Daha heç kim jurnalistikaya yazmaq, göstərmək və ya danışmaq həvəsilə gəlmir

Doğrusu, mən heç vaxt cəmiyyətimizin siyasətçilər və jurnalistlər haqqında dediklərini bölüşməmişəm: bilirsiniz, bu on illər ərzində baş verənlərdə cəmiyyətin məsuliyyəti heç də az deyil, ən azı ona görə ki, biz daha məsuliyyətli, savadlı və azad cəmiyyət olsaydıq jurnalistlərimiz və siyasətçilərimiz də başqa cür olardı.
Odur ki, «Hər cəmiyyət özünün sosial-siyasi strukturuna adekvatdır” kimi çeynənmiş fikirləri burada bir daha hallandırmadan bircə onu deyəcəm ki, ən azı iki yüz ildir ki, hamı elə eyni sözü deyir: „Biz niyə beləyik?”. Bir kimsə demir ki, “Axı mən özüm niyə beləyəm? Niyə mən alman, fransız və yaxud da amerikalı kimi deyiləm?”...
Amma yaxamı qırağa çəkməyi də qətiyyən sevmirəm. „Guya siz jurnalistlər nə etdiniz? On altı səhifəlik kağız qəzeti də qoruya bilmədiniz!” kimi iradları eşidəndə sadəcə, susuram. Ona görə susuram ki, müəyyən dərəcədə haqlıdırlar; “ənənəvi mətbuat” deyilən sferada elə həqiqətən də öyünüləsi şey qalmayıb – hətta „Yazılı mətbuat artıq tarix olub” demək bəlkə də daha düzgün olardı.
Jurnalistika
Təsəvvür edin, belə vəziyyətdə beş-üç adam hələ də faktiki olaraq mümkünsüz olanı etməyə çalışırlar – bu mümkünsüzlük də odur ki, sənə maliyyə verən hökuməti durub tənqid — təftiş atəşinə tutmayacaqsan ki?!
Yəni böyük hesabla tənqidçi jurnalistikanın yaşaması üçün artıq nəinki siyasi-iqtisadi, heç mənəvi zəmin də yoxdur. Amma adam tamam dəyişə və robot kimi səhərdən axşamadək tərif düzüb –qoşa da bilmir, çünki bir çox aspektlərdən gerçəkliyimiz tərifdən çox uzaqdır. Odur, hər yazıda bir sözlə, bir cümlə ilə nöqsanlara da işarə vurmaq lazım gəlir–bəli, daha yazmaq və araşdırmaq yox, sadəcə işarə vurmaq, özü də o ümidlə ki, bəs arifə bir işarə də bəsdir. İndi nə qədər bəs edir, etmir –bu, artıq ayrıca bir məsələdir...
Hələ onu demirəm ki, bununçün də titanik əmək sərf etmək lazım gəlir – səbəbi də budur ki, jurnalistikadakı yeni rəhbər nəsli heç təsəvvürünə də gətirmək istəmir ki, nöqsanlardan da yazmaq, tənqid etmək də olar. Yox, xoşun çəkir, Paşinyandan yaz, amma ondan da elə yaz ki, belə təsəvvür yaranmasın ki, biz Nikol müəllimin yox, tutaq Robert müəllimin tərəfini saxlayırıq! İrandan yazmaq olmaz, çünki cənub qonşumuzdu, Rusiyadan yazmaq olmaz, çünki şimal qonşumuazdu, Gürcüstandan yazmaq olmaz, çünki Qərb qonşumuzdu!.. Hələlik bir Ermənistandan yazmaq olar, o, da oan görə ki, bu ölkə bizimlə qonşuluq eləmək istəmir!..
Qərəz, vəziyyət belədir və biz də bəzən müəyyən tənqidi fikirləri ona görə yaza bilirik ki, mediada hələki bir-iki yaşlı nəsil redaktoru qalıb, onlar daha azad və sərbəst durumlar görüblər, jurnalistika haqqındakı təsəvvürləri və fikirləri gənc nəslin fikirlərindən bir qədər fərqlidir.
O ki qaldı bizim bu gənc nəslə, adətən hamı “Gənclik gələcəyimizdir” deyir və əgər bu sözlərdə həqiqət varsa, deməli bizim jurnalistikamızın heç bir gələcəyi yoxdur.
Birincisi, ona görə ki, daha heç kim jurnalistikaya yazmaq, göstərmək və ya danışmaq həvəsilə gəlmir. Bəzisi bu sferada beş-üç qəpik çörək pulu qazanmaq üçün girələnir, bəzisi isə jurnalistikadan bir tramplin kimi istifadə etməyi düşünür: bəli, düşünürlər ki, bəzi məmurlarla bir az aranı sazlayandan sonra dövlət strukturlarının birində, heç olmasa, hansısa bir mətbuat xidmətində bir vəzifə almaq olar...
İkincisi, indiki gənclik başqa bir ab-hava da görməyib. Bizim onlardan fərqimiz budur ki, 80-cı və 90-cı illəri görmüşük və nə ediriksə, nə ilə fərqləniriksə, həmin illərdə gördüklərimizin sayəsindədir, Bəs gənclik nə görübdür ki, durub nədənsə də yazsın?
Odur ki, biz beş –üç nəfər yazarlar da bəlkə də sonuncularıq. O ki qaldı ən azı yaxın gələcəyə, adamın yadına məşhur filmin sözləri düşür: „Bu elə bir səhralıqdır ki, hətta üfüqlərində də keçici qırmızı bayraq görünmür”. Heç sözsüz ki, əbədi olaraq belə olmayacaq, gec-tez “keçici qırmızı bayraq” da görünəcək, amma bu, dərhal olımayacaq, özü də elə-belə olmayacaqdır və elə bu səbəbdən bir daha deyirik: bir müddət hətta bizdən də olmayacaq və hətta bizi də həsrətlə xatırlayacaqsınız. Odur ki, on dəfə qınayanda bir dəfə də başa düşməyə çalışın: neçə illərdir ki, biz mümkün olmayanı gerçək etməyə çalışırıq...
 
 
Mənbə: blogum.az
 

0 şərh