Relyefin təsviri

Coğrafi obyektlər hündürlüklərinə görə bir-birindən fərqlənir. Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır. Plan və xəritədə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir.

Yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər.
Yer səthinin nahamarlıqlarını müstəvi üzərində təsviri
Planda relyef horizontalların köməyi ilə təsvir olunur. Fiziki xəritələrdə isə bu məqsədlə rənglərdən istifadə olunur.

Horizontal (izohipslər) – eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. İki qonşu horizontal arasındakı hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Planın hər yerində horizontallar arasında kəsmə yüksəklik eyni olur. Horizontalların bir-birinə yaxın çəkilməsi yamacın dikliyini, aralı çəkilməsi isə relyefin hamar və ya az meyilli olduğunu göstərir. Yamacın meyilliliyi berqştrix vasitəsi ilə müəyyən edilir. Berqştrix horizontala perpendikulyar çəkilmiş, səth sularının axım istiqamətini göstərən qısa xətlərdir. Berqştrixin istiqaməti relyefin qabarıq (təpə, dağ və s.) və ya çökəklik olmasını müəyyən etməyə imkan verir. Qabarıq relyef formalarında berqştrixin istiqaməti – kənara, çökək relyef formalarında isə, əksinə – mərkəzə doğru çəkilir. Relyefin formasını horizontallar üzərində yazılan rəqəmlərə əsasən də müəyyən etmək mümkündür. Çünki horizontal üzərində yazılan hündürlüklərin yuxarı hissəsi mütləq yüksəkliyin artma istiqamətinə yönəlmiş olur.
təpə
 

0 şərh