Istinad-hərəkət aparatının xəstəlikləri

İstinad-hərəkət aparatının xəstəliklərinə oynaqların çıxıqları, sümüklərin sınıqları, oynaqların iltihabı (artrit), sümüküstlüyünün iltihabı (periostit), osteomielit (sümük iliyinin və sümüyün iltihabı), əzilmələr, zədələnmələr, yanıqlar, yaralar, donmalar, qanqren, şüalanmalar, sümük və oynaqların vərəmi, onların şişləri və s. daxildir.
Əzilmə. Əzilmə dəri tamlığı pozulmadan gedən toxuma zədələnməsinə deyilir. Simptomları: ağrı, şişkinlik, temperaturun yerli yüksəlməsi, qansızma, yerli funksiya pozulması və s.
Müalicə: sakitlik, zədələnmiş nahiyəyə yüksək vəziyyət vermək, soyuq kompres, buz qovuğu qoymaq, 2-3 gün sonra qızdırıcı kompreslər. İri qansızmalarda punksiya edib, qanı sorur, sarğı qoyurlar.

Osteomielit. Osteomielitin törədicisi stafilokoklardır. İnfeksiya qanla keçir. Simptomları: xəstədə qəfil üşütmə, qusma, temperaturun yüksəlməsi, susuzluq hissi və s. Yerli əlamətlər: hərəkətin pozulması, ağrı, şişkinlik, qızartı, temperaturun yüksəlməsi.
Müalicə: xəstəni tez xəstəxanaya yerləşdirmək, antibiotiklərlə və ümumi simptomatik müalicə aparmaq lazımdır.

Artrit. Oynaqda kəskin ağrılarla başlanır. Hərəkətlər pozulur, yüksək temperatur, başağrıları, ümumi halsızlıq müşahidə edilir, iştaha, yuxu pozulur və s. Əsasən fizioterapevtik üsullarla müalicə edilir. Yerli və ümumi əlamətləri aradan qaldırmaq üçün də tədbirlər görülür.
Sümük vərəmi vərəm çöplərinin sümük toxumasını zədələməsi ilə başlanır. Xəstəlik ümumi zəiflik, halsızlıq, hərəkətin pozulması, rəngin avazıması ilə təzahür edir. Ağrılar olur, temperatur yüksəlir, əzələ ağrısı, gərginliyi və s. hallar özünü göstərir.
Müalicə yerli və ümumi aparılır. Ümumi müalicədə orqanizmin möhkəmləndirilməsi birinci yerdə durur. Vərəmə qarşı preparatlardan istifadə olunur. Yerli müalicə isə xəstə sümüyün deformasiyasının qarşısını almağa yönəldilir, lazım gələrsə, gips sarğılarından istifadə edilir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

0 şərh