Poetik filmin usta rejissoru

  • Kino
Poetik filmlər deyəndə ağlımıza nə gəlir? Və ya poetik filmlər bizə kimləri xatırladır? Poetika ilə film arasındakı əlaqələr nədir? Uzun vaxtdır, bu suallar üzərinə düşünürəm. Və bu prosesdə şeiri filmə köçürmək deyəndə ağlıma 2 mərhum insan gəlir. Bunun biri dəyərli Andrey Tarkovski və Kşiştof Kyeslovskidir. Amma bu gün sizə uzun və yorucu bir mütaliə bağışlamaq istəmirəm. Sənəti bu qədər sıxıcı fəaliyyət hesab etməyinizi istəmirəm. Halbuki sənət sıxıcılıqdan və monotonluqdan qaçışın bir hissədir. Bəli, bir kiçik hissəsi hesab etmək olar.

13 Mart 1996-cı ildə Polşanın Varşava şəhərinin Mazowieckie qəsəbəsində bir adam infarkt keçirərək həyata vəda etdi. Onsuz da uzun müddətdir, yorğunluq və stress səbəbilə narahatlıq keçirirdi. Düzəlmək üçün işlərini yoluna qoyduqdan sonra hər şeydən əlini-ətəyini çəkib buraya — doğulduğu qəsəbəyə geri qayıtmışdı. Bu adam — 1941-ci il iyunun 21-də, İkinci Dünya Müharibəsinin ən sərt dövründə doğulub. Uşaqlıq illəri ərzində vərəm xəstəsi olan atası üçün anası və bacısı ilə sanatoriyası olan şəhərləri gəzib. Sovet təzyiqi altında əzilən ölkəsində həyat uğrunda mübarizə aparan, Milenium çağının yaxınlaşdığı və Sovet İttifaqının dağıldığı dövrdə artıq həyatdan yorulan və qabığına çəkilən adam Kşiştof Kyeslovski idi.

«Film çəkmək tamaşaçılar, festivallar, tənqidlər, danışıqlar demək deyil. Film çəkmək hər gün səhər saat 6-da oyanmaq deməkdir. Soyuqda, yağışda, palçıqda ağır avadanlıqlar daşımaq deməkdir. Hər şeydən əvvəl, əsəb gücü gərəkdirən bir peşədir və hər şey — ailən, duyğuların, şəxsi həyatın daxil olmaqla ikinci plana atılır. Hamısı bir yana, film çəkmək səbir etmək deməkdir.»

Kyeslovski uşaq vaxtı xilasedici olmaq istəyirdi. Əlbəttə, ailəsi bu vəziyyətə müsbət baxmadı. Lakin atası ona bu işin qənaətbəxş olmadığını göstərmək üçün Kşiştofu bir yanğınsöndürən məktəbinə yazdırır. O anlayır ki, buralar onun yeri deyil. Ailəsi həmişə onun təhsil almağını istəyirdi. Ancaq o, Varşavada bir səhnə sənəti üzərinə bir məktəbə yazılır. Əslində, Kşiştofun Kyeslovski olması buradan başladı. Və o bu haqda bunları deyir:

“Bu məktəb həqiqətən çox uğurlu idi mənim üçün. Bizi intellekt aspektindən çox oyandırdı. Həyatın yemək, yatmaq və başını girləyə biləcəyin bir ev tapmaq mücadiləsindən daha başqa bir şey olduğunu öyrətdi. Həyatın başqa növdən bir qida olduğunu da — ruh üçün qida və ya ağıl üçün qida. Beləcə, səhnə rejissoru deyil, film rejissoru olmaq qərarına gəldim. Fəqət bunun üçün diplom lazım idi. Amma mən polyakca, sosiologiya və tarix dərslərini oxumaq istəmirdim. Fakültəmi dəyişdirdim”

Təhsil həyatını tamamladıqdan sonra Kyeslovski ard-arda sənədli filmlər çəkməyə başlayır. İçində olduqları tarixi prosesdə Polşada Sovet İttifaqının gətirdiyi modernist yanaşmalar və onları dərindən sarsan böyük bir döyüşün gətirdiyi krizis xalqı boşluğa düşürmüşdü. Dövrün intellektual təbəqəsi bu boşluğu tamamlamaq üçün sənədli filmlərə yönəlmişdi. Məqsədləri insanların həyata baxışlarını kiçik parçalar halında təqdim etmək idi. Bu dövrdə Kşiştof təxminən, 10 il ərzində bir çox sənədli film çəkdi.

«Sənədli filmlər çəkmək gerçək həyatlarda yaşayan insanlarla bağlıdır. Bizə güvənən və həyatları haqqında həqiqətləri açıqlayan insanlardır onlar. Amma bu gerçək, əsasən, onlara qarşı istifadə edilmişdir. Vasitələrimiz nə qədər görünməz olsa, bir o qədər özümüzü, kamera və mikrofonlarımızla olmamağımız lazım olan bir yerdə tapmaq təhlükəmiz də o qədər böyük idi. Yəni bir insanın tək qalmağa haqqı olan yerdə xoşbəxt ya da acıdan qıvrılmış şəkildə çəkə bilməzdik.»

Uzun davam edən sənədli filmlər dövründən sonra Kşiştof Kyeslovski nəhayət ki bədii filmlərə yönəlir. “Bez Konca” (Sonsuzluq) filmindən sonra isə artıq tanınan bir rejissor olmuşdu. Və bu, bütün enerjisini filmlərinə ayıra bilməsini təmin etdi.

«Yarım saatlıq ilk televiziya filmimi çəkərkən Polşada bütün rejissorların getdiyi yolu getdim. Bu yolu seçmək istədim, çünki necə mövzulu film çəkiləcəyini bilmirdim. Mövzulu film çəkmək istəyirsinizsə bir qayda vardır; ilk əvvəl televiziya üçün yarım saatlıq, sonra bir saatlıq film çəkməniz lazım idi, ancaq ondan sonra tam bir kino filmi çəkə bilərdim. „

“Sonsuzluq” filmi rejissor üçün filmlərinə yanaşmaq tərzi üzrə qırılma nöqtəsi oldu. Bu, mərhum ustadın filmoqrafiyasında siyasi mövzuların pik nöqtəsi idi. Hərbi vəziyyət dövründə sistemi, hökuməti və bürokratiyanı çox sərt bir şəkildə tənqid edirdi. Amma bunu edərkən didaktik olmaması, fərdi hekayəyə əhəmiyyət verməsi “Sonsuzluq” filmini çox fərqli bir yüksəkliyə daşımışdı. Lakin bu filmlə birlikdə artıq siyasətə və kinoya olan münasibəti dəyişdi.

“Bu film altı ay qədər bir müddət vizyona girə bilmədi. Sonra nümayişə verildiyində heç xoş qarşılanmadı. Fəlakət!.. Bu filmdə olduğu qədər heç bir filmimizdə bu səviyyədə mənfi rəylərlə qarşılaşmamışdım. Siyasi elita, müxaliflər və kilsə filmdən nifrət etdi ki, bunlar Polşada üç güclü seqmentdir. Filmi bəyənən tək bir qrup var idi — o da tamaşaçılar.»

Kyeslovski bundan sonra siyasəti filmlərindən uzaq tutaraq tamamilə fərdi hekayələrə cəmləndi. Artıq öhdəsinə götürdüyü mövzular daha mənəvi məsələlərlə əlaqədar idi. Tanrı, ailə, qardaşlıq və azadlıq kimi anlayışlara sıxlaşdığı son dövründə Kşiştof bu mənəvi atmosferi dəstəkləmək üçün də tamamilə orijinal bir kinematoqrafiya meydana gətirdi.

“İnsanların doğuşdan yaxşı olduqlarına inanıram. Yaxşı olmaq hər kəsin təbiətində var. Lakin bir sual meydana çıxır: Hər şey yaxşıdırsa, bəs pislik haradan meydana gəlir? Buna verə biləcək məntiqli və rasional cavabım yoxdur. Amma insanlar bir yerdən sonra yaxşını ortaya çıxara biləcəklərinə inamlarını itirirlər. Və mən pisliklərin bu nöqteyi-nəzərdən ortaya çıxa biləcəyinə inanıram. Pislik bir növ xəyalların puça çevrilməsindən doğulur. Bəli, bu belədir. İnsanların bunu şüurlu və ya şüursuz etməkləri mövzu obyektimiz deyil. Amma mənim həyata qarşı pessimist, bədbin və acı münasibətim etdiyim yaxşılıqların boşa çıxmasından qaynaqlanır”

Kyeslovski bir reportajda «Niyə film çəkirsiniz?» sualına "Çünki etməyi bildiyim tək şey budur" deyərək film ilə olan əlaqəsini minimalizmə gətirir. O, daim həyata qarşı bu pessimist mövqeyinin əksinə inandığı şey uğruna hər şeyini fəda edə biləcək dərəcədə əslində dərinlərində ümidi daşıyan biridir. Mühafizəkar bir katolik olan Polşa mədəniyyətinə inanc azadlığını dəmir yumruqla qadağan edən Sovet rejiminə baxmayaraq hər kəsdən və hər şeydən fərqli bir inanca sahibdir Kşiştof...

"İnandıqları üçün xoşbəxt olan bir çox insan tanıyıram. Etdiyiniz hər iş üçün son məqsəd yaradacaq bir istinad nöqtəsinə və mesaj verə biləcəyimiz bir şeyə ehtiyacımız var. Tanrı belə bir istinad nöqtəsidir, əgər varsa. Tanrıyla yaxın bir bağlantım olduğuna inanıram, çox fərdi, çox xüsusi. Bu mənim öz bağlantımdır. Ondan bəzi şeylərin olmasını istəyirəm və bəzi şeylər olur. O anda nəyə ehtiyacım varsa, mənə verməsini istəyirəm. Hər şeydən əvvəl, mənə aydın bir dünyagörüşü verməsini istəyirəm. Amma eyni zamanda mənə ehtiyacım olan duyğuları da verməsini istəyirəm. Bəzi şeylərin olmasını istəyirəm. Bəzən edir, bəzən etmir."

Kyeslovski 1994-ci ildə son filmi “Qırmızı” filmini çəkdikdən sonra bir daha film çəkməyəcəyini söylədi. Artıq yorğun və film çəkmək üçün lazımi səbri göstərə bilmirdi. Yaxşı, axtardığı şey həqiqətən də həyatının son iki ildə etdiyi kimi bir küncə çəkilib eləcə yaşamaq idimi?

O, hər şeydən əlini-ətəyini çəkdiyini söyləməsinə baxmayaraq “Qırmızı”dan sonra «Cənnət, Cəhənnəm» və "Əraf" adlı bir trilogiya ssenarisini yazmağa başladı. Hətta ömrü çatsaydı, bəlkə də çəkəcəkdi. Kyeslovski son anına qədər sənət ilə iç-içə olaraq və davamlı yaradaraq yaşadı. Bu filmlər daha sonra fərqli rejissorlar tərəfindən çəkildi.

Faiq Azər
 

0 şərh