Dmitri Mendeleyev

  • Kimya
Dmitri Mendeleyevin kim olduğunu izah etməyə ehtiyac yoxdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı: “Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi”. 

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.

Uşaqlar, bunlar böyük kimyaçı alim haqqında demək istədiklərimizin heç də hamısı deyildir. Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9 faizi kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D.Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: “Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm”. 

D.Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta “Qolos” qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi. 

azertag.az

0 şərh