Vyaçeslav Tixonov

  • Kino
Hardasa uzaqlarda… daha dəqiq desək, “Elefant” restoranında dünyanın ən yaraşıqlı kəşfiyyatçısı öz həyat yoldaşı ilə görüşür. Onlar ayrı-ayrı masalarda əyləşiblər, səssiz-səmirsiz, heç nə demədən bir-birilərinə tamaşa edirlər.
Aralarındakı məsafə 5-6 addımdır, lakin bu məsafə yoxa bərabərdir. Bu baxışlarla onlar həm qucaqlaşır, həm öpüşür, həm də bir-birilərinin qoxusunu alırlar...

70 – ci illərdə bütün sovet tamaçısının, o cümlədən, yüksək çinli məmurların diqqətini özünə çəkməyi bacaran məşhur “Baharın 17 anı” televiziya filmi ekranlara çıxır. Əfsanəyə çevrilmiş “Ştirlits” obrazı… Bu obrazın yaradıcısı isə Vyaçeslav Tixonov — keçmiş sovet ölkələrindəki bütün qadınların sevimlisi aktyor Vyaçeslav Tixonov idi...

Lakin bildiyimiz kimi, həyat kino deyil, odur ki, kinodakı “Ştirlits” həyatdakından, (təəssüf ki), çox fərqlənirdi... Və çox təəssüf ki, Tixonov kimi nəhəng bir aktyorun şəxsi həyatı uğursuz alınır, axı “Baharın 17 anı”nın parlaq ulduzu daha böyük uğurlara, daha artıq xoşbəxtliyə layiq idi! Ancaq bəzən şəxsi həyatımızadakı uğursuzluqların tək günahkarı özümüz oluruq… Tixonovda olduğu kimi...Вячеслав Тихонов

V. Tixonov 1928 –ci ilin 8 fevralında dünyaya gəlib. Aktyorun atası toxuculuq fabrikində mexanik, anası isə uşaq bağçasında tərbiyəçi çalışırdı. Valideynləri uşaqlarının nadinc olduğunu görürdülər. Odur ki, atası Vasiliy Tixonov oğlunu peşə məktəbinə göndərir: “Avara-avara gəzməkdənsə, get oxu, bir peşəyə sahib ol”…
Valideynlər oğullarını Kənd Təsərrüfatı Akademiyasının tələbəsi kimi görürdülər. Oğulları Vyaçeslavın kinoya olan həvəsindən onlar sonralar xəbər tuturlar. Bu istəyə qarşı ilk çıxan kəs aktyorun atası olur. Ancaq həyat görmüş nənə, nəvəsinin — onun arzularının və istəyinin arxasında durur: “İcazə verin, Slava hansı sənəti istəyir onu seçsin. Ona sevdiyi sənəti seçməyi qadağan etsəniz, ürəyinə ömürlük xal salmış olacaqsınız...” Daha heç bir etirazdan söz gedə bilməzdi...
Beləliklə, Tixonov arzularının arxasınca gedir. Bir çox dahi aktyorlarda olduğu tək, Tixonovun da ilk kəsiri aktyor ustalığından olur. Aktyorun həyatındakı ilk kəsir, ilk pərişanlıq, ilk ümidsizlik. İlk uğur isə kurs rəhbəri Bibikovla görüş olur. Boris Bibikov onu öz kursuna daxil edir.

Tixonov kino yaradıcılığına tələbə ikən çəkildiyi rejissor Serqey Qerasimovun “Gənc qvardiya” filmi ilə başlayır. Növbəti illər gənc aktyor filmlərdə romantik qəhrəmanlar yaratmaqla məşğul olur. Bu filmlər arasında “Taras Şevçenko”, “Ç.P – Fövqaladə hadisə”, “Acgözlük”, “Miçman Panin”və digər filmlər də vardı. Aktyor 1967-ci ildə məşhur rejissor Serqey Bondarçukun “Hərb və Sülh” filminə çəkilir və burada çox sevdiyi “Andrey Bolkonskiy” obrazını canlandırır. Ancaq bəzilərinin fikrincə, bu rolda nəsə çatışmır. Kino tənqidçiləri aktyorun filmdəki oyununu bir o qədər bəyənmir. Filmin rejissoru Bondarçuk son ana qədər Tixonovun bu rola uyğun olmadığını düşünür.

ŞtirlitsBu narazılığın səbəbi yalnız Tixonovun kobud əlləri idisə, çox səfeh və mənasız bir nöqsan tutulmuşdu aktyora. Fəqət tamaşaçı Tixonovun kübar, aristokrat knyaz obrazını çox gözəl canlandırdığının şahidi olur. Hər bir halda, Tixonov uzun müddət gərginlik yaşayır, çünki “Hərb və Sülh” əsərini çox sevirdi və rola da çox bağlanmışdı. Bütün bu narazılıqlar ucbatından o, kinodan uzaqlaşmağı qərarlaşdırır, ancaq sonda “lənət şeytana, kimin başına gəlmir ki?”- deyib özünü toplamağı bacarır… və nə yaxşı ki, bunu bacarır!

Altı ildən sonra onun yaratdığı “Ştirlits” obrazı bütün tənqid və ittihamlara yağlı bir nöqtə qoyur. 1973 –cü ildə işıq üzü görən rejissor Lioznovanın 12 seriyalı “Baharın 17 anı” televiziya filmi Tixonov yaradıclığının pik nöqtəsinə çevrilir. Baxmayaraq ki, bu rola Smoktunovski, Qomiaşvili və digər namizədlər vardı, lakin filmin rejissoru Lioznova sonda bu rola ən uğurlu namizədin Tixonov olduğunu görür.

Filmdə hadisələr 1945 ci –ildə baş verir, baş qəhrəman sovet kəşfiyyatçısı Maks Otto fon Ştirlits və ya sadəcə Ştirlitsdir...
Tixonov bu rolu ilə bütün istedadını ortaya qoymuş olur və məhz onun jestləri, mimikaları bütün filmin taleyini həll edir.
Burada aktyor bir kişilik simvolunu yaradır. Bu obraza, belə kişiyə planetin heç bir qadını biganə qala bilməzdi...
O bu obrazı o dərəcədə inandırıcı yaradır ki, sovet lideri Leonid Brejnev belə İsayevin realda mövcud olduğuna inanır və onun dərhal tapılıb Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunması barədə göstəriş verir. Lakin Ştirlitsin yalnız uydurma obraz olduğunu öyrəndikdən sonra o, başını yelləyir və “nə pis” deyə təəssüf hissi ilə söyləyir...

“Qaraqulaq ağ Bim” filmi rusiyalı dahi aktyorun çəkildiyi ən təsirli filmlərdən olur. Tixonovun digər filmləri arasında “Birinci günə qədər yaşayaq”, “ TASS-ın elan etmək səlahiyyəti var", “Andersen, sevgisiz”… və s. qeyd etmək olar. Bütün bu uğurlu rollara, kinodakı nailiyyətlərə baxmayaraq, aktyor adi komunal evdə yaşayırdı və heç bir dəbdəbəli həyatdan söhbət gedə bilməzdi.

Quruca sevgi, quruca incəsənət… Aktyor yalnız xalq sevgisi ilə öyünə bilərdi...

Xülasə, çox təəssüf ki, milyonların sevib-pərəstiş etdiyi kişi yalnız kinoda qalmışdı. Real həyatda bir milçəyə zərər vura bilməyəcək qədər zəif idi məşhur aktyor. Bəlkə də o, hədsiz kübar, hədsiz mədəni idi?
İlk həyat yoldaşı Nonna Mordyukova ilə aktyor “Gənc Qvardiya” filminin çəkilişləri zamanı tanış olmuşdu. Nonna aktyora dəli kimi aşiq olmuşdu. Uzun-uzadı mübarizədən sonra o, Vyaçeslav Tixonovun həyat yoldaşı olmağa nail olur. Lakin görünür, ortada sevgi yox idi və yaxud iki müxtəlif, fərqli obraz vardı – kübar Tixonov və hər bir mənada kobud Mordyukova ...
Aktrisa Nonna Mordyukova ərinin ona qarşı laqeyd, soyuq olduğunu iddia edir, evli olduqları müddətdə Tixonovun bir dəfə də olsun onun ad gününü təbrik etmədiyini, birgə yaşanan illərin əzabdan başqa bir şey olmadığını söyləyirdi. Onların birgə olmasını arzulayan yeganə şəxs Nonnanın anası idi.

Tixonov və NonnaDigər versiya isə Tixonova haqq qazandırır. Burada xəyanət edən tərəf Nonnadır. Aktyor evlərindən yad kişinin çıxdığını və arvadının da onu öpüb-qucaqladığını görür. O, heç nə demir, sakitcə evə girir, çamadanını yığıb çıxır. Beləcə, 13 il davam edən əzablı evlilik illəri başa çatır. Onların Vladimir adlı oğulları 40 yaşında vəfat edir. (Səbəb narkotik və alkoqola olan aludəçilik idi.) Bu dərd Tixonovun ömrünün son illərinə qədər ona həmdəm olur və bütün valideynlər kimi Tixonov da özünü övladının ölümündə günahlandırır.

1968 –ci ildə V. Tixonov ikinci dəfə ailə həyatı qurur, bu dəfə Tamara adlı xanımla. Bax elə Tamara və onların qızı Anya Tixonovun ən böyük faciələrindən birinə çevrilirlər. Aktyor tamamilə onların hakimiyyəti altında idi. Tamara ərini xəstəlik dərəcəsində qısqanırdı. Arvadının qısqanclığından, xırda-böyük söz-söhbətlərdən bezən aktyor şəhərkənarında yerləşən evinə köçür, nişan üzüyünü barmağından çıxarır. Ancaq yaxasını Tamaradan qurtara bilmir, yeganə çarə bir evdə ayrı-ayrı otaqlarda yaşamaq olur. Azadlığa çıxdığını düşünən Tixonov bu dəfə qızının hakimiyyəti altına düşür. Arvadı ilə yaşanan ssenari qızı ilə davam edir. Qızcığaz atanın hər addımını izləyirdi. Ana-bala Tixonovun ilk nikahdan olan oğulları Vladimirlə görüşməyə belə izn vermirdilər. İş o yerə çatmışdı ki, Tixonov dos-doğmaca oğlu ilə gizlincə görüşürdü. Vladimir öldükdən sonra Tixonov onun ailəsinə yardım edir, fəqət bu kəs də, Tamara və qızı məşhur aktyora həyatda isə yumşaq, zəif kişiyə həddini aşdığını bildirirlər.

Vaxt gəlir və Anya kinostudiya açaraq məşhur atanın adından yaxşıca pullar qazanmağa başlayır. Məsələn, aktyorun 80 illik yubileyində Anya birinci kanalın jurnalistlərinə qapını 15 min dollar müqabilində açır. Anya atasına sonradan hədiyyə olunan maşının dalına necə keçirsə, 15 min dolları da eləcə mənimsəyir.
Tixonov nə o maşını, nə o pulları görür...

Vyaçeslav Tixonov 2009 –cu ilin 4 dekabr tarixində həyata vida edir. Aktyorun müalicə edən kardioloq tənhalıq və lazımi qulluğun olmamasını söyləyir.“Doğma”ları aktyorun sonuncu arzusunu da yerinə yetirmirlər. Belə ki, Tixonov oğlunun yanında basdırılmasını vəsiyyət edir, lakin “doğma”lar yenə öz istədiklərini edirlər...
Beləcə, bir insan ömrü belə mənasız sonluqla bitir. Ancaq o — Ştirlits belə həyata layiq deyildi...

Aytən Cavanşir 

2 şərh

_BUMERANQ_
Tixonovun əsl həyatı haqda oxuyandan sonra rəsmən xəyal qırıqlığına uğradım. 
naninka

Nece də zeif xarakterli olub və bu zeifliyi üzündən həyatında bu qədər uqursuzluq olub...BUMERANQ,sizinle tamamı ilə razıyam.