Osteoporoz xəstəliyi

Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir.

Osteoporoz niyə baş verir?

Sümüyün normal inkişafı üçün orada Ca, P, mikroelementlər, zülallar, vitaminlər kifayət qədər olmalıdır. Əgər uşaq bətndaxili dövrdə bunları ala bilmirsə, gələcəkdə onda osteoporoz inkişaf edə bilər.
Sümük toxumasının əsas hissəsi, təxminən 85%-i uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. Bu azalma kişilərdə ildə 0,5%, qadınlarda isə 4%-lə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdən kalsiumun yuyulması daha intensiv gedir. Bu hal hamıda baş verir, lakin bəzilərində daha qabarıq şəkil alır. Qadınlarda 40-45 yaşlara qədər, yəni menopauzaya qədər sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların ifrazı azaldığından sümük kütləsi də azalmağa başlayır.
osteoporozMenopauzanın ilk 5 ilində bu proses daha intensiv gedir. Cərrahiyyə əməliyyatları vasitəsilə yumurtalıqların çıxarılması, hormonal müalicə aparılması qadınlarda menopauzanın erkən başlanması riskini yüksəldir. Estragenlər isə qalxanvari ətraf vəzi hormonunun antaqonistidir. Bu hormon qanda Ca-u artırır. Bu hormon artdıqca sümüklərdən Ca-un çıxması baş verir. Hamiləlik (çoxsaylı doğuş) və laktasiya (süd vermə) dövründə qadınlar daha çox Ca itirmiş olurlar. Risk yaşla əlaqədar olaraq artır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir, yayılma sürətinə görə isə ürək-damar xəstəliyi və süd vəzisinin xərçəngi ilə bir cərgədə durur.
Genetik meyllik, menopauzanın erkən baş verməsi risk amillərinə aiddir.

Osteoporoz yalnız qadınlarda olur?

Bu xəstəlik kişilərdə də olur. Lakin qadınlara nisbətən kişilərdə kalsiumun yuyulması az baş verir. Çünki cinsi hormonlar bunun inkişafına mane olurlar. 60 yaşına çatmamış kişilərin 10%-də osteoporoz müşahidə edilir. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakı qədərdir.

Hansı əlamətlər osteoporozu xarakterizə edir?

Sümüklərin kövrəlməsi, sınması, deformasiyası. Bu isə boyun qısalması, belin bükülməsi, bel ağrıları, köks qəfəsi şəklinin dəyişməsi və həcminin azalmasına səbəb olur. Sümüklərdə, əsasən də ətraf sümüklərində baş verən sınıqlar xəstənin hərəkətinə mane olur. Ən təhlükəli yerlər – onurğa, bud sümüyü, mil sümüyü oynaqlarıdır. Hətta ən yüngül yük daşımaq belə bu sümüklərdə sınıqların baş verməsi ilə nəticələnə bilər. Bəzən osteoporpozun yeganə əlaməti olaraq uzun müddət ayaqüstə duranda beldə ağrılar baş verir, uzandıqda isə keçir.
Tez yorulma, gecələr ayaqlarda qıcolmalar, parodontoz, dırnaqların kövrəkləşməsi və saçların vaxtından əvvəl ağarması müşahidə oluna bilər.

Osteoporozu sürətləndirən amillər hansılardır?

Siqaret çəkmək sümük hüceyrələrinə zərərli təsir etdiyinə görə qadınlarda menopauza daha erkən baş verir.
Uzun müddət pepsi-kola içmək məsləhət deyil. Çünki onun tərkibində fosfor çoxdur. Bu da Ca sorulmasını azaldır. Alkoqol, hormonlar (böyrəküstü vəzi hormonları), heparin (antikoaqulyantlar), qıcolmaya qarşı vasitələr, sidikqovucular və s. qəbul edilməsi, qaraciyər və böyrək xəstəlikləri, bəzi şişlər, revmatizm, hərəkətsiz həyat tərzi riski yüksəldir. Fiziki aktivlik sümük kütləsini artırdığı üçün hərəkət etməyən insanlarda və yataq xəstələrində sümük kütləsi azalmış olur. Əgər bir insan 1 il müddətinə hərəkətsiz qalarsa, o zaman onun bədənindəki sümüklər möhkəmliyini 50% itirmiş olar.
Qadınlarda kişilərə nisbətən, arıqlarda köklərə və alçaq boylularda hündürlərə nisbətən sümük əriməsi daha tez baş verir. Endokrin xəstəliklər – şəkərli diabet, qalxanvari və qalxanətrafı vəzin xəstəlikləri, xroniki böyrək, qaraciyər çatmamazlığı və Ca-un bağırsaqlardan sorulmasının çətinləşməsi sümük əriməsinə şərait yaradır.

Osteoporoza şərait yaradan səbəblər hansılardır?

Ca-un bağırsaqlardan sorulması üçün D vitamini lazımdır. Dəridə olan inaktiv D vitamini günəş şüalarının təsirindən aktiv hala keçir.
Günəş şüaları qəbul etməyən insanlarda D vitamini azalmış olur və bu zaman Ca bağırsaqlardan sorulmur. Günəş şüası az olan ölkələrdə süd və süd məhsullarına D vitamini əlavə edirlər. D vitamini balıq yağında, kərə yağında, yumurtada, qaraciyərdə, süddə olur.

Osteoporoz necə aşkar olunur?

Sümük kütləsini heç bir narahatçılıq olmadan 10-15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Rentgen, ultrasəs müayinəsi bu haqda məlumat verir. Densitometriya üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.

Osteoporozdan qorunmaq üçün nə etməli?

- Ca-la zəngin olan pəhrizə riayət etməli, piyada gəzməli, ağırlıq daşımamalı, günəşli günlərdə, açıq havada dərinin günəşlə təmasını təmin etməli;
-siqaret, alkoqol və bəzi dərmanlar (sümük kütləsini azaldan) qəbul edilməsindən çəkinməli;
–sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır.
Oturaq həyat tərzi keçirən insanlar hər saatdan bir 10 dəqiqə istirahət və ya gimnastika etməlidirlər.

Osteoporozun profilaktikası üçün hansı qidaları qəbul etməli?

- Süd və süd məhsullarının tərkibində həkim məsləhəti ilə gündə 1-1,5q Ca preparatları qəbul edilməlidir.
Ca ilə zəngin olan qidalar - mal əti, qoz, üzüm, şüyüt, cəfəri, şomu, lobya, brokkoli, soya, kələm, portağal, tomat suyu və s. qəbul edilməsi məsləhət görülür.
Osteoporozun erkən və düzgün müalicəsindən sonra yaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Oxşar məqalələr

2 şərh

Samir012
Osteoporoz xəstəliyi müasir düvrün böyük problemlərindəndir, Mənim fikrimcə problem hələ uşaqlıq yaşlarından başlayır.