İran kinosu

  • Kino
İran kinosuCənub qonşumuz bəlkə də bir çox şeylərə görə bizə həsəd apara bilər. Amma bunların içərisində dəqiq kino yoxdur. Qılınc və çadra altında yaradılsa da, bütün dünyaya meydan oxuyan kinoları ilə İran rejissorları qarşısında baş əyməkdən başqa çarəmiz yoxdur.

Tarkovski bizim qonşumuz olsa da, onlar daha çox bəhrələndilər, özününkiləşdirdilər. Sonra bir az Odzulaşıb, bir az da Qodarlaşdılar, arada lap Felliniləşdilər də.

Amma eybəcər şəkildə onları imitasiya etmədilər, əksinə, özlərinə qatıb yeni bir şey ortaya qoydular. Elə bir şey ki, az bir zamanda Kann, Berlin və Venesiyada onun öz yeri oldu. Bəli, bu İran kinosu idi, bu Kiarostami, bu Pənahi, bu Maxmalbaf, bu Qobadi, bu Məcidi, bu Fərhadi və onlarla başqaları idi.

Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. Məsləhət görə biləcəyim filmləri bunlardır:

“Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008)
“Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999)
“Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven”(1997)
“Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005)
Rejissor Məcid Məcidi “Səma uşaqları” filminin cəkilişi zamanı
İran kinosunda Tarkovski üslubunun ən nəzərəçarpan izlərini məhz Abbas Kiarostami yaradıcılığında sezmək olar. Cənubluların yeganə “Palma budağı” da məhz Kiarostaminin aktivindədir. Görünür yaradıcılığına ola biləcək maneələri gözə alan rejissor son filmlərini Fransada ekranlaşdırır. Qeyd olunası filmləri aşağıdakılardır:

“İri plan” / “Nema-ye Nazdik” / “Close- up” (1990)
“Albalının dadı” / “Ta’m e guilass” / “Taste of cherry” (1997)
“Həyat və daha heç nə” / “Zendegi va digar hich”/ “Life and nothing more” (1992)
“Bizi külək aparacaq” / “Bad ma ra khahad bord” /”The wind will carry us” (1999)
“On” / “Ten” (2002)
Abbas Kiarostami
İran kinosunun ən başıbəlalı nümayəndəsi Cəfər Pənahidir. Demək olar ki, bütün filmlərində rejimə qarşı çıxan rejissor 2010-cu ildə 6 illik həbsə atıldı və 20 il müddətinə kinodan uzaqlaşdırıldı. Filmlərində daha çox qadın hüquqlarına toxunan rejissorun qəhrəmanları fars dili ilə yanaşı tez-tez Azərbaycan dilində də danışırlar. Buna Məcidinin “Sərçələrin nəğməsi” filmində də rast gəlmək olar. Qeyd olunası filmləri bunlardır:

“Dairə” / “Dayereh” / “The circle” (2000)

“Ofsayd” / “Offside” (2006)

“Güzgü” / “Ayneh” / “The mirrow” (1997)

“Bu film deyil” (sənədli) / “İn film nist” / “This is not a film” (2010)
Cəfər Pənahi
Bəhman Qobadi İran kürdüdür və filmlərində daha çox İran –İraq sərhədində baş verən problematik situasiyalara yer ayırır. Bununla bərabər Qobadi müasir İran kinosuna musiqi gətirən rejissordur. Onun qəhrəmanları arasında türk, fars və azərbaycanca oxuyanlar olur. Sonuncu filmində Qobadi daha irəli gedərək rok qrupundan bəhs edən bir şedevr ortaya qoyub. Dərhal da qadağan olunmuş filmlər siyahısına düşməklə film Qobadini də rejimin qara siyahısına düşən rejissorlarından birinə çevirib.

“İran pişikləri haqqında heç kəs bilmir” / “Kasi az gorbehaye irani khabar nadareh” / “No one knows about Persian cats” (2009)

“Tısbağalar da uça bilir” / “Lakposhtha parvaz mikonand” / “Turtles can fly” (2004)“Sərxoş atların zamanı” / “Zamani barayé masti asbha” / “A time for drunken horses” (2000)
Bəhmən Qobadi
Mohsen Maxmalbaf müasir İran kinosunun bayraqdarlarından biridir. Həyat yoldaşı və qızı da bu sənətin davamçıları olan Maxmalbaf yaradıcılığının ilk dövrlərində ölkəsində yaşayıb yaratsa da, sonrakı dövrlərdə yaradıcılığına olan qadağalar onu da bir çoxları kimi xarici kinoşirkətlər ilə əməkdaşlığa məcbur etdi. Filmlərində gerçəkliyin təsviri olduqca yüksəkdir və hətta bəzən sənədliliklə bədiilik arasında fərqi də görmək çətin olur.

“Çörək və güldan” / “Nun va goldoon” / “A moment of innocence” (1996)
“Qəndəhar” / “Safar e Ghandehar” / “Kandahar” (2001)
“Qarışqaların fəryadı” / “Faryad moorcheha” / “Scream of the ants” (2007)
“Seks və Fəlsəfə” / “Sex & Philosophy” (2005)
Mohsen Maxmalbaf
Adlarını sadaladığım filmlərin demək olar ki, heç birini dilimizə tərcümə olunmuş şəkildə tapmaq mümkün deyil. Çox az qismi rus dilinə tərcümə olunub. Maraqlananlar daha çox orijinal adla YouTube-da axtarış versələr, filmləri tapa biləcəklər. Lakin onların da yalnız bəziləri ingilis dilli subtitrlarla müşaiyət olunur. Problemi həll etmək üçün subtitrları ayrıca endirmək, ya da fars dilini öyrənmək olar.
 

1 şərh

Don_Elnur
Bu yazıq yaradıcı insanlar İranda necə yaşaya bilirlər görəsən? Çox çətindi