13. Əvəzini çıxmaq cəhdi çox baha başa gəlir

Bundan çox illər qabaq axşamçağı mənə Yellouston milli parkına baş çəkmək müyəssər oldu. Mən başqa turistlərlə birlikdə balkonda əyləşmişdik. Biz küknar və şam ağacları olan meşəni seyr edib zövq alırdıq. Tezliklə qarşımızda gözləmədiyimiz vəhşi heyvan — meşələr «tufanı» öcəşkən bir ayı peyda oldu. O, işıqlı açıqlığa çıxaraq yaxında yerləşən otellərdən birinin mətbəxindən atılmış tullantıları yeməyə başladı. Atın üzərində oturmuş meşəbəyi mayor Martindeyl həyəcanlanmış turistlərə ayılar barədə söhbət açdı. Biz öyrəndik ki, «qrizli» adlanan bu ayı Qərb dünyasındakı bizon və kodyak ayısından başqa, hər hansı vəhşi heyvanı məğlub edə bilir. Amma o gecə mən müşahidə etdim ki, bu vəhşi ayı meşədən qaçıb aydın talada onun yeməyinə ortaq çıxan balaca xəz dərili skunsa toxunmadı.Qrizli ayı çox yaxşı bilirdi ki, qüdrətli pəncəsinin bir zərbəsi ilə bu skunsunu məhv edə bilər. Bəs bunu o nə üçün etmədi? Çünki öz təcrübəsindən çox yaxşı bilirdi ki, bu hərəkət özünü doğrultmur.
Mən də buna əmin oldum. Mən uşaq vaxtlarımda fermada yaşayır və bu dörd ayaqlı skunsları Missuri çayına canlı çəpər qurduqları vaxt tutardım, ancaq mən böyük oğlan olduqdan sonra Nyu-Yorkun səkilərində xəz dərili «ikiayaqlı» skunslara da rast gəlirdim. Mənim acınacaqlı təcrübəm mənə öyrətdi ki, skunsların hər iki növünə baş qoşmayım.
Biz düşmənlərimizə nifrət etdikdə onların üzərimizdə hökmranlıq etmələrinə izn vermiş oluruq. Belə ki, onlar bizim yuxumuza haram qatır, iştahamızı küsdürür, qan təzyiqimizə təsir edir. Bizim düşmənlərimiz bilsəydilər ki, onlar bizi nə qədər narahat edə bilirlər və bizə ruhi əzab və naqislik gətirə bilirlər, şadlıqlarından qəhqəhə çəkib gülər və rəqs edərdilər. Bizim kinliliyimiz onlara zərər yetirməz, amma biz bununla öz günümüzü və gecəmizi dəhşət içərisində keçirmiş olarıq.
Siz necə düşünürsünüz, aşağıdakı sözləri kim söyləmişdir: "Əgər xudbin insanlar çalışırlarsa ki, sizdən öz məqsədləri üçün istifadə etsinlər, onların adlarını öz tanışlarınızın siyahısından silin, ancaq onlardan əvəz çıxmağa cəhd göstərməyin. Onlarla haqq-hesab çəkməyə cəhd göstərməklə siz özünüzə, o adamlara yetirə biləciyinizdən daha böyük zərər yetirmiş olacaqsınız." Görünür ki, bu sözlərin hansısa bir sentimentalist — idealist söyləmişdir. Yox. Heç də yox. Bu sözlər Miluoki şəhər polis idarəsinin buraxdığı bülletendə dərc olunmuşdu.
Bəs qisas almaq cəhdi sizə necə zərər yetirə bilər? Bu, bir çox hallarda təhlükəlidir. «Layf jurnalında dərc olunmuş məqaləyə görə, o hətta sizin səhhətinizi pozmağa qadirdir. Məqalədə deyilir: „Qan təzyiqinin yüksəkliyi xəstəliyindən əzab çəkən şəxsin əsas xüsusiyyəti onun kinli olmasıdır. Kinlilik xroniki hala keçəndə o, insanda xroniki qan təzyiqinin yüksəkliyi və ürək xəstəlikləri yaradır.“
Beləliklə, güman edirəm ki, İsa peyğəmbərin haçansa dediyi sözlər artıq sizə aydındır: „Düşmənlərinizi sevin.“ O, bununla təkcə etik prinsipləri təbliğ etmək istəməmişdi. O, həmçinin təbabətin XX əsrdəki prinsiplərini də təbliğ etmişdi. İsa peyğəm­bərin: „Yetmiş yeddinin yeddi misli dəfə düşməninizi bağışlayın.“ sözləri qan təzyiqinin yüksəlməsindən, ürək xəstəliklərindən, mədə yarasından və digər çoxlu xəstəliklərdən xilas olmaqda sizə kömək edər.
 
Mənim bir tanışım bu yaxınlarda möhkəm ürək tutmasına mübtəla olmuşdu. Həkim ona yataq rejimi təyin etmiş, heç bir halda hirslənməməyi tapşırmışdı. Həkimlər bilirlər ki, əgər sizin ürəyiniz zəifdirsə, əsəbiləşməkdən ölə də bilərsiniz. Bir neçə il bundan qabaq Vaşinqton ştatı Spokan şəhərində restoran sahibi belə ürək tutmasından həqiqətən ölmüşdü. Spokan polisinin rəisi Cerri Suortautanın məktubu budur, qarşımdadır, həmin məktubda deyilir: „Spokandakı altmış səkkiz yaşlı kafe sahibi Uilyam Folkaber hökmən onun nəlbəkisində kofe içmək istəyən aşpazın hərəkətindən hiddətləndiyi üçün ölmüşdür. Kafe sahibi o qədər qəzəblənmişdi ki, tapançanı götürərək aşpazın dalınca qaçmış və tezliklə ürək tutmasından özü ölmüşdü. Onun əli hələ də tapançanın dəstəyini sıxıb saxlamışdı. Müstəntiqin rəyinə görə, “onun ürək tutmasına səbəb ifrat dərəcədə qəzəblənməsi olmuşdu.»
İsa peyğəmbər: «Düşməninizi sevin.» deməklə o, eyni zamanda biz insanlara xarici görkəmimizi necə qoruyub saxlamağımız barədə öz tövsiyəsini vermişdir. Mən qadın tanıyıram ki, onun üzü qırışıqlarla örtülmüş, nifrəti və kin-küdurəti səbəbindən sifəti eybəcərləşmişdir. Yer üzündə mövcud olan kosmetik üsullar onun xarici görkəmini əlli faiz də olsa, yaxşılaşdıra bilməz, halbuki onun hər şeyi bağışlaya bilməsi, zərif təbiətliliyi və mehribanlığı bunun öhdəsindən gələ bilərdi. Kinlilik bizim ən ləziz yeməkdən ləzzət almaq imkanımızı yoxa çıxarır. Incilidə deyilir: «Doyunca yedizdirilmiş „kinli buğa“ olmaqdansa, göyərtidən hazırlanmış xörək yeyib istəkli və sevimli olmaq daha yaxşıdır.»
Əgər düşmənlərimiz bilsəydilər ki, onlara bəslədiyimiz kin-küdurət üzündən biz işgəncə çəkirik və əsəbiliyimiz də bizim xarici görkəmimizi korlayır, bizə ürək xəstəliyi gətirir, bütün ehtimalların əksinə, ömrümüzü azaldır, yəqin ki, şadlıqlarından əllərini bir-birinə vurar və şənlənərdilər. Elə deyilmi?
Hətta əgər biz düşmənimizi sevə bilmiriksə, gəlin heç olmazsa özümüzü sevək. Gəlin özümüzü o qədər sevək ki, xoşbəxtliyimizi, sağlamlığımızı onların idarə etmələrinə və bununla da xarici görkəmimizi korlamalarına imkan verməyək.
Necə ki, Şekspir demişdi:
"Öz düşməninizi məhv etmək üçün ona çox da güclü ocaq qalamayın, yoxsa o odda özünüz yanarsınız."
İsa peyğəmbər «yetmiş yeddinin yeddi misli dəfə bağışlamaq lazımdır» deməklə o, bizə sağlam düşüncə təlqin etmişdir. Mən sizə aşağıdakı misalı çəkəcəyəm. Qarşımda İsveçdə yaşayan Qeorq Rona tərəfindən yazılmış məktub vardır. Qeorq Rona Vyanada uzun illər vəkil işləmiş, II Dünya müharibəsi zamanı İsveçə qaçmışdı. Onun pulu yox idi, işləməyə olduqca möhtac idi. O, bir neçə dil bilirdi və ümidi var idi ki, idxal və ixrac üzrə hər hansı firmada müxbir işləyə bilər. Müharibə getdiyinə görə firmaların çoxu belə bir ixtisasa ehtiyacları olmadığını bildirdilər. Amma onlar söz verdilər ki, onun soyadını öz kartoçkalarına qeyd edəcəklər və s. Ancaq bir firma sahibi isə Qeorq Ronaya aşağıdakı məzmunda məktub yazdı: «Zənn edirəm ki, təsəvvür edirsiniz mənim firmam nə ilə məşğuldur. Siz insanda özünüz haqda elə təsəvvür yaradırsınız ki, guya sadəlövh bir axmaqsınız. Mənə heç bir müxbir lazım deyildir. Əgər mənə belə bir mütəxəssis lazım olsaydı, yenə sizi işə götürməzdim, çünki siz isveç dilində, hətta savadlı yaza da bilmirsiniz. Sizin məktubunuz səhvlərlə doludur.»
Qeorq Rona bu məktubu oxuyanda qəzəbdən özündə deyildi. O, düşünürdü ki, görəsən bu isveç nə üçün belə zənn edir ki, mən isveç dilində yaza bilmirəm? Axı isveçin öz məktubu da səhvlərlə dolu idi! Odur ki, Qeorq Rona o adamı "öldürə biləcək cavab yazmağa qət etdi. Sonra o durdu və öz-özünə belə dedi: «Bir dəqiqə dayan. Ola bilər bu adam haqlıdır? Mən isveç dilini öyrənməmişəm, ancaq axı o, mənim ana dilim deyildir? Ola bilər ki, özüm də dərk etmədən yazıda səhvlər buraxıram. Madəm ki, belədir, onda mən haçansa iş tapmaq xatirinə bu dili daha ciddi səylə kamil öyrənməliyəm. Hər halda bu adam ola bilər özü də bilmədən məni özünə borclu çıxarmışdır. Görünür o, öz iradını ləyaqətlə bildirməmişdi, hər halda mənim ona borclu qalmağıma bu təsir göstərə bilməzdi. Deməli, mən ona minnətdarlıq məktubu yazmalıyam.»
Odur ki, Qeorq Rona əvvəl yazmağa başladığı nifrətlə dolu məktubu cırdı və təzədən ona başqa məktub yazmağa başladı. Məktubda deyilirdi: «Tərəfinizdən mənə böyük ehtiram və sayğı göstərilmişdir. Firmanızın müxbirə ehtiyacı olmadığı halda, siz zəhmət çəkib mənə məktub yazmışınız, mən çox təəssüf edirəm ki, qabaqcadan firmanızın nə ilə məşğul olmağı barədə düzgün təsəvvürüm olmamışdır. Mən sizə ona görə yazmışdım ki, aldığım məlumatlara əsasən orada sizin adınız, fəaliyyət sahəniz üzrə ən aparıcı lider kimi çəkilirdi! Mən bilmirdim ki, məktubumda qrammatik səhvlərə yol vermişəm. Mən bundan heyfsilənir və xəcalət çəkirəm. Bundan belə mən isveç dilini daha yaxşı öyrənməyə səy göstərəcəyəm və çalışacağam ki, səhvlərimi düzəldəm. İcazə verin özünü təkmilləşdirməyə sövq etdiyiniz üçün sizə təşəkkür edim!»
Bir neçə gündən sonra firma rəhbərindən cavab məktubu gəldi. Məktubda Qeorq Rona ilə görüşmək arzusu bildirilirdi. Rona onunla tanış oldu və işə də düzəldi. Qeorq Rona öz şəxsi təcrübəsi əsasında belə qənaətə gəldi ki, «mülayim cavab qəzəbi söndürür.» Biz o qədər də müqəddəs sayıla bilmərik ki, öz düşmənimizi sevə bilək, amma öz sağlamlığımızın və xoşbəxtliyimizin naminə gəlin heç olmazsa onları bağışlayaq və onların mövcudluqlarını bilmərrə tamamən unudaq. Bəlkə də, bizim nə edə biləcəklərimizdən ən müdriki budur. Konfusi deyir ki, əgər sizi incitmiş və ya qarət etmişlərsə və belə vəziyyətdə bu haqda daim düşünmürsünüzsə, deməli, heç nə olmamışdır. Bir dəfə general Eyzenxaurin oğlu Condan soruşdum ki, atan kinli idimi? O, cavab verdi ki, yox. Atam heç vaxt bir dəqiqə belə xoşalmadığı adamlar haqqında düşünmürdü.
Belə bir qədim atalar sözü vardır: «O, adam axmaqdır ki, hirslənməyi bacarmır və o, adam da müdrikdir ki, o, heç vaxt əsəbi olmaq istəmir.»
Nyu-Yorkun keçmiş valisi Uilyam C.Heynorun nöqteyi-nəzəri belə idi. Onu «sarı» mətbuatda qəzəblə şərləmişdilər. Bundan sonra bir manyak ona güllə atmış və onu az qala öldürmüşdü. O, xəstəxanada həyatla ölüm arasında mübarizə apardığı zaman belə demişdi: «Mən hər axşam fikrən hamını və hər şeyi bağışlayıram.» Təntənəli idealizmdirmi bu? Yoxsa ifrat rəhmdillik və müqəddəs inamlılıqdırmı? Əgər belədirsə, gəlin «bədbəxtlik etüdləri» adlı əsərin müəllifi filosof Şopenhauerə müraciət edək. O, belə hesab edir ki, həyat özü əhəmiyyətsiz və işgəncəli macəralardan ibarətdir. O, sanki hər addımda ümidsizlik, qəm-qüssə yağdırır. Hər halda Şopenhauer öz ümidsizliklərinin dərinliklərindən səslənərək demişdi: "Əgər mümkündürsə, heç kimə qarşı düşmənçilik münasibəti bəsləməyin."
Bir dəfə Bernard Barux ilə söhbətdə oldum. Bu şəxs Vilson, Hardinqa, Kuliç, Huver, Ruzvelt v Trumen kimi altı prezidentin inanmış məsləhətçisi olmuşdur. Mən ondan soruşdum ki, düşmənlərinin hücumları onu haçansa təngə gətirmişdirmi? O, belə cavab verdi: «Heç bir kəs məni nə alçalda bilər, nə də bezdirə bilər. Mən buna imkan vermərəm.
Sizi və məni heç kəs alçalda bilməz. Bizim özümüz imkan verməsək, heç kəs bizi təngə gətirə bilməz. Dəyənəklər və daşlar mənim sümüklərimi sındıra bilər. Amma deyilən sözlər isə məni yaralaya bilməz.
Əsrlər boyu bəşəriyyət öz düşmənlərinə kin bəsləməyən İsa peyğəmbər kimi insanlara baş əymişdir.
Mən Kanada ölkəsindəki Casperovski milli parkına tez-tez gedər, Qərb dünyasının ən füsunkar dağlarını seyr edərdim. Bu dağlar alman əsgərləri tərəfindən güllələnərkən ölümü müqəddəs sayan İngiltərəli tibb bacısı Edit Keyvellin şərəfinə onun adını daşıyır. Bu hadisə 12 oktyabr 1915-ci ildə baş vermişdir. Onun cinayəti nədən ibarət idi? O, Belçikada yaşayırdı və öz evində fransız və ingilis yaralı əsgərlərini gizlədir, onların yaralarını sağaldır və sonra Hollandiyaya qaçmalarına köməklik göstərirdi. İngilis keşiş onu oktyabr səhərində edama hazırlamaq üçün Brüsseldəki hərbi həbsxananın kamerasına girdikdə Edit Keyvell tunc və qranit üzərində əbədiləşdirilməli iki ifadə söyləmişdir: „Mən bilirəm ki, vətənpərvərlik hələ hər şey deyildir. Məndə heç kəsə qarşı nə nifrət, nə də kin olmamalıdır.“ Dörd ildən sonra onun külü İngiltərəyə gətirilmiş və Vestminstersk abbatlığında şərəfinə xatirə xidməti keçirilmişdir. İndi milli şəkillər qalereyasının qarşısında İngiltərənin ölməz qəhrəmanlarından biri kimi heykəli ucalmaqdadır. „Mən bilirəm ki, vətənpərvərlik hələ hər şey demək deyildir. Məndə heç kəsə qarşı nifrət və kin olmamalıdır.“
Şübhəsiz ki, öz düşmənlərimizi, bağışlamağı öyrənmək mümkündür; bunun üçün hansısa yüksək bir işin icrasına qatılmaq lazımdır. Madəm ki, belədir, onda həyatımızda rastlaşdığımız təhqir olunmalar və düşmənçilik kimi xoşagəlməz hallar bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcəkdir, çünki biz yalnız öz işimiz haqda düşünməliyik.
On doqquz əsr əvvəl yaşamış Epiktet qeyd etmişdi ki, „biz əkdiyimizi biçməyimizlə“ tale, demək olar ki, həmişə bizdən törətdiyimiz yaramaz hərəkətin əvəzini çıxacaqdır. Epiktet deyir ki, „son nəticədə hər bir insan öz cinayətinə görə əvəz ödəyəcəkdir. Bunu başa düşən insan heç kəsə qəzəblənməz, heç kəsə hiddətlənməz, heç kəsi söyməz, heç kəsi təhqir etməz, heç kəsdən zəhləsi getməz?
Yəqin ki, Amerikanın tarixində heç bir dövlət başçısı Linkoln qədər təhqirə, aldadılmağa və nifrətə məruz qalmamışdır. Ancaq Linkoln, “Herndonun klassik tərcümeyi-halına müvafiq olaraq, adamlar haqqında onlara bəslədiyi şəxsi münasibətdən asılı olmayaraq, real mühakimə yürüdərdi. Əgər lazım gələrdisə, o, mühüm bir tapşırığın icrasını düşməninə də həvalə edə bilərdi, bu şərtlə ki, həmin adam mövcud işin öhdəsindən gələ bilsin. Əgər bir nəfər ona böhtan atmışdırsa və ya ona qarşı kobud rəftar etmişdirsə, lakin mühüm bir tapşırığın yerinə yetirliməsinə həmin şəxs ən yaxşı namizəd hesab edilirsə, Linkoln onu özünün ən yaxşı dostu tək tərəddüd etmədən həmin vəzifəyə təyin edərdi. Mən düşünmürəm ki, o, haçansa kimi isə özünün düşməni olduğu üçün və ya onunla arası olmadığından o, adamın iş yerini dəyişmiş olsun.»
Linkoln bəzən onun dövlətində yüksək vəzifə sahibləri olan Makklellan, Syuard, Stenton və Ceys tərəfindən günahlandırılır və təhqir edilərdi. Linkolnun vəkili Herndonun sözlərinə görə Linkoln belə hesab edirdi ki, işi yerinə yetirib və ya yetirilməməsi səbəbindən heç kəsi gərək tərifləməyəsən və ya heç kəsi danlamayasan. Ona görə ki, biz hamımız bu və ya başqa şəkildə mövcud şəraitin, vəziyyətin, bizi əhatə edən mühitin, aldığımız təhsilin, adətin və irsi xassələrin təsirinə meylliyik. Məhz bu amillər insanı formalaşdırır, onu olduğu kimi və gələcəkdə də daim necə olmalıdırsa, elə də formalaşdırır.
Ola bilər, Linkoln haqlı idi. Əgər siz və mən məhz etdiyimiz psixi, fiziki və emosional xüsusiyyətlərimizlə düşmənlərimizə bənzəsəydik və bizim həyatımız da onlarınkı kimi axarını tapsaydı, onda biz də onlar kimi hərəkət edərdik. Hər halda, biz özümüzü başqa cür apara bilməzdik. Necə ki, dəfələrlə Klarens Darrou demişdir: «Hər şeyi bilmək — demək bu, hər şeyi dərk etmək deməkdir və ona görə də bu hal başqasını günahlandırmağa və mühakimə etməyə yer saxlamır.» Ona görə də düşmənimizə kin bəsləməkdənsə, gəlin ona rəhm edək və Allahımıza dua edək ki, həyatımız bizi onların vəziyyətinə salmasın. Düşmənlərimizi məzəmmət etmək və ya onlardan qisas almaq əvəzinə, gəlin onları başa düşək, anlayaq, onlara mərhəmət göstərək, bütün günahlarından keçək və onlar üçün Allaha dua edək.
Beləliklə, özümüzdə ruhi sakitliyi yarada bilən xoş əhvali-ruhiyyəni əldə etmək üçün ikinci qaydanı yadımıza salaq.
Heç vaxt düşməninizlə haqq-hesab çəkməyə cəhd göstər­məyin, ona görə ki, bununla siz özünüzə daha çox zərər yetirərsiniz, nəinki onlara. Gəlin general Eyzenxauer kimi hərəkət edək: heç bir vaxt bir dəqiqə də olsa, xoşlamadığımız adamlar barədə düşünməyək.
 

0 şərh