəsdən elə edir ki, insan namaz qılmasın?! Yenə də vurğulana bilər ki, bəli, Allah-Təala bu insanın əvvəlcədən namaz qılmayacağını bilir və odur ki, qismətində də bu vardır, buna Allahın əzəli elmi imkan verir. Amma bu halda, qismət deyil insanı namazdan ayıran, insanın öz naqisliyidir ki, namaza yaxın durmur. Ən azından onu qeyd etmək olar ki, sadə dillə desək, Allah-Təala Qurani-Kərimdə insanlara yaxşı əməl əvəzində Cənnəti, pis əməl əvəzində Cəhənnəmi göstərir. Əgər ki, namazdan yayına bir insan, onda ona Cənnət vəd etməyin nədir əhəmiyyəti? Belə olan halda, Qurani-Kərim səhvmi tövsiyyə verir bizlərə?

Allah-Təala insana düşünmək, qərar vermək qabiliyyəti verib ki, onlardan istifadə ilə bu dünyada bizə seçim şansı verir. Hər məsələni qismətin, alın yazısının üstün yıxmaq İslama ziddir. Yəni ki, bir sözlə - qismət o deyil ki, hər şeyi Allah edir. Qismət odur ki, onun olacağı Allaha əzəli elmi ilə bəllidir və artıq onlar alın yazısı olaraq qəbul edilmişdir. Amma onların baş verməsi bütün hallarda Allah tərəfindən deyildir və burada insanın sözsüz rolu vardır.

Gəlin hər hərəkətimizdə İslama uyğunluq məsələsinə diqqət edək və yanlış atdığımız addımlar olarsa (Allah belə addımlardan hifz etsin!), bunu qismətin üstün atmaqla bəhanə etməyək, Haqq-Təalanın bizə bəxş etdiyi ağıl kimi nemətdən lazımınca yararlanaq!
 

3 şərh

ARISTOKRAT
alin yazisi menim heyatimin en boyuk problemidir desem yeqin yanilmaram. agil verilib insana get hereket et sonda ya cennet ya cehennem-buna gore de alin yazisi sadece adi 1 deyimdir. amma insanin butun heyatin allah onceden bilir,duzdu ayxansevda ve diger oxuyanlar?
Old_Baku_

Aristokrat! ayxansevda senin sualını məncə çox gözəl və geniş bir şəkildə cəvab verib artıq onun yazdıqlarının qarşısında məniim bir yazım günah olardı )) ona görədə ayxansevdanln toxunduğu məsələləri diqqətlə oxu sualıvın cəvabını özüvün tapacağına əminəm. 

ayxansevda
düşünürəm ki, əcəl, övladlarımız və s bunlar qismət, alın yazısıdır. Amma ağıllı olmaq, düzgün yol seçmək, haramdan uzaq olmaq, həyatda nəyəsə nail olmaq, uğur qazanmaq və s. bunlar insanın öz əlindədir.otur heçnə eləmə ki, alınmadı qismət olmadı, məncə bu halda  insan öz təmbəlliyini, bacarıqsızlığını qismət adlandırır.