Təhsilimizin “epitet” və “etiket” vurğunluğu

    Belə gorünür ki, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir tədbirimiz, təhsilimiz və onun mövcud durumu ilə bağlı iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşməyəcək.

    “Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq… orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”. Bu sözləri AMEA prezidenti orta məktəblərə yönəlik tənqidi çıxışında deyib.

    Təhsil Naziri isə son dövrlərdə ali məktəblərin fəaliyyət istiqamətlərinə dair fundamental və elmi araşdırmaların aparılmasının obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçməsindən şikayətlənib: “Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidir”.

     Bir müddət öncə isə PA rəhbəri “hazırda Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajın; verməklə, yaranmış vəziyyətin acı mənzərəsinə diqqət çəkmiş, hakimiyyətin əsas aparıcı simalarından olan şəxs kimi administrasiya başçısının dedikləri media tərəfindən mövcud durumun yüksək səviyyədə etirafı kimi dəyərləndirilmişdi.

     Bir daha şahidi oluruq ki, təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqalar aparan institutlarımız universitetlərə çevrildikdən sonra kəsə və loru dildə desək, həm Əli aşından olub, həm Vəli.

     Paradoksa diqqət yetirin. Ölkəmizin ildən-ilə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasına daxil olması, regionun iqtisadi cəhətdən ən inkişaf etmış ölkəsinə çevrilməsi fonunda, universitetlərimiz nüfuzlu beynəlxalq reytinqlərin “3 minlik” siyahısına belə düşməkdə problem yaşayir. Biz isə cəmi 30 ölkəni əhatə edən “QS” agentliyinin Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqində üç universitetimizin yer alması və 100 ali məktəb arasında son 71-80-cı yerlərdə qərarlaşması ilə özümüzə təsəlli tapırıq.

     Nəyə görə iqtisadi gücləri üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqda olmalıdır? Bu suala, nəhayət, cavab tapılmalıdır ya yox? Nəvaxtadək məlumu naməlum kimi təqdim edəcəyik? Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməyəcəyik?

      Yaşlıları demirəm, orta yaşlı nəsil belə xatırlamamış olmaz ki, çox da uzaq olmayan Sovet dönəmində alış-veriş etmək üçün ixtisaslaşmış mağazalar və bir də univermaq olduğu kimi, ali təhsil almaq üçün də institutlar, bir də universitet fəaliyyət göstərirdi. Ayrı-ayrı mağazalarda təyinatına uyğun olaraq ərzaq, qalantereya, ya da sənaye və ya təsərrüfat malları satılardı. Univermaqlar isə universallığı ilə seçilərdi. Yəni anlayışlara uyğun mahiyyət fərqi də vardı. Eyni prinsiplər təhsil müəssisələrinə də şamıl edilirdi. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşıyırdı. Bəlkə də Sovet dövründə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı. Sadəcə olaraq, o dövrün Pedaqoji İnstitutunun buraxdığı müəllim kadrları ilə indiki müvafiq profilli universitetlərin kadrlarını müqayisə edin.

     Əlbətdə razilaşmaq olar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçid balını 150-yə endirməsi məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı son çıxış yoludur. Dövlət qurumunun məlum qərarına görə onu qınamaq ədalətsizlik olardı. Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə müəllimdən deyil, eyni zamanda, o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir. Digər tərəfdən 150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək, o qədər də çətin deyil. Bu, mənim subyektiv fikrim olmayıb, artıq cəmiyyətdə formalaşmış ictimai rəyin danılmaz bir nümunəsidir.

    Universitetləri bitirən “diplomçularımızın” işə düzəlməyi, özlərinə gələcək karyera qurmaları üçün hansı məşəqqətli yollardan keçməsi – əlavə kurslara, təlimlərə, treninqlərə müsabiqə və imtahanlara məruz qalması isə başqa söhbətin mövzusudur.

     Zaman dəyişdikcə mağazalar universamlara, marketlərə çevrildiyi kimi bütün institutların da universitet və akademiyalara çevrilməsi zamanın tələbi idi, yoxsa zamanı qabaqlamaq istəyi? Bəlkə, beynəlxalq təhsil sisteminə inteqrasiya maraqları bizi qabaqlayıcı tədbirlərə əl atmağa sövq edib? Bəlkə zənn etmişik ki, təhsilimiz də ölkəmizin iqtisadi inkişafına adekvatdır? Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə, dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu, Tbilisi Dövlət İdarəetmə institutu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəalyyətini davam etdirir. Deyək ki, Norveçdə 6 universitet olduğu halda, 25 institut mövcuddur. Qonşu Gürcüstanda isə 26 dovlət ali məktəbindən yalnız 8-i universitetdir. Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır.

      Universitetlərin tarixi ilə az-çox maraqlananlar bilməmış deyillər ki, Avropada 425-ci ildə yaradılan ilk ali təhsil müəssisəsi Konstantinopol universiteti yalnız 848-ci ildə bu statusu alıb. 1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakültələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib.

     Daim ən nüfuzlu reytinqlərin “onluğunda” birincilər sırasında qərarlaşan, kompyuter və robot texnologiyaları mərkəzi, elm və texnika lideri, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanir.

    Əgər nəzərə alsaq ki, institut (latınca “institutum”) müəssisə, təsisat anlamina gəlib, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, universitet (latınca “universitas”) toplu, məcmu mənasını verən mütəxəssis hazırlığı ilə yanaşı, həm də əlavə təhsil proqramlarını həyata keçirən çoxprofilli aparıcı ali təhsil müəssisəsi, akademiya (yunanca “akadema”) elmi təşkilat, cəmiyyət olaraq fundamental və tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidirsə, deməli bunların hər birinin təyinatı da fərqlidir.

     Biz 15 illik fasilədən sonra qəbul etdiyimiz Təhsil haqqında Qanunda istifadə olunan anlayişların mənalarını ifadə edərkən 1.0.4. (akademiya), 1.0.25. (institut),1.0.53.( universitet ) bəndlərinin mahiyyətini, sanki bilərəkdən eyniləşdirərək, hər üç müəssisəyə eyni şərtlər və tələblər – ali təhsilli mütəxəssis hazırlığı, əlavə təhsil proqramlarını həyata keçirmək, elmi tədqiqatlar aparmaq səlahiyyətləri verərək məqsədindən, vəzifəsindən, maddi texniki bazasından, kadr potensialından asılı olmayaraq, istənilən fəaliyyət göstərən və yeni yaradılan müəssisəyə istənilən adı və statusu seçməyə şərait yaratmışıq.

      Biz də ki, (göz dəyməsin) epitet, yarlıq,… etiketka həvəskarı kimi Harvard, Oksford, Kembric, Pristonlar universitet olduğu halda, misal üçün, “Təfəkkür”, “Asiya”, “Biznes” niyə institut olsun deyib, daha “aktual” səslənən adı seçmişik. Çox güman ki, Boloniya prosesinin iştirakçısı olmaq da işimizə yarıyib. Bu zaman əhəmiyyət vermədiyimiz, bəlkə də xəbərsiz olduğumuz bir detalı nəzərə almamışıq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sarbonna (1215), bugünki tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər bu adı almaq və bu nüfuzu qazanmaq üçün çox əsrlik bir yol keçiblər. Zaman-zaman hektarlarla əraziyə sahib olublar, özlərinə müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi-tələbə şəhərciyi (kampus) yaradıblar, elmi-tədqiqat institutları, kollecləri, elmi laboratoriyaları, qapalı yataqxanaları, fundamental kitabxanaları, arxivləri, nəşriyyatları, muzeyləri, herbariləri, botanika bağları, yaxt klubları, tələbə teatrları, yaradıcılıq mərkəzləri, dərnəkləri olub, hər tələbəyə tyutor xidməti göstərilıb və s.

     Heç bir maddi-texnika bazaya, müvafiq infrastruktura, adi yataqxanaya belə malik olmayan, pedaqoji personalı qohumlardan və yaxınlarından ibarət olan, tədris korpuslarını arenda əsasında icarəyə götürən “ailə universitetləri” açmağa, bir müddət sonra isə bəzilərini bağlamağa, digərlərini isə necə bağlamaq yolunu tapmaq üçün baş sındırmağa ehtiyac var idimi? Bütün mövcud institutları ucdantutma universitetlərə və akademiyalara çevirməyə hazır idikmi?

     Belə çıxır ki, seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub.

      İndi də dövlət və özəl universitetlər azmış kimi, Milli universitetlər yaratmaq sevdasına düşmüşük. Bütün ali məktəblər – istər özəl olsun, istərsə də dövlət məktəbləri, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə iki qrupa – adi və milli statuslu universitetlərə bölünəcək. Bu universitetlərin hansı səviyyədə keyfiyətli təhsil vermə imkanlarını yəqin ki, zaman göstərər. Ancaq “adidən” “milliyə” keçmək uğrunda gedəcək universitetlərarası “nüfuz savaşınin” konturlarını bəri başdan təsəvvür etmək o qədər də çətin deyil.

      İndi “özəllərə” adi baxıldığı kimi, “dövlətlərə” də adi baxılacaq. Çünki milli sözündə bir əzəmət var, qürur var, ecazkarlıq var. Biz isə qürurumuzu hər şeydən üstün tutan xalqıq və hesab edirik ki, milli universiteti bitirmədən milli ruha, milli düşüncəyə sahib olmaq mümkün deyil.

     Deyə bilmərəm 1930–cu ildə yaradılan Jukovski adına “Xarkov Aviasiya İnstitutu”nu sonralar “Milli Aerokosmik Universiteti” adlandıranda bu nüanslar nəzərə alınıb, yoxsa yox.

     Ancaq bir şeyi dəqiq bilirəm ki, məktəb, lisey, gimnaziya, kollec, institut, universitet, akademiya ayrı-ayrı şeylərdir. Gəlin çalışaq hər şeyi öz adı ilə çağıraq. Formaya diqqət çəkəndə məzmunu da unutmayaq. Elə etməyək ki, sonda bal və şorun eyniləşdirildiyi yerdə nə baş verə biləcəyi haqda lətifə həqiqətə çevrilmiş olsun.

P.S. Bir də ki, bir mahnıda “yaşın nə fərqi var ki…” deyildiyi kimi, adın da nə fərqi ola bilər ki, onsuz da ARDNŞ-in nəzdində son zamanlar yaradılan “Ali Neft Məktəbi”nə keçid balı bir zamanlar AZİ deyilən, sonralar akademiyaya çevrilən qocaman ADNA-dan yüksəkdir. Nə deyim. Qloballaşırıq, amma sürət hədini də gözləmək lazimdır. Ən çox hadisələr sürət həddinı aşanda baş verir.

 

Nadir İsrafilov, təhsil eksperti

3 şərh

MURAD_SEYFULLAYEV
Makyaja başı qarışan, dili pəltəyləşən can, məhvin suyla yuyulan makyaj kimi tez olacaq. 
Shabnam_Ilham
Maraqlı mövzuya toxunulub. Oxuyanda birdən universitetdə müəllimimdən soruşduğum sual yadıma düşdü. Soruşmuşdum ki,Müəllimlər İnstitutu ilə Pedaqoji Universitetin fərqi nədədir? O möhtəşəm cavabla qarşılaşdım. Müəllimlər İNSTİTUTDUR, Pedaqoji UNİVERSİTET. Universitet institutdan yüksəkdir. Amma nədənsə o yüksəkliyi görə bilmədim. Başqalarını deyə bilmərəm, mən oxuduğum müddətdə nəsə savada yiyələnə bilmədim çox təəssüf. 
pascal
Çox maraqlı mövzudur. Təhsil sistemindəki belə forma ilə məzmunun bir-birinə qarışmasını bir sözlə anlatsaq — altı təzək, üstü bəzəkdir.