DOKTOR ƏLİ ŞƏRİƏTİ QURAN HAQQINDA

Ey ziyalı dost! İslama qarşı baş vermiş təxribatlar göstərir ki, düşmən Qurandan qorxur. Sən Quranın əzəmətini düşməndən öyrən. Məgər, səni qucağına çağıran hiyləgərin qorxusu sənə Quran haqqında bir söz demir?!

Onların çirkin fəaliyyətləri nəticəsində düzgün düşüncə və əməl yolunu göstərən bir kitab təbərrük, istixarə, and vasitəsinə çevrildi. İslam dininə iman gətirənlər Qurana təzim etməklə, onu taxçanın başına qoymaqla, ona dəstəmazsız əl vurmamaqla, səfərə çıxanın başına tutmaqla öz vəzifələrini bitmiş hesab etdilər. Ey cəmiyyətinin, mühitinin və mədəniyyətinin süqutundan əzab çəkən qardaşım, hansı Qurandan danışırsan?! Sən savadsız dindarı qınayırsan. Amma onun haqqı var ki, oxumadığı Qurana iman gətirsin. Sənin isə haqqın yoxdur ki, oxumadığın, mətləblərini araşdırmadığın bir kitabı rədd edəsən. Sənin düşündüyünün əksinə olaraq bu insanları zəifliyə düçar edən Quran deyil. Bu insanlar Quranla həqiqi ünsiyyəti tərk etdikdən sonra tənəzzülə uğrayıblar.

Ey agah ziyalı! Əgər Quranın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol.

Bilirsənmi istismar körüyündə qovrulan Şimali Afrikada azadlıq hərəkatı necə başlayıb? Şüarı «Bütün müsəlmanların Qurana qayıdışı» olan Seyyid Camal məktəbinin davamçısı Məhəmməd (əbdüh) Şimali Afrikaya qədəm qoyduğu gün! O, din alimlərini toplayıb onları köhnə fəlsəfədən çəkinməyə və xalqı Quranın həqiqi siması ilə tanış etməyə çağırdı.

Həmin vaxt Quran yenidən tədris olunmağa başladı. Hətta kənd məktəblərində əsaslı bir proqram şəklində Quran təlimləri həyata keçirildi. Qurandan istifadə etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son qoyuldu. Hansı ki, əvvəllər istismar boyunduruğu altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt fransız generalları Arqo və Salan Əlcəzairin, Tunisin, Mərakeşin, Mavritaniyanın qanını sorur, bu ölkələrdə koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə əylənən bir general Parisə—öz arvadına yazırdı: «Biz hamımız yaxşıyıq — mən də, itim də, ərəbim də!» Bəli, bu müsibətlər baş verdiyi vaxt mö᾽minlər zikr və duaya məşğul idilər.

Amma Quran taxçadan düşüb həyata qayıdan kimi müsəlmanlara anlatdı ki, dünyada zəlil ölən axirətdə zəlil qalxacaqdır. İnsanlar anladılar ki, İslamda Allaha yaxınlaşmağın yeganə yolu əql və düşüncə, elm və bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla əlbirdir. «Həyatın əqidə uğrunda cihaddan ibarət olduğunu» dərk etdilər. Başa düşdülər ki, İslam fərdi ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, cihad peyğəmbəridir. Onun risalət hədəfi agahlıq və ədalətdir!

Bildilər ki, Allah-taala dəmiri ədalət tərəzisi, ədalət tərəzisini isə vəyhlə yanaşı xatırladır. Anladılar ki, imanlı cəmiyyətin nişanəsi özününkülərlə mehribanlıq, düşmənlə sərtlikdir. Bu cəmiyyət qüdrət və şərəflə seçilir. Əgər istismar altında olan cəmiyyət dözümsüz və biganədirsə, demək, onların din hesab etdiyi həqiqi İslam deyil. Onların nə namazları, nə orucları, nə duaları, nə həccləri həqiqi ibadətlərdən sayıla bilməz. Həqiqi ibadət edən şəxs cəmiyyətdəki ədalətsizliklərə biganə qalmır!

Bəli, Quran onun mahiyyətinə varan xalqları ayıltdı və anlatdı ki, ən böyük dini vəzifə cəmiyyətdəki süqutun qarşısını almaqdır. Quran insanları inandırdı ki, dua vasitəsi ilə şəhadət savabı qazanmaq əvəzinə, ələ silah götürüb Fransa istismarı ilə vuruşmaq lazımdır. Süqut etmiş həmin dini cəmiyyətlər Quranın köməyi ilə ayıldılar və cihada qalxdılar. Xalqdan uzaqlaşmış ziyalılar istismara qarşı mübarizədə İslamın gücünü görüb, bu əzəmətli hərəkata qoşuldular. Beləliklə, xalq xurafatdan, ziyalılar isə qərbpərəstlikdən xilas oldular. Afrikada marksizmin dayaqlarından hesab olunan mütəfəkkir Ömər Ozqan İslama iman gətirib, «Ən böyük mübarizə» kitabını yazdı. «Əlcəzair milli tələbə təşkilatı» adını götürdü. Dindarlar arasında yeni ruh tapan din, dindar olmayan ziyalıları da cəzb etdi. Əlcəzair kommunist partiyasının orqanı olan «Əlcəzair respublikası» qəzetinin baş redaktoru fransız mənşəli Henri Aleq İslam mücahidləri sırasında həbsdə olarkən yazır: «Belə bir yerdə işkəncələrdən danışmaq düz çıxmır. Burada hər saatda bir ağır işkəncələrdən sonra qanlı dodaqlarında dua pıçıldayan birini həyətin ortasına tullayırlar. Mən bu kəlmələrin mənasını başa düşmürəm. Amma bu vaxtadək eşitdiklərim arasında yalnız bu kəlmələrə inanıram».

Həmin illərdə qərb təcavüzü qarşısında qazanılmış qələbələrin yeganə səbəbi Qurana həqiqi yanaşma olmuşdur. İnsanlar anlamışlar ki, Quran büt yox, həqiqət yolunu göstərən mayakdır. Demək, Quran yalnız o zaman faydalı olur ki, oxunur, düşünülür, açıqlanır və onun göstərişlərinə əməl edilir. Əlbəttə ki, Qurana belə bir yanaşma istismarçıları qəzəbləndirir. Ona görə də Afrikada Fransa istismarının quduz canavarı Sustel deyir: «Quran dini kitab deyil. Bu kitab insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş və intiqama qaldırır. Zəlil bir cəmiyyəti Quran kimi hərəkətə gətirəcək ikinci bir qüvvə yoxdur. Quran öz sehirli kəlmələri və e᾽cazkar avazı ilə ən ölü qəlbləri diriltmək gücündədir...».

Yəqin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin ekspansionist siyasəti yolunda can qoymuş yəhudi məsləkli bu baş nazir İngiltərə parlamentində Quranı tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab müsəlmanlardadır, ingilis siyasəti qarşısında mütilik olmayacaq!».

Dilindən bu sayaq təhqirlər çıxaranlar Quranın hansı təsirə malik olduğunu təcrübədə görənlərdir. Düşmənlər Quranın tə᾽sir dərəcəsini İslam alimlərindən daha dəqiq təfsir edirlər. Çünki həm düşməndirlər, həm də xəyali məfhumlardan uzaqdırlar. Bu insanlar artıq dərk etmişlər ki, oxunub düşünülən Quran istismarın qənimidir.

Qurani-kərimin «Şura» surəsində buyurulur: «O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər; və o kəslər üçün ki, onlar zülmə, təcavüzə məruz qaldıqda intiqam alarlar; hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir; zülmə məruz qaldıqdan sonra onun əvəzini çıxanlara heç bir cəza verilməz».

Məşhur «Mədəniyyət tarixi» kitabının müəllifi Vill Dorant Quran haqqında deyir: «Quranın «Sizə qarşı həddi aşanlara siz də həmin ölçüdə həddi aşın» ayəsini, İncilin «Sol üzünüzə sillə vursalar, sağ tərəfini də gətirin və əgər əbanızı istəsələr, ridanızı da bağışlayın» ayəsi ilə müqayisə etsək aydın olar ki, Quran «mərdanə əxlaq», İncil isə «qadınsayağı əxlaq» təlim edir». Demək, bu günkü müsəlman cəmiyyətləri Quran prinsipləri ilə daban-dabana ziddir. Ekspansionist fransız generallarının necə bir din arzuladıqları da məlum olur!

Ey haqq axtaran ziyalı! Sən cəmiyyətdə insan şəxsiyyətinin alçaldılmasından əziyyət çəkirsən və bilirsən ki, Quran ən azı peyğəmbər dövründə bu şəxsiyyəti zülmətdən çıxarıb. Amma bu gün Qurana xurafatçı dindarların gözü ilə baxırsan. Axı ziyalı şəxs məsələlərə səthi yanaşmamalıdır. Sən Quranı necə tanımısan? Bu istiqamətdə hansı şəxsi axtarışların var. Qurana münasibətin göstərir ki, sən Quranı yox, düşmənin çəkdiyi Quranın şəklini tanıyırsan. Sənin tanıdığın Quran — cahillərin əlindəki istixarə və and Quranıdır!

Quran düşüncə yolu ilə tanınmalıdır. Onu açıb oxumaq, məqsədləri barədə düşünmək, tarixi yolunu araşdırmaq, son 150 ildə Asiyada və Afrikada istismara qarşı qiyamlarda rolunu təhqiq etmək lazımdır. Bu yanaşma tərzi hər bir səmimi insana sübut edir ki, Quran — düşüncə, azadlıq, ədalət və tərəqqi kitabıdır.

 

0 şərh