Azərbaycanda ən yüksək maaşı kim alır?

Azərbaycandan fərqli olaraq dünya üzrə bir sıra məşhur qəzet və jurnallar iqtisadi sahəyə aid müxtəlif tipli reytinqlər hazırlayırlar. Bu reytinqlər arasında ən məşhuru Forbes-un hazırladığı «Ən varlı insanlar siyahısı» hesab olunur. O qədər məşhurdur ki, onun çoxlu sayda variantları mövcuddur (ən gənc varlılar, ən gənc varlı startapçılar və s.). Amma eyni zamanda, həm Forbes, həm də digər mətbu nəşrlər müxtəlif sahələr üzrə reytinqlər və tədqiqatlar hazırlayırlar. Bu tədqiqatlar arasında əmək bazarına aid olan və ən cəlbedici sahələri araşdıran reytinq də mövcuddur. Adətən bu reytinqin əsasında müxtəlif sahələr üzrə əməkhaqqının orta həcmi hesablanır və yüksək olduğu halda cəlbedici siyahısına daxil edilir.
Azərbaycanda məlumatın qıtlığını nəzərə alsaq, belə tipli icmallar və ya reytinqlərin çox nadir hallarda hazırlanması başadüşüləndir. Düzdür son zamanlar müxtəlif elektron resursların çoxalması nəticəsində, belə reytinqləri hazırlamaq bir qədər asanlaşıb. Amma əmək bazarına gəldikdə, burada verilən məlumatların həcmi hələ də buna imkan vermir. Ona görə, ən yüksək əməkhaqqı ödəyən şirkət və ya ən çox istismar edən şirkət tipli reytinqlər tərtib etmək imkanımız yoxdur. Amma bəzi hallarda rəsmi statistika bizə bir sıra imkanlar yaradır.
Dövlət Statistika Komitəsi (DSK) hər üç aydan bir əmək bazarı ilə bağlı “Muzdlu işçilərin sayı və orta əməkhaqqı” adlı bülleten dərc edir. Bu bülletendə Azərbaycanda müxtəlif şirkət və ya qurumlarda çalışan şəxslərin ümumi sayı (onların hüquqi subyektlərə, iqtisadi fəaliyyət növlərinə, iqtisadi rayonlara və s. görə bölgüsü) və həmçinin onların orta aylıq nominal əməkhaqqına dair məlumatlar verilir. Bu məlumatlar əsasında biz də Azərbaycan üzrə ən yüksək əməkhaqqı alan şəxslərin ən azı sahələr üzrə reytinqini tərtib edə bilərik.
Rəsmi məlumata görə, 170-dən çox iqtisadi fəaliyyət növləri arasında (DSK bülletendə rəsmi olaraq 85 iqtisadi fəaliyyət növü üzrə məlumatlar verir, amma biz onları iki mülkiyyət (dövlət və qeyri-dövlət) növünə görə seçdiyimizə görə 170 alınır) 1000 manatdan artıq orta aylıq nominal əməkhaqqına malik olan 34 sahə mövcuddur. Bu sahələrin 23 özəl sektora, 11 isə dövlət sektoruna aiddir. Yeri gəlmişkən, ölkə üzrə 9 ayın nəticəsində orta aylıq əməkhaqqı 603,5 manat təşkil edir. Başqa sözlə 34 sahə üzrə müvafiq əməkhaqqı ölkə üzrə olan göstəricidən 65% çoxdur. Və ən əsası bu sahələrdə məşğul olan şəxslər ümumi sayda azlıq təşkil edir (Azərbaycanda üç ən çox işçi cəlb edən sahə: təhsil, səhiyyə və pərakəndə satışdır. Bu sahələrdə orta əməkhaqqı 400 manat təşkil edir). 34 sahə arasında biz ən yüksək əməkhaqqına malik olan 10 sahəni seçmişik və onun əsasında cədvəl 1-i hazırlamışıq.
Azərbaycanda ən yüksək maaşı kim alır?
Cədvələ baxdıqda görə bilərik ki, ölkə üzrə ən cəlbedici sahə qismində hələ də mədənçıxarma sənayesi çıxış edir. İlk dörd yer tutan sahələr bu və ya digər vasitələr ilə neft və qaz hasilatı ilə bağlıdır. Birbaşa olaraq özəl şirkətlərdə neft və qaz hasilatı ilə məşğul olan şəxslərin orta əməkhaqqısı 4,9 min AZN təşkil edir. Onlara xidmət göstərən şirkətlərdə isə 4,1 min AZN təşkil edir. Eyni zamanda texniki məsləhətlər və ya mühəndis axtarışları həyata keçirən şirkətlərdə isə orta aylıq maaş 2,9 min AZN təşkil edir. Su nəqliyyatı isə neft və yanacaq daşınmasında əsasən istifadə olunur. Müvafiq olaraq burada da nisbətən yüksək, 2,7 min manat, orta aylıq əməkhaqqı qeydə alınıb.
Özəl sektora aid, amma mədənçıxarmadan fərqli olan reklam fəaliyyəti, rabitə və qumar oyunlarının təşkili daxildir. Reklam fəaliyyəti sahəsində hansısa iri reklam şirkətini göstərmək çətindir. Amma rabitə sektoruna əsasən Bakcell və bəzi digər şirkətlər aiddir. Qabaqlar bura Azercell də aid idi, amma indi dövlət mülkiyyətində olduğuna görə, bu statistika onu ehtiva etmir. Bununla belə bu sahələr əsasən xidmət göstərir. Xidməti isə onlar ölkə üzrə ən iri şirkətlərə göstərir. İri şirkətlər qrupuna ya neft gəlirləri ilə yaşayan dövlət, ya da müvafiq sahədə məşğul olan özəl şirkətlər aiddir. Faktiki olaraq onların yüksək əməkhaqqı əldə etməsi əsasən neft və qaz sahəsində məşğul olan şirkətlərə xidmət göstərmələri ilə bağlıdır. Bura yalnız qumar oyunlarının təşkili daxil deyil. O mədənçıxarmadan müəyyən qədər müstəqildir.
Dövlət sektorunda fəaliyyətə aid olan sahələr isə 6, 7 və 9-cu yerlərdə qərarlaşıb. Birincisi maliyyə xidmətləri, ikincisi qumar oyunlarının təşkili (buraya Azərlotereya və Azəridmanservis aid olmalıdır), üçüncüsü isə dövlət sektorunda proqram təminatının işlənməsidir. Üçü də birbaşa dövlət funksiyalarına aid deyil.
 
Reytinqə baxanda məlum olur ki, Azərbaycanda elan edilən islahatlara və dəyişikliklərə baxmayaraq (qeyri-neft və qeyri-dövlət sektorlarında gəlir vergisindən azadolma və s.), ölkədə hələ də mədənçıxarma sənayesi ilə rəqabətə daxil olmaq imkanı olan sahə yaranmayıb. Hətta maliyyə, reklam və rabitə sektorlarının yüksək əməkhaqqı əldə etmələri əsasən neft və qaz sahəsində məşğul olan şirkətlərə xidmət göstərmələri ilə bağlıdır. Bu və ya digər halda əgər mədənçıxarma sənayesi olmasa, bizim TOP-10-da yalnız “qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət” qalacaq.
Maraqlıdır ki, dövlət mülkiyyətli müəssisələrdə “qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət” özəl sektorda eyni fəaliyyət ilə müqayisədə daha sərfəlidir. Onlar arasında maaş fərqi 14,3% təşkil edir. Yəni bu illər ərzində qeyri-neft sektorunun analoqu olmayan inkişafı nəticəsində mədənçıxarma ilə əməkhaqqı cəhətdən rəqabətə rəsmi məlumata görə yalnız qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət yiyələndi. Bu da gələcəyimizin oyunlardan asılı olduğunu göstərir. Hansı oyunlardan asılıdır? Onu da artıq mərc müəyyən edəcək…
 
Müəllif: Toğrul Maşallı
Mənbə: azlogos.eu

0 şərh