İstinad-hərəkət sistemi

İstinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri və əzələlər aiddir. Skelet istinad-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. Skelet 200-dən artıq sümükdən ibarət olub, orqanizmdə istinad funksiyasını daşımaqla bərabər, qanın mineral tərkibinin sabit saxlanılmasına zəmin yaradır, eyni zamanda sümük iliyini, mərkəzi sinir sistemini, ürəyi və bəzi digər orqanları mühafizə edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. Formasına görə sümüklər 4 qrupa bölünür: uzun sümüklər-əsasən borulu sümüklər olub, ling vəzifəsi daşıyır. Onların iki — uc hissəsi və bir cismi vardır. Qısa sümüklər — skeletin daha az hərəkət, elastiklik və möhkəmlik tələb edilən hissələrində olur. Bunlara fəqərələr, bilək və ayaq daraqarxası sümükləri aiddir. Yastı və enli sümüklər — boşluqların divarlarını əmələ gətirir. Qarışıq sümüklər gicgah, üz sümükləri və digərləridir.

Sümüyün fiziki xassələri onun kimyəvi tərkibindən asılıdır. Sümüyün 20-40 faizi sudan, 60-80 faizi isə quru maddədən təşkil olunmuşdur. Quru maddənin 65-70 faizi qeyri-üzvi birləşmələrdən, qalan hissəsi üzvi maddələrdən ibarətdir. Üzvi birləşmələrə əsasən zülal, az miqdarda isə yağ və karbohidrat daxildir. Zülallar sümüklərin elastikliyini təmin edir. Mineral maddələrin əsas hissəsini kalsium-fosfat, az miqdarda kalsium-karbonat, kalsium-florid, kalsium-hidroksid kimi duzlar əmələ gətirir. Bundan başqa, sümüklərin tərkibində kalium, natrium, xlor, manqan, kobalt, mis, nikel və digər elementlər vardır. İnsan orqanizmində olan kalsiumun 99%-i, fosforun 87%-i, maqneziumun 58%-i məhz sümük toxumasında toplanmışdır. Bu mineral maddələr sümüyə bərklik verir. Sümüyün tərkibi yaşla əlaqədar olaraq dəyişilir. Belə ki, uşaq yaşlarında üzvi maddələr çoxluq təşkil edir, qocaldıqca isə qeyri-üzvi maddələr daha çox olur. Sümüklər birləşdirici toxuma və qığırdaq toxuması hesabına inkişaf edir. Qığırdaq əsasında sümüyün inkişafı qığırdaqdaxili və qığırdaqdan xaric sümükləşmə kimi təzahür edir. Skelet sümükləri bir-biri ilə oynaq və yarımoynaqlar vasitəsilə birləşir. Yarımoynaqlar fasiləsiz birləşmələr olub, kəllə və büzdüm sümüklərinə aiddir. Oynaqlar sümüklərin hərəkətli birləşmələri olub, bunlara ətrafların birləşmələri aiddir. Oynaqlar iştirak edən sümüklərin sayına görə sadə və mürəkkəb olur. İki sümük iştirak edərsə, sadə, daha çox sümük iştirak edərsə, mürəkkəb oynaq adlanır.
Skelet kəllə, ətraflar və gövdə şöbələrindən ibarətdir.
Gövdə skeletinin əsasını 33-34 fəqərədən ibarət onurğa sütunu təşkil edir. İnsanın skeletində 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4-5 büzdüm fəqərələri ayırd edilir. Hər bir fəqərə cisimdən, fəqərə qövsündən və çıxıntılardan ibarətdir. Fəqərələr döş qəfəsinin əmələ gəlməsində iştirak edir. Döş qəfəsi döş fəqərələrindən, 12 cüt qabırğadan, bir cüt körpücük sümüyündən təşkil olunmuşdur. Qabırğaların 10 cütü qığırdaq vasitəsilə döş sümüyünə birləşmişdir.
Kəllənin skeleti beyin və üz hissələrindən təşkil olunmuşdur. Beyin şöbəsinə bir alın, bir cüt təpə, bir cüt gicgah, bir ənsə, bir əsas və bir xış sümüyü daxildir. Gicgah sümüklərində xarici qulaq keçəcəyi dəliyi, ənsə sümüyündə ənsə dəliyi yerləşmişdir. Üz şöbəsi bir ədəd alt çənə sümüyündən, üst çənə və burun sümüklərindən, eləcə də damaq, dilaltı və digər sümüklərdən təşkil olunmuşdur.
Kəllə skeleti bir sıra mühüm orqanları mühafizə edir. Həzm və tənəffüs sisteminin bəzi hissələri, (ağız, burun və s.) üçün isə möhkəm istinad təşkil edir. Kəllə sümükləri formaca yastı sümüklər olub, ikiqat sərt və bunların arasında yerləşən birqat süngər maddədən ibarətdir.
Ətraf skeleti yuxarı və aşağı ətrafların skeletindən ibarətdir. Yuxarı ətraf qurşağına bir cüt kürək və bir cüt körpücük sümükləri daxildir. Yuxarı ətraflar bazu, said (dirsək və mil) və əl sümüklərindən (8 bilək, 5 ədəd əl darağı və barmaq sümükləri) təşkil olunmuşdur. Aşağı ətraflar isə bud, baldır (incik və qamış), diz qapağı və ayaq sümüklərindən (7 ayaq daraqarxası, 5 ayaq darağı, ayaq barmaqları sümükləri) ibarətdir. Aşağı ətraf qurşağı bir cüt yastı çanaq sümüyündən və bir büzdüm sümüyündən təşkil olunmuşdur. Yuxarı və aşağı ətraf sümükləri hərəkətli şəkildə birləşmişdir ki, bu da insanın müxtəlif hərəkətlərinə imkan verir.
İnsanın 32 dişindən 16-sı üst, 16-sı alt çənədə yerləşmişdir. Yetkin insanda 4 cüt kəsici dişlər, 2 cüt köpək dişlər, 4 cüt kiçik azı, 6 cüt böyük azı dişləri ayırd edilir. Hər bir diş 3 hissədən — tac, boyun və kökdən ibarət olub, diş alveolunda yerləşir. Dişi xaricdən örtən diş minası onu xarici təsirlərdən, istidən və soyuqdan qoruyur. Dişin içərisində olan boşluqda sinirlər və qan damarları vardır. Qan damarları dişi qidalandırır, sinirlər isə onu sinirləndirir.
Sonda isə ingilis dilində daha bir video. İnsanın sümük-əzələ apparatı haqqında:

0 şərh