Müsahibə texnikası

Müsahibə aparmağın bəzi praktik üsul və yollarına göz yetirək.

6.1.MƏŞQ-GƏZİŞMƏ

Müsahibə aparmağa hazırlaşarkən, bir neçə dəqiqə ayırıb, müsahibəverənlə məhrəm söhbətə girişin və onu çəkilişə kökləyin.Adamların çoxu üçün bütövlükdə müsahibəyə hazırlıq prosesi - işığın qurulması, mikrofonun sazlanması və s. özü-özlüyündə qeyri-adi və maraqlıdır. Sizin vəzifə - bu prosesi pozmadan və məqsəddən diqqətinizi yayındırmadan müsahibəverəni "dilləndirməyə" çalışmaqdır. Siz bir növ buzu sındırmalısınız.
Təcrübəsiz adamlardan müsahibə götürəndə, unutmayın ki, onlar çox vaxt özlərini necə aparmağı bilmirlər. Deməli, bir neçə peşəkar məsləhətiniz yerinə düşər və onlar suallarınıza utanıb çəkinmədən, həm də inamla cavab vermək şansı qazanar.
İşıq və mikrofonlar quraşdırılarkən müsahibəverənlə ümumi söhbətlər aparın, onunla şəxsi ünsiyyət yaratmağa çalışın ki, müsahibə zamanı bütün diqqəti kamerada və s. texnikada yox, sizdə olsun. Ancaq bunu yadda saxlayın ki, məşqlərdə məqsəd idmançının qızışmasıdır, alışıb-yanması deyil. Adamların heç də hamısı eyni mətni bir neçə dəfə inandırıcı şəkildə təkrarlaya bilmir. Buna görə də məşq zamanı daha ciddi və önəmli suallar verməkdən çəkinin. Bununla yanaşı, müsahibəverənlə söhbət mövzusunu məşq edərkən müsahibədə əksini tapacaq mətləblərə yaxınlaşın və mövzuya tamamilə yad "son zamanların kino sənətində hansı yaxşı cəhəti qeyd edə bilərsiniz?" kimi suallardan istifadə etməyin.
Məşqi uğurlu keçirsəniz, müsahibəverən də sakitləşəcək, diqqətini dartışdırılan məsələlərdə cəmləyəcək, teletexnika onun diqqətini yayındırmayacaq, bir sözlə o, müsahibəyə hazır olacaq. Çox küman ki, siz də suallarınıza tam, təbii və inandırıcı cavablar ala biləcəksiniz.

6.2. TƏKRAR SUALLARA HAZIRLIQ

Bəzən müsahibə videoya yazılarkən və ya birbaşa efirdə göstərilərkən məşq zamanı verdiyiniz sualları təkrar etməyə zərurət yarana bilər. Buna görə də elə məşq vaxtı müsahibəverənə xəbərdarlıq edin ki, indi verdiyiniz suallardan bəzisi veriliş zamanı təkrar edilə bilər. Anladın ki, bu sualların cavabı seyrçidən ötrü çox önəmlidir. Əks halda, müsahibəverən sizə söyləməsə də öz-özünə düşünə bilər ki: "ay axmaq, biz bu barədə danışmışıq da".
Müsahibəni məşq etmək və ya müsahibinizindən məhz sizə lazım olan cavabları qoparmağa çalışmaq etikadankənar sayılır. Sadəcə, müsahibinizə bildirin ki, kamera qoşularkən də bənzər suallara hazır olsun.
Əgər müsahibiniz çox utancaq və ya tərsdirsə, 6.1. və 6.2. bölmələrində nəzərdən keçirilən üsullar özünü doğrultmayacaq.

6.3. QIZIŞDIRICI SUALLAR VERMƏYİN

Əgər daha faydalı informasiya almaq istəyirsinizsə, aramla, həm də konkret suallar verməyə çalışın. Kobudluq etsəniz və ya müsahibəni aqressiv aparsanız, müsahibiniz ya cavab verməkdən boyun qaçıracaq, ya da əks hücuma keçəcək.
Sizə nə lazımdır - öz qəzəbinizi bildirmək, yoxsa verilən suala cavab almaq. Yaxşı nəticə o vaxt olur ki, siz həm inadkarlığınızı qoruyursunuz, həm də sayqı və nəzakətinizi. Bu heç də o demək deyil ki, qəliz suallar verə bilməzsiniz. Sualları inamla, sərt şəkildə, ancaq ifrat duyğulara qapılmadan verin və unutmayın ki, "arvadınızı döyməkdən nə vaxt əl çəkəcəksiniz" qəbilindən qızışdırıcı suallar tamamilə yersizdir.

6.4.HƏR DƏFƏ YALNIZ BİR SUAL

Eyni zamanda iki sual verməyin. Müsahibiniz ya o sualların birindən yayınacaq, ya da birinə cavab verib o birini unudacaq. Sualları tək-tək verməyə özünüzü alışdırın. Ən yaxşı nəticələri belə qazanmaq mümkündür.Siz iki sual verəndə onların cavabı bir-birinə qarışa bilər və bu, montaj zamanı əlavə çətinlik törədər - axı sizə bircə sualın cavabı lazımdır.

6.5. MÜSAHİBİNİZƏ SÖZÜNÜ BİTİRMƏK İMKANI VERİN

Sizi düşmən sayan müsahiblərinizə öz fikrini axıradək bildirmək imkanı yaradın. Onların sözünü kəsməyin, dediklərinin hamısını dinləməyə çalışın. Yalnız söylədiklərində ziddiyyət görəndə və ya cavabdan yayındığını hiss edəndə fikrinizi bildirin.

6.6. MÜSAHİBƏVERƏNİ SUALDAN YAYINMAĞA QOYMAYIN

Öncə verdiyiniz suala cavab almadan sonrakı sualı səsləndirməyin. Cavaba qulaq asın. Müsahibinizin öz cavablarında mətləbdən yayındığını görəndə özünüzü bilməməzliyə vurun və sadə suallara o cür cavabına dinməyin. Ancaq sonra onu söhbətin həlledici sualına cavab verməyə məcbur edin. Bu zaman möhkəm olun, elə hesab edin ki, döyüşün həlledici anı çatıb. Bütün qüvvənizlə cavab almağa çalışın.
Zaman və lent korluğu çəkəndə azönəmli sualları bir qırağa qoyub, birbaşa həlledici suala keçin. Xüsusən müsahibiniz cavab verməyə çox da həvəs göstərməyəndə.
Hər vasitə ilə suallardan yayınan adamla müsahibənin videoyazısına baxmaq ruhdansalıcı bir mənzərədir. Ancaq bununla belə o videoyazı özü-özlüyündə çox qiymətli bir illüstrasiyadır, xüsusən də müsahibinizin rəsmi vəzifəsi olanda. Cavab verilməyən sualların videyazısını əsas götürməklə də süjet hazırlamaq mümkündür.

6.7. SUALINIZI TƏKRAR EDİN

Müsahibə zamanı sualı təkrar etmək çox asandır. Sualınıza cavab almayanda onu bir az dəyişdirməklə təkrar edin. O biri suala "hoppanmayın". həm özünüz, həm də seyrçiləriniz üçün durumu aydınlaşdırmağa çalışın. Müsahibiniz cavabdan boyun qaçırırsa və ya yayınırsa, bu o deməkdir ki, siz ondan ötrü çox vacib mövzuya toxunmusunuz. həmsöhbətinizin indicə verdiyi yayqın cavabı unutmamış sualı təcili təkrar edin və növbəti cavabın daha müəyyən və qənaətbəxş olmasına cəhd köstərin.

6.8. SUSMAQDAN FAYDALANMAĞI BACARIN

Efirdəki pauzalardan rahatsız olmayın. Sizin susmanız müsahibinizi cavab verməyə vadar etmək üçün çox səmərəli vasitələrdən biridir. Düşünülmüş pauza müsahibəverən üçün arzuedilməz suala da cavab almağa şans yaradır.Bəzən fikrini cəmləşdirmək üçün adama vaxt gərək olur. Bu hallarda da pauza cavab almaqdan ötrü daha bir imkan yaradır.

6.9. BİRMƏNALI CAVAB ALA BİLƏCƏYİNİZ SUALLARDAN ÇƏKİNİN

Müsahibənin məqsədi müsahibəverən adamın niyə filan etdiyini, filan cür düşündüyünü, hər hansı məsələyə baxışının səbəbini öyrənməkdir. Suallarınızı elə düzüb-qoşun ki, "niyə", "necə" və "nə"yə, deyilənlərin nə demək olduğuna cavab ala biləsiniz. Yeri gəlmişkən, sualınıza "hə-yox", "olar-olmaz" tipli cavab aldıqda onu elə təkrarlayın ki, ikinci cavab daha dolğun və dəqiq olsun. Sınaqdan çıxmış "niyə elə düşünürsünüz ki...", "nə əsas verir ki, o cür düşünəsiniz?" tipli suallardan həmişə faydalana bilərsiniz.

6.10. SUALINIZIN SUAL KİMİ QAVRANMASINDAN ƏMİN OLUN

Bəzən reportyor suala oxşamayan formada müsahibinə üz tutur. Məsələn: "necə əla futbol idi" deyərək cavab almaq üçün mikrofonu uzadır.
Adamların çoxu sualın məhz sual formasında olmasına üstünlük verir, birbaşa sualları xoşlayır.
Aydın suallar verin. Axı siz reportyorsunuz. Yəni aydınlaşdırmağa çalışdığınız mətləblər yoxdur? Onda közləməyin, soruşun. Seyrçilərin elçisi olduğunuzu unutmayın. Nəyin seyrçilərdən ötrü maraqlı olduğunu öyrənməyə çalışın. Ekranda kördüklərini daha yaxşı anlamaq üçün seyrçilərə kömək edin.
Sualı verərkən məsələyə öz münasibətinizi bildirməkdən çəkinin. Tamaşaçılara reportyorun deyil, müsahibin fikri maraqlıdır.

6.11. MÜSAHİBƏVERƏNİN NORMAL GÖRÜNMƏSİNƏ YARDIMÇI OLUN

Müsahibinizin səliqəli görünməsinə yardım edin. Ancaq bu zaman unutmayın ki, şəraitin özü buna uyğun gəlməyə də bilər. Məsələn, küçə nümayişlərinin iştirakçısı və ya qurbanı səliqə-sahmanlı görünə bilməz. Normal şərait olanda isə müsahibinizin səliqəli görünməsinə çalışın; yaxalığı qatlanıbsa, düzəldin. Qalstuku qırağa çıxıbsa, yerinə qoyun. Dodaq boyası üzünə yayılıbsa, xəbərdar edin və s. və i.a. Bir sözlə, müsahibinizin özünü qaydaya salmasına imkan yaradın. Soruşa bilərsiniz ki, bu zaman nəyə nail oluruq. Cavab veririk: Birincisi, ola bilər ki, kamera önünə çıxarılan adam özünü qaydaya salmaq zərurətini dərk etməsin. Bunu ona xatırlatmaqla həmin adamı öz qeyri-iradi pintiliyinə görə utanmaqdan xilas edirik. Söhbət heç də ayrıca qrimdən getmir. Ancaq sözarası müsahibinizə bildirin ki, saçını daramalıdır, yaxud pencəyindən sallanan sapı qoparmalıdır. Bu məsləhətlərə həddən çox vaxt da ayırmayın, yoxsa müsahiblərinizin bütün fikri keyimlərində olacaq. Sadəcə, diqqətlərinə yetirin. Amma aydın və dəqiq şəkildə bildirməyi unutmayın. Belə etməklə o adamın gərginliyini də azaldır, ekranda necə görünməsindən narahatlığının qarşısını alırsınız.
İkincisi, geyimdə və ya körünüşdəki səliqəsizlik seyrçinin diqqətini süjetdən yayındıra bilər. Bir sözlə, müsahibəverənin ekranda normal körünməsinə yardım edin. Əlbəttə, əvvəl xatırlatdığımız kimi, təyyarə qəzasından möcüzə hesabına xilas olmuş və ya cəmiyyət üçün qəbul edilmiş normalardan yayınmağı ağlına da gətirməyən və səliqəsizliyi də bir növ normaya çevrilmiş adamlardan söhbət getmirsə (məsələn, Eynşteynə demək olarmı "cənab Eynşteyn, veriliş başlamamış saçınızı darayın"?).

6.12. DİQQƏTYAYINDIRAN HİM-CİM VƏ HƏRƏKƏTLƏRİN QARŞISINI ALIN

Müsahibiniz kamera önündə qeyri-ixtiyari hərəkətlərlə
seyrçilərin diqqətini yayındıra bilər - bu incəliyi unutmayın və onu dostcasına, həm də açıb-ağartmadan xəbərdar edin. Məsələn, bu hərəkətlərin olması həmişə diqqət yayındırır:
- aravermədən baş yellətmək;
- qeyri-təbii bükülüb, mikrofona tərəf əyilmək;
- ağızda saqqız çeynəyə-çeynəyə danışmaq;
- çox asta və anlaşıqsız danışmaq;
- - kameradan yayınmaq;
- heç cür efirə verilməyəcək kəlmələr işlətmək.
(Sonuncu məqamla bağlı diqqətli olmağınız məsləhətdir, çünki müsahibə yazılan zaman müsahibinizin təbiiliyi çox önəmli amil sayılır. Ancaq müsahibəverən öz nitqində söyüşə yol verirsə, yaxud heç cür anlaya bilmədiyiniz ləhcədən və ya jarqondan faydalanırsa, onu bunlardan çəkindirin və hamılıqca qəbul edilmiş sözlərlə danışmağa dəvət edin. Əks halda, müsahibəni efirə verə bilməyəcəyinizi ona söyləyin.
Düzdür, belə hallarda da dilemma qarşısında qalmaq mümkündür, çünki jarqon söz və deyimlər, özü-özlüyündə çox ifadəli olmaqla süjetə önəmli dəyər qazandıra bilər. hər halda müsahibinizin öz fikrini necə çatdırmasıyla bağlı qərarınızı birbaşa çəkiliş yerində verin. Sonra, montaj zamanı nəyisə dəyişmək çox çətindir.)

6.13. MÜSAHİBƏVERƏN ÇAŞARSA, KÖMƏK EDİN

Müsahibiniz kamera önündə çaşıb, fikrini dolaşdırarsa, ona söylədiklərini təzədən başlamaq imkanı verin. Əlbəttə, bu, materialın keyfiyyətini aşağı salmazsa. Ancaq qərar vermədən öncə düşünün, müsahibin çaşqınlığı müəyyən konteksdə çox önəmli də ola bilər. Buna görə çox ehtiyatla qərar çıxarın. Müsahibinizin kameradan qorxduğuna və buna görə özünü itirdiyinə əmin olduğunuz hallarda sualınızı təkrar edin və daha bir dubl çəkin.

6.14. HƏR ADAMA AYRICA SUAL VERİN

"Öz" süjetinizi çəkərkən, ən yaxşısı, adamlardan ayrı-ayrı müsahibə almaqdır. Əlbəttə, buna vaxtınız varsa və müsahibənin ümumi söhbət xarakteri daşımasını istəyirsinizsə. Əgər siz müsahiblərdən biri ilə söhbət edirsinizsə, operator yalnız o adamı kadrda saxlayaraq gah bu, gah da o biri müsahibi göstərməməlidir.
Başqa müsahiblə söhbətə başlarkən, operatorun bu adamı göstərməsinə imkan verin.
Eyni zamanda bir neçə adamdan müsahibəni videoya yazarkən danışanı dinləyən söhbət iştirakçılarını iri planda çəkin. Bu, montaj zamanı ara planları vermək üçün çox yaxşı materialdır.

6.15. "TELEVİZİYADA GÖRÜNMƏK İSTƏRDİNİZMİ?"

Operativ reportaj hazırlarkən, hər hansı olayın şahidləriylə söhbətləşərkən, küçədən keçənlərə üz tutarkən "Televiziyada görünmək istərdinizmi?" sualını heç vaxt verməyin. Bu, son dərəcə yayqın, bir qədər də qızışdırıcı sualdır. Üstəlik, sizə onların köməyi lazımdır, televiziyaya münasibətlərini aydınlaşdırmaq yox. Siz, sadəcə, olay yerində nə baş verdiyini aydınlaşdırmaq istəyirsiniz. Deməli, yalnız kömək istəməlisiniz: "Köməyinizə ehtiyacım var, nə baş verdiyini söyləyə bilərsinizmi?". Bu halda adamlar kamera önündə bir neçə kəlmə söyləməyə razı olurlar.Heç bir yalana da yol vermirsiniz. Kameranın ona tuşlandığını görən adam anlayacaq ki, televiziya ekranında görünə bilər. Ancaq məhz TV-də körünmək arzusu ilə bağlı sual versəniz, o adam götür-qoy etməyə başlayacaq: "Ekrana çıxmaq mənə lazımmı?", "buna lovğalıq kimi baxmazlar ki?" və s. və i.a.
Bir sözlə, bu bölmənin başlığına çıxarılmış sualdan heç vaxt faydalanmayın.

6.16. BİRBAŞA EFİR MÜSAHİBƏSİ - HAMI ÖZ YERİNDƏ QALMALIDIR

Birbaşa efirdə müsahibə apardığınız zaman müsahiblərinizdən xahiş edin ki, gamera söndürülməyənədək öz yerlərində qalsınlar. Olur ki, müsahibəverənlər öz sözlərini qurtaran kimi onlara verilən mikrofonları bir yerə qoyub kadrdan çıxırlar. Onlara əvvəlcədən izah edin ki, kadrdan yalnız sizin razılığınızla, siz reportaja yekun vurandan sonra çıxa bilərlər.

6.17. STANDART YEKUN SUALI VERİN

Müsahibə upuzun və ya qarma-qarışıq alınıbsa, yaxud süjet çox önəmli və mürəkkəbdirsə, standart yekun sualların verilməsi daha ağlabatan gedişdir. Məsələn: "nəyisə soruşmağı unutmadım ki?" və ya "söylədiklərinizə nəsə artırmaq istəmirsiniz?".

6.18. KAMERA SÖNDÜRÜLƏNDƏN SONRA

Kamera söndürüləndən sonra üç şeyi unutmayın:
- müsahibinizin soyadının yazılışını onunla dəqiqləşdirin;

- müsahibinizin telefon nömrəsini götürün;

- müsahibə efirə hazırlanıb qurtaranadək müsahibinizin harda olacağını dəqiqləşdirin ki, lazım olsa, onu tapıb bəzi sualları aydınlaşdırasınız.

Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait
Müəllif: Pol Steynli, Mayami Universiteti
Tərcümə etdi: Zeynal Məmmədli

0 şərh