Elli haqqında

  • Kino
Ədəbiyyatda da, kinoda da intellektual emosiyanın tərəfdarıyam. Nə ədəbiyyat olduğu kimi yazmaq lazım deyil, nə də kino da olduğu kimi çəkmək…
Ədəbiyyat da, film də dünyanın yenidən dərk olunması üçün vasitələrdir… Sənət yolu ilə dərketmə! Sosial sıxıntılar, darıxmaqlar, itki və ayrılıq notları mənim dünyamda xaric səslənir. Komplusiv-obsessiv psixoloji pozuntu halından əziyyət çəkən insan ağrıları, atasını itirən və maddi yoxluqların qurbanına çevrilmiş yoxsul, yetim, dışlanmış insan ağrılarından heç də zəif deyil.

Məsələn, Trierin epilepsiyadan əziyyət çəkən qadın obrazı Kurasavanın “Yaşamaq” filmindəki kişi qəhrəmandan daha çox kədərlidi mənim üçün. Faiz nisbətiylə sentimental, lokal olsa da təbiilik, səmimiyyət İran filmlərinə baxmağıma səbəb oldu. Mənim İran filmlərinə sevgim dolayı yolla rejissor-aktyor işlərinə sevgidi. Modern İran kinosunda Kiarüstəmi, Mahmalbaf, Qubadi, Məcidi, Cəfər Pənahi işlərinə heyran qaldığım rejissorlardı. Bu siyahıya Əsgər Fərhadini də əlavə eləmək olar ki, yuxarıda qeyd etdiyim rejissorlar qədər heyran olmasam da yaradıcılığını izləyəndən sonra favoritlərdən oldu. Fərhadi 2012-də “Bir Ayrılıq- A Separation” filmiylə ilk dəfə İran kinematoqrafiyasına Oskar mükafatını gətirdi. İzlədiyim ilk filmi “Elli haqqında” filmi oldu. Filmin ilk hissəsi sıxıcıdı, ikinci hissəsi dinamik.

Bildiklərini gizlətmək, yalan danışmaq qədər əxlaqsız bir davranışdır? Film İranın şərqinə-yay tətilini keçirmək üçün çoxdan tərk edilmiş bağ evlərinə gedən üç İranlı ailənin hekayəsindən bəhs eləyir. Filmin mərkəzində bir bağ evi və bu evdə baş verən hadisələr dayanır. Bu üç dost ailənin bağ evinə gəlmə səbəblərindən biri ailə üzvü Sepidehin Almaniyadan qayıtmış Əhmədlə qızının müəlliməsi Ellini tanış etmək istəyidir. Almaniyada xoşbəxt ailə həyatı qura bilməyən, boşanıb geri qayıdan Əhməd iranlı bir qadınla evlənmək istəyir. İlk görüşdən sonra Ellinin də Əhməddən xoşu gəlir. Bu vəziyyət evdəki üç ailəni də sevindirir. Hər şey Ellinin birdən-birə yox olmasından sonra başlayır. Filmin sükutu, durğunluğu bu yoxolmadan sonra həyəcana, qəribə hadisələrə çevrilir. Ellinin itməsiylə üstü açılan sirlər bəzi obrazların həyatını dəyişəcək.Ortada itmiş bir qız var və bu qızın necə itməsini heç kim bilmir. Hər şey anidən baş verir. Onu ailəsindən icazə alıb şərqə-bağ evlərinə gətirən və həyatına cavabdehlik məsuliyyəti daşıyan üç ailə buraxaraq yoxa çıxan qız.

“Necə itdi?”, “Hara getdi?”, “Bəlkə öldü?” kimi suallardan başqa, bir də “Ailəsinə nə deyəcəyik?”- sualı var. Əslində Elli itəndən sonra yaranan suallar finalın açarıdır. Suallar getdikcə dərinləşir, ailə içində gərginlik yaşanır, bu həyəcan və gərginlik sirlərin açılmasına səbəb olur. Eyni ailənin üzvləri bir-birinə arxa çevirir.



Rejissorun ustalığı burada üzə çıxır. Ellinin itməyi əsas məsələ deyil. Bir qızın yoxa çıxması üzərindən İran analizi olunur, obyektiv sosial münasibətlərə fokuslanır. İran cəmiyyətinin əsil portretini çəkir Fərhadi. Çox bəsit bir hadisədən yola çıxan rejissor İranda qadının yerini, ailə içi münasibətlərini qabardır. İkili münasibətlərdə günümüzdəki dəyişikliklərə göndərmə eləyən Fərhadi evlilik öncəsi vəziyyəti göstərir, düşüncədəki çərçivəni, rejimin insani keyfiyyətləri əzməsini filmə çevirir.

Fərdin yalan fikrindən qurtulmaq üçün necə dəyişdiyini anladan fransız filmi dadında bir İran filmi.

Ağ yalanlar hər şeyin kontroldan çıxmasına səbəb olur. Vəziyyətdən çıxmaq üçün, məsuliyyətdən qaçmaq üçün yalanı gerçək eləməyə çalışanlar göstərilir. İzləyici kameranın yerinə keçib, obrazlar arasında dolaşır,- “Heç olmasa bu yalanı demə, ya da bu doğrunu burada söyləməyin yeridi?”- demək istəyir. Hər şey domino daşları kimi sırayla yıxılır. Film bitəndən sonra bu sual məni narahat eləməyə başladı: Görəsən, biz də yalan danışanda filmdəki kimi bir insan həyatını darmadağın eləyirik?


Ömər Xəyyam 
 

0 şərh