Təbii suyun əhəmiyyəti. Su hövzələrinin çirklənmədən qorunması

  • Kimya
Susuz həyat yoxdur. Canlı orqanizmlər 10—20% su itirdikdə məhv olur. Normal həyat fəaliyyəti üçün insana sutkada 2 l-ə qədər su lazımdır. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir. Atmosferdə oksigenin sabit saxlanması da yaşıl bitkilərin sudan istifadə edərək fotosintez reaksiyası əsasında oksigen ayrılması ilə əlaqədardır.
Yer səthinin təxminən 70%-nin su ilə örtülməsinə baxmayaraq, ildən-ilə su çatışmazlığı problemi artmaqdadır. Çünki insanlar və bütün сanlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi (~98%) isə şordur. Onlar istifadə üçün yararlı olmayan dəniz və okean sularıdır. Böyük miqdarda şirin su ehtiyatı Arktika və Antarktida buzlaqlarında və əksər insanların istifadə edə bilmədiyi Baykal gölündə və başqa göllərdə toplanmışdır.
Kənd təsərrüfatında, şəhərlərdə, məişət və sənayedə suya tələbat getdimə artır. Buna görə də şirin suya ehtiyaс hər il daha çox hiss olunmaqdadır. Hazırda dünya əhalisinin 1/3 hissəsinin içməli suya ehtiyarn vardır.
Deməli, atmosferin və torpağın çirklənməsi insan üçün potensial təhlükədirsə, hidrosferin çirklənməsi gündəlik təhlükə sayılmalıdır. Çünki su həlledici olduğundan ona qarışan tullantılar ətraf mühitdəki canlıları asanlıqla kütləvi şəkildə zəhərləyir. Suyun təbiətdə dövran etməsi və axımı ilə əlaqədar zəhərlənmə geniş əraziyə yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir (100 km-ə qədər).
Suyun çirklənməsi onda həll olmuş oksigenin də miqdarının azalmasına səbəb olur. Oksigenin azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi proseslərin normal gedişi üçün əlverişli olmayan mühit yaradır.
Çirklənmədən ən çox şirin su mənbələri zərər çəkir. Çünki məişətdə, texnikada və kənd təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur.
Sənaye mənşəli tullantılar hidrofaunanın normal həyat fəaliyyətini pozmaqla yanaşı, hövzədəki suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nəinki içmək üçün, həm də kənd təsərrüfatında suvarma və texniki məqsədlər üçün də yaramır. Çirkli sularda şəraitə uyğunlaşıb yaşayan bir sıra canlıların (ilbizlər, balıqlar, yosunlar və s.) insanlar tərəfindən istifadə edilməsi yeni-yeni xəstəliklərin meydana çıxmasına səbəb olur. Çünki bir sıra kanserogen maddələr1 sudakı canlıların orqanizmində tədricən toplanaraq insan üçün təhlükəli həddə çatır.
Antropogen təsirlər2 nəticəsində atmosfer və torpaqla yanaşı, təbii sulara xeyli miqdarda azot və fosfor birləşmələri qarışır. Təbii suların tərkibində azot, əsasən, atmosfer vasitəsilə, kənd təsərrüfatında istifadə edilən azot gübrələrinin yuyulması ilə və kommunal təsərrüfatların axıtdığı çirkablar hesabına artır. Fosforla zəngin maddələrin eko-oji sistemdə çoxalması da getdikcə sürətlənir. Əvvəllər biosferə atılan fosforun əsas mənbəyi fosforlu gübrələr idisə, hazırda hidrosferə qarışan fosforun ən çoxu mətbəxlərdə və məişətdə işlənən sintetik yuyucu maddələrin payına düşür.
Müasir şəhər əhalisinin hər biri il ərzində biosferə təxminən 1,6 kq fosfor ixrac edir. 1 kq fosforun su mühitinə düşməsi isə 1 ton yosun kütləsinin artması deməkdir. Bunun da suyu necə və nə dərəcədə çirkləndirməsi sizə biologiyadan məlumdur.
Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda yayılaraq səthində nazik pərdə yaradır, bu da havadan oksigenin suya keçməsinə mane olur və nəticədə canlıların tənəffüsü çətinləşir. Bir damcı neft 1,5—2 m2 su səthini pərdə ilə örtür. Hesablanmışdır ki, dünyada hidrosferə ildə 12—15 milyon ton neft axıdılır.
Dəniz və okeanların neftlə çirklənməsinin əsas mənbələri neftdaşıyan tankerlər, dəniz neft yataqları, neft emal edən zavodlar, gəmilərin və qayıqların sürtkü yağlarıdır. Bu gün dünya okeanı və dənizlərinin elə sahələri vardır ki, orada balıq ovlamaq mümkün deyil. Bəzi dənizlərdə isə (məsələn, Aralıq dənizində) ovlanan balıqları və digər heyvanları neft iyinə görə yemək olmur.
Müxtəlif üzvi və mineral tərkibli pestisidlər, gübrələr və başqa bit- kiqoruyucu maddələr də onlardan düzgün istifadə edilmədiyi üçün su hövzələrini zəhərləyir.

Məişət tullantılarının suya axıdılması da hidrosferi çirkləndirdiyi üçün zərərli sayılır. Bu tullantıların tərkibində olan üzvi maddələr suda mikrofloranın sürətlə artmasına və bununla da oksigenin azalmasına, çox zaman, hətta tam tükənməsinə səbəb olur. Belə mühitdə isə yalnız anaerob mikroblar1 artıb çoxalır. Anaerob mikrobların həyat fəaliyyəti nəticəsində əmələ gələn H2S, N2, NH3, CH4 və s. qazlar mühitdəki canlılar üçün ikinci ölüm vasitəsinə çevrilir.
Respublikamızın əsas şirin su mənbələrindən biri olan Kür çayı məişət və kommunal tullantıları ilə daha çox çirklənir. Gürcüstanın Mesxeti və Tbilisi şəhərlərində üzvi və qeyri-üzvi maddələrlə çirklənən Kürün suyu Qazax rayonunun Şıxlı kəndinə kimi 120—125 km məsafədə öz təbii vəziyyətini bərpa edə bilmir.
Hidrosferdə canlı aləmin normal yaşayışına təsir edən amillərdən biri də «istilik çirklənməsi»dir. Bu növ çirklənmə mənbəyi, əsasən, su hövzələrinə yaxın ərazilərdə mazut və başqa yanacaqla işləyən istilik elektrik stansiyalarıdır (İES). İES-lərin kollektorlarını soyutmaq üçün böyük həcmdə su işl ədilir. Hövzədən götürülən suyun temperaturu bəzən 40—45°C-dək qalxır. Bu temperaturda isə canlı aləmin 60%-i məhv olur.
Radioaktiv maddələrin qarışdığı çay suları ilə suvarılan əkin sahələrinin məhsullarında insan orqanizmi üçün təhlükəli olan dozaya qədər maddələr toplana bilər. Bu məhsullardan istifadə edən insanların orqanizmlərində (xüsusilə rüşeymdə) dəhşətli eybəcərliklər yaranır və ölümlə nəticələnir.
Tullantı sularını təmizləmək üçün mexaniki, fiziki-kimyəvi və bioloji üsullar ardıcıl olaraq tətbiq edilir.
Hazırda suyu zərərsizləşdirmək üçün atomar oksigendən istifadə etmək daha müasir və daha sərfəli üsul hesab olunur. Bu üsulda oksigen molekulları xüsusi qurğuda atomlara çevrilir, əmələ gəlmiş oksigen atomları sudaki bakteriyaları, yosunları, kif göbələklərini və virusları məhv edir.
Bununla da açıq su hövzələrinin çirklənmədən qorunması təmin olunur. Atomar oksigen, həmçinin bir çox üzvi və qeyri-üzvi birləşmələri asanlıqla oksidləşdirərək zərərsiz maddələrə çevirir.
 
Müəllif: Nasim Abışov,Günay Quliyeva,Vəli Əliyev,Vaqif Abbasov,Mütəllim Abbasov
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Kimya fənni üzrə Dərslik

0 şərh