DNT-nin ilk foto şəkli

DNT-nin cüt zəncirdən ibarət modeli 1953-cü ildə qəbul edilmişdi. Elm adamları Ceyms Vatson və Frensis Krikin təklif etdiyi bu modelin qəbul edilməsindən 59 il sonra həyatın özünü təşkil edən zəncirlərə aid ilk həqiqi fotoşəkil çəkilib.

Məlum olan bütün canlı orqanizmlərin inkişafı və həyat funksiyaları ilə əlaqədar əsas məlumatları ehtiva edən DNT zəncirlərinin ilk dəfə foto şəkli çəkilib. İtaliyanın Maqna Qrasia Universitetində fizika professoru Enzo Di Fabrizio elektron mikroskopu ilə DNT-nin foto şəklini çəkib.

Elm adamları Di Fabrizionun uğurundan əvvəl DNT-nin quruluşunu müxtəlif vasitələrlə müşahidə etmişdi. DNT-nin cüt spiral formasındakı quruluşu ilk dəfə rentgen kristalloqrafiyası adlanan metodla müəyyən edilmişdi. Bu metodda rentgen şüalarının cisimlə toqquşduqdan sonra necə əks olunduğuna baxaraq cismin forması müəyyən edilir.

 “Nano Letters” jurnalında dərc edilən məqalədə Di Fabrizio və həmkarları DNT-nin gizli görüntüsünü üzə çıxaran yeni metod vasitəsilə nano ölçüdə su keçirməyən silikon sütunlar inşa edib. Daha sonra silikona tərkibində DNT zəncirləri olan məhlul tökülüb. Su sürətlə buxarlanıb və yerdə ip formasında DNT zəncirləri qalıb.

İtalyan elm adamı daha sonra silikon yatağındakı dəliklərdən elektron şüaları göndərib və molekulların yüksək pikselli görüntülərini əldə edib. Görüntüləri əldə edilən DNT zəncirləri cüt spiral kimi deyil, bir-birinə düyünlənmiş çoxsaylı tel kimi görünüb. Bunun səbəbi kimi elektron şüalarının cüt spiralı və ya spirallardan birini məhv edəcək gücdə olması göstərilir.

“New Scientist” jurnalına müsahibə verən Di Fabrizio daha həssas təchizat qurub zəif enerjili elektronlarla işıqlandırma edərək DNT-nin təbii quruluşunu pozmadan görə biləcəklərini ifadə edib.

Bu uğur bir gün DNT-nin (dezoksiribonuklein turşusu) RNT-lər kimi digər həyat blokları ilə qarşılıqlı əlaqəsini daha yaxşı müşahidə etməyə kömək edə bilər.

0 şərh