Qütb gecə və gündüzləri

Dünyanın iki məntəqəsində – Şimal və Cənub qütblərində Günəş ildə ancaq bir dəfə çıxır və bir dəfə də batır. Buna da səbəb Yerin kürə şəklində olması, fırlanma oxunun orbit müstəvisinə meyilli olması, qütblərin ilin müəyyən vaxtlarında Günəşə tərəf və ya əksinə çevrilməsidir. Bu hadisə sərt təbii şəraitin formalaşmasına, geniş ərazilərin buzla örtülməsinə səbəb olur. 
Bizim hər gün adət etdiyimiz və həyat tərzimizi müəyyən edən hadisə gecə-gündüzlərin əmələ gəlməsi və bir-birini əvəz etməsidir. Bu hadisə dünyanın yalnız müəyyən hissələrində baş verir. Yer il ərzində Günəş ətrafında meyilli hərəkət edir. Bu zaman coğrafi qütblərə yaxın ərazilərdə Günəş bir gündən bir neçə aya qədər üfüqdə batmır və ya görünmür.
 
Şimal yarımkürəsində yay olarkən Yerin şimal hissəsi Günəşə tərəf çevrilmiş olur. Burada, 22 iyunda gecə-gündüzlərin bir-birini əvəz etməsi 66°33′ şimal enliyinə qədər davam edir. Bu paralel Şimal qütb dairəsi adlanır. 22 iyunda Şimal qütb dairəsində Günəş üfüqdə dairəvi olaraq dövr edir və 24 saat batmır. Buna qütb gündüzü deyilir.
 
Həmin vaxtda Yerin Cənub yarımkürəsi Günəşdən əks tərəfə çevrilmişdir. Ona görə də qütbrətrafı ərazilər işıqlanmır. Nəticədə 66°33′ cənub enliyində Günəş 24 saat üfüqdə görünmür. Bu hadisə qütb gecəsi adlanır. 66°33′ c.e. Cənub qütb dairəsi adlanır.
Simal yarımkürəsində qütb gündüzü
Qütb gecə və gündüzlərinin uzunluğu Şimal və Cənub qütb dairələrindən coğrafi qütblərə qədər artır. Şimal yarımkürəsində yay olarkən qütb gündüzləri Şimal qütb dairəsində bir sutka, Şimal coğrafi qütbündə 6 aya qədər davam edir. Bu hadisə martın 21-dən sentyabrın 23-nə qədər olur. Cənub yarımkürəsində isə bu dövrdə qütb gecələrinin uzunluğu Cənub coğrafi qütbünə qədər artır. Burada gecələr 6 aya qədər davam edir.

Şimal yarımkürəsində qütb gecəsi
Altı aydan sonra yarımkürələrdə fəsillərin yeri dəyişir. Bununla əlaqədar qütb gecə-gündüzlərinin yeri də dəyişir. 22 dekabrda Şimal qütb dairəsində qütb gecələri bir sutka davam edir. Şimal coğrafi qütbündə gecələrin uzunluğu 6 aya qədər (23 sentyabrdan 21 marta qədər) olur. Bu vaxt Cənub qütb dairəsindən Cənub coğrafi qütbünə qədər qütb gündüzləri əmələ gəlir. Qütbdə gündüzlər 6 aya qədər davam edir. 

Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün COĞRAFİYA dərsliyi
Müəlliflər: Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva

0 şərh