Yerin illik hərəkətləri

Yerin Günəş ətrafında hərəkəti zamanı il ərzində 4 əsas hadisə fərqləndirilir. Onlara fəsillərin dəyişdiyi günlər – 21 mart, 23 sentyabr, 22 iyun, 22 dekabr aiddir. Bu hadisələr hər il eyni vaxtda təkrar olunur. Günəş ətrafında meyilli hərəkəti nəticəsində Yer ilin ayrı-ayrı vaxtlarında müxtəlif dərəcədə istilik alır. Buna görə fəsillər əmələ gəlir.
21 martda günorta vaxtı Günəş ekvator üzərində zenitdə olur, yəni, onun şüaları buraya düz bucaq altında düşür. Bu halda Şimal və Cənub yarımkürələri bərabər miqdarda günəş istiliyi alır, gecə və gündüzün uzunluğu bərabər olur. Bu zaman Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız başlanır. Ekvatordan uzaqlaşdıqca günəş şüalarının düşmə bucağı və yer səthinin aldığı istilıik də azalır.
Yerin Günəşə nisbətən mövqeyinin dəyişməsi
Eyni hadisə 23 sentyabrda da baş verir. Lakin 21 martdan fərqli olaraq bu zaman yarımkürələr üzrə fəsillərin başlanmasının yeri dəyişir. Həmin gün Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz başlanır.
Yerin orbit üzrə hərəkəti davam etdiyinə görə 21 martdan sonra Günəş şüalarının zenitdə olduğu məntəqələr şimala doğru yerini dəyişir. 22 iyunda Günəş 23°27′ şimal enliyinə çatır. Bu paralel Şimal tropiki adlanır. Həmin vaxt Yerin şimal hissəsi Günəşə tərəf çevrildiyinə görə Şimal yarımkürəsi daha çox istilik alır. Ona görə burada yay fəslidir. Həmin vaxt Cənub yarımkürəsi Günəşdən az istilik alır, burada qış fəsli yaranır. 
Yerin Günəş ətrafında hərəkəti
22 dekabrda isə Günəş 23°27′ cənub enliyində zenitdə olur. Bu paraleldən cənubda o, zenitdə olmur. Həmin paralel Cənub tropiki adlanır.
 
22 dekabrda Yerin Cənub yarımkürəsi Günəşə tərəf çevrilmişdir və bura daha çox qızdırılır. Ona görə ekvatordan cənubda yay fəsli olur. Şimal yarımkürəsi az qızdığına görə burada qış fəsli yaranır. Subtropik və mülayim enliklərdə fəsillərin dəyişməsi aydın müşahidə olunur.
 
Beləliklə, Günəş il ərzində Şimal və Cənub tropikləri arasında zenitdə olur. Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır, müxtəlif iqlim qurşaqları və tipləri yaranır. 
loading...

0 şərh