Günəş şüalarının düşmə bucağının hesablanması

Günəş şüalarının düşmə bucağından asılı olaraq Yer səthi müxtəlif dərəcədə istilik və işıq alır. Şimal və Cənub tropikləri arasında Günəşin zenitdə olduğu məntəqəyə onun şüaları 90° bucaq altında düşür. Bu göstərici şüaların maksimum düşmə bucağı hesab olunur. VII sinifdən bildiyimiz kimi, 21 mart və 23 sentyabr günlərində Günəş ekvatorda zenitdə olarkən şüalar bura maksimum bucaq altında düşür. Buradan şimala və cənuba doğru onun şüalarının düşmə bucağı azalır. Bu halda hər iki yarımkürədə yerləşən istənilən məntəqəyə şüaların düşmə bucağını hesablamaq üçün aşağıdakı ifadəni yaza bilərik:
ω =90°-φ
 
Burada, ω — günəş şüalarının düşmə bucağı,
                   φ — məntəqənin yerləşdiyi coğrafi enlik.
Həmin ifadəyə görə deyə bilərik ki, 21 martda Bakı şəhərinə günəş şüaları 50° bucaq altında düşür.
 
Martın 21-dən iyunun 22-nə qədər Günəşin zenitdə olduğu enliklər şimala tərəf hərəkət edir. 22 iyunda Günəş 23,5° şimal enliyində yerləşən Şimal tropikində zenitdə olur. Bu müddət ərzində Günəşin zenitdə olduğu enliklər şimala tərəf hərəkət etdikcə Şimal tropik xəttindən şimalda yerləşən məntəqələrdə şüaların düşmə bucağı artır və 22 iyunda maksimum qiymətə çatır. Ona görə ifadəni belə yazmaq olar:
 
ω =90°-φ+A 


Burada A – Günəşin zenitdə olduğu coğrafi enlikdir. Məsələn, 22 iyunda Bakı şəhərinə günəş şüaları maksimum qiymət olan 73,5° bucaq altında düşür.
Həmin vaxtda Cənub tropik xəttindən cənubda yerləşən məntəqələrdə günəş şüaları minimum bucaq altında düşür. Günəşin zenitdə olduğu enliklər ekvatordan nə qədər şimala hərəkət edirsə, Cənub tropikindən cənubda olan məntəqələrə düşən şüaların bucağı azalmış olur. Ona görə belə yazmaq mümkündür:
 
ω =90°-φ-A
 
Verilmiş ifadəyə əsasən deyə bilərik ki, 22 iyunda 40° cənub enliyində yerləşən Buenos-Ayres şəhərinə günəş şüaları minimum qiymət olan 26,5° bucaq altında düşür.
23 sentyabrdan 22 dekabra qədər Günəşin zenitdə olduğu enliklər cənuba tərəf hərəkət edir. Ona görə Şimal və Cənub yarımkürələrində vəziyyət əksinə dəyişir. 22 dekabrda günəş şüaları Bakıya 26,5°, yəni minimum bucaq altında düşür. Buenos-Ayres şəhərinə isə həmin gün günəş şüaları maksimum, yəni 73,5° bucaq altında düşür. 
 

0 şərh