Əmək haqqının artırılmasına necə nail olmaq olar?

1. “Mən planı … faizlə yerinə yetirmişəm”.

Buraya cəlb olunmuş müştərilərin sayı, bağlanmış sövdələşmələr, yazılmış məqalələr və s. daxildir. Rəqəmlərlə danışın. Əldə etdiyiniz uğurların statistika ilə möhkəmləndirilmiş qısa və lakonik hesabatı əmək haqqınızın artırılması üçün ən güclü arqumentdir.
Pis variant:
Burada bircə mən işləyirəm. Qalanların əlindən bir iş gəlmir. Ancaq mən hər gün nə olursa olsun, şirkətə gəlir gətirirəm.
Yaxşı variant:
Bu yarım ildə planlaşdırılandan 1,5 dəfə daha çox xidmət satmışam, daimi müştəriyə çevrilən 50 yeni müştəri cəlb etmişəm, 4 dəfə ilin ən yaxşı satıcısı seçilmişəm. Bu nəticələrə əsasən maaşımı yenidən nəzərdən keçirə bilərikmi? Əməkhaqqının artırılmasına necə nail olmaq olar?

2. “Hər şeyi necə daha yaxşı hala gətirməyi bilirəm”.

Şirkətin səmərəliliyini artırmaq üçün cari innovativ həlliniz var? Əla! Bu, rəhbərliyə nə dərəcədə qiymətli kadr olduğunuzu göstərmək üçün fürsətdir. Dəyərinizi nümayiş etdirərək qərarınızı liderlə bölüşün. Diqqətli olun, dərhal bütün kartlarınızı ortaya qoymayın. İşə verdiyiniz töhfənin gözardı edilməməsi üçün sonraya bir şey saxlayın.
Pis variant:
Mən bir plan hazırlamışam, ancaq maaşım 44% artana qədər heç kimə heç nə deməyəcəyəm. Şəxsi kabinet də istəyirəm. Və bir vertolyot. Və bir çuval konfet.
Yaxşı variant:
Bölmənin işini təhlil etdim, zəif cəhətlərini aşkarladım, onları gücləndirməyin bir yolunu tapdım. Təklifimi işə tətbiq etmək barədə hazır təlimat kitabçam da var. Hesablamalarıma görə, nəticələri artıq bir həftə sonra müşahidə etmək mümkündür. Proqnozlar yaxın iki ayda satışların 20% artacağını göstərir. Bu layihəyə şəxsən nəzarət etməyə hazıram. Düşünürəm ki, əmək haqqı səviyyəmə yenidən baxılması ədalətli olardı.


3. “Mənim əmək haqqım bazar qiymətlərindən aşağıdır”

Əgər öz işinizin peşəkarısınızsa, bu, mütləq əmək haqqınızda əks olunmalıdır. Adekvat maaş aldığınızı necə bilmək olar? Öz seqmentinizdə əməyin ödənilməsinin orta səviyyəsinə nəzər yetirin. İşlədiyiniz məkanı da nəzərə alın. Belə ki, paytaxtda maaşlar regionlara nisbətən daha yüksək ola bilər. Əmək haqqınız orta səviyyədən aşağıdırsa, bunu rəhbərlə müzakirə etmək lazımdır.
Pis variant:
Siz mənə dəyər vermirsiniz, aşağı maaş alıram. Niyə bütün normal şirkətlər 600-700 ödəyir, lakin mən az qala minimum əmək haqqına işləyirəm?
Yaxşı variant:
Mən bizim regionda öz ixtisasım üzrə əmək haqqının orta həddini araşdırmışam. Aydın oldu ki, mənim səviyyəmdə olan mütəxəssis aylıq 600 məvacib alır, mən isə 15% aşağı maaş alıram. Üstəlik, vəzifə öhdəliklərimdən əlavə işlər də görürəm.

4. “Mənə başqa bir şirkətdə yaxşı bir iş təklif ediblər”.

Diqqət! Bu ifadəni yalnız həqiqət olduqda istifadə edə bilərsiniz. Heç bir halda müdiri təhdid etməyə çalışmayın, əks halda nəticələr pis ola bilər.
Doğrudan, daha yüksək maaşlı yeni bir iş təklifi almısınızsa, bu barədə fikirləşməyə dəyər. Xüsusilə sevimli iş yerinizdən ayrılmaq istəmirsinizsə, yəni səmimi komandadan, anlayışlı müdirdən, maraqlı öhdəliklərinizdən imtina etmək istəmirsinizsə, ancaq eyni zamanda pula da ehtiyacınız varsa, dürüst və səmimi şəkildə bunu rəhbərliyə bildirin. Müdirinizdən əmək haqqı artımına rədd cavabı almaq ehtimalınız da mövcuddur. Əgər maaşınız qaldırılmazsa, qərar verin: Daha yüksək əmək haqqı, yoxsa daxili rahatlıq?

5. “Öz üzərimə daha çox məsuliyyət götürməyə hazıram”.

Bu ifadəni söyləmək olar. Əlbəttə ki, buna hazırsınızsa. Rəhbərinizdən xahiş edin ki, öhdəliklərinizi genişləndirsin. Nəticədə əmək haqqına əlavə ala biləsiniz. Yaxud da daha çox işləyə bilərsiniz. Məsələn:
2/2 cədvəli ilə satıcı işləyirsinizsə, cədvəlin dəyişdirilməsini və 3/1, 5/2 və s. işləməyi xahiş edə bilərsiniz. Mühasib əlavə olaraq daxil olan yazışmalarla, elektrik isə müxtəlif işlərlə məşğul olan fəhlənin vəzifələri və s. ilə məşğul ola bilər.

Həyatınıza və karyeranıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız. Odur ki, bir şeyi istəyəndə oturub onun sizə təklif olunmasını gözləməyin. Layiq olduğunuz şeyləri istəmək cinayət deyil. Sadəcə həmişə yadda saxlayın ki, nə dediyinizdən daha çox necə dediyiniz əhəmiyyətlidir. Uğur qazanacağınıza inanırıq!
  Müəllif: Nigar Umaxanlı
Mənbə: finco.az

0 şərh