Riyaziyyat mövzusunda ən yaxşı filmlər

  • Kino
18. Hidden Figures – 2016 – IMDb: 7.9
Film üç afroamerikan qadın elm xadiminin NASA-dakı uğurundan və 1962-ci ildə kosmosa çıxaraq Yer ətrafında fırlanan ilk astronavt Con Qlennin (John Glenn) oradakı missiyasına qatqılarından bəhs edir. Marqot Li Şetterlinin (ing. Margot Lee Shetterly) qələmə aldığı eyniadlı kitabdan ilhamlanan filmin prodüseri Villiams (Pharell Williams) bu sözləri demişdi:

“Bu film əvvəlki nəslin propaqandaya çevrilən, elm, riyaziyyat və mühəndisliyin kişilər üçün olduğu fikrini yerlə bir edir. Qadınsız bir dünyada nə insanlıq, nə də kişilər ola bilər.”

17.  Einstein and Eddington – 2008 – IMDb: 7.4
Mövzu Birinci Dünya Müharibəsi ərəfəsində elm xadimlərinin yaşadıqları çətinliklər və bu çətinlikləri dəf etmək üçün yeganə yolun elm olduğunu düşünən iki nəzəriyyəçi alim – alman Eynşteyn və ingilis Eddinqtonun reallıqlara əsaslanan hekayəsidir. Yarı-sənədli film şəklində olan film mütləq izlənilməli kinolar arasında yer alır.

16. The Man Who Knew Infinity – 2015 – IMDb: 7.2
Srinivasa Ramanujan Madrasda yoxsul bir ailədə anadan olmuş, boya-başa çatmış təhsilsiz bir oğlandır. Buna baxmayaraq, riyaziyyata çox böyük maraq duyur və hətta bir çox araşdırmaları da vardır. Bu araşdırmaları İngiltərədə yerləşən Kembric Universitetinə göndərmişdi. Orada bu araşdırmaları incələyən G. H. Hardi bunlara çox təəccüblənmiş və Srinivasanı universitetə dəvət etmişdir. Öz ölkəsini və sevdiyi həyat yoldaşını qoyub İngiltərəyə getmişdir. Bu gözəl filmi mütləq izləyin.


15.  An Invisible Sign – 2010 – IMDb: 5,4
Atasının xəstəliyini unuda bilmək üçün uşaqlığından bəri riyaziyyatla başını qatan Mona Qrey bir riyaziyyat dahisidir. Hər mövzuya riyaziyyatçı gözü ilə baxmağa çalışan Monanın həyatı bir məktəbdə müəllimliyə başlayandan sonra dəyişir. Dərs dediyi şagirdlər ilə münasibət, məktəb ab-havası onun həyatına yenidən bir məna qazandıracaqdır. Mona sevgini, həyata baxışı yenidən öyrənəcək.

14. The Oxford Murders – 2008 – IMDb: 6,1
İngiltərə və İspaniyanın ortaq istehsalı olan bu filmdə bir universitetdə baş verən cinayətləri və bu cinayətlərin kimin törətdiyini tapmağa çalışan bir professor və tələbəsi söz mövzusudur. Qatil arxasında riyazi işarələr, yazılar buraxır və bu yazıların şifrəsini açaraq qatili tapmağa çalışan professor və tələbə Şerlok Holms metodu ilə diqqətli araşdırmalara başlayırlar. Film Quillermo Martinezin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır.

13. La Solitudine dei Numeri Primi –2010 – IMDb: 6,4
 Riyaziyyatın insan təbiətindəki izləri və sadə ədədlərin yalnızlığı kimi yalqız insanları anladan film uşaqlıq travmaları kölgəsində Alis və Matiadan bəhs edir. Heç vaxt öz əkiz taylarını tapa bilməyən sadə ədədlər xizək sürərkən qəzaya düşüb ölümdən qayıdan Alis və əlil bacısının itkin düşməsindən özünü günahkar sayan Matianın həyatına bənzəməkdədir.


12. 
Enigma -2001 – IMDb: 6,4
Adı yunanca sirr və tapmaca mənalarına gələn bu film, Michael Aptedin rejissorluq etdiyi və Keyt Vinsletin baş rolda oynadığı bir filmdir. 1943-cü ildə bir riyaziyyat dühası olan Tom Jerikhona almanların Eniqma adını verdikləri şifrələri açmaq tapşırığı verilir. İngilislərə aid 10.000 nəfəri daşıyan bir qatar almanların qəflətən kəşfiyyat şifrələrini dəyişdirdiyinə görə risk altına girmişdi. Dostu alman agenti olmaqla günahlandırılan Tom Jerikho üçün şifrəni açmaq üzrə zamana qarşı bir yarış başlayır. Riyaziyyata aid filmlərin içərisində ən çox marağa səbəb olan filmlərdən biri olan Eniqma İngiltərə, Almaniya, Hollandiya, ABŞ-ın ortaq istehsalıdır.

11. The Number 23 – 2007 – IMDb: 6,4
Film, həyat yoldaşı Agatha ilə normal bir həyat yaşayan Valterin “23 Number” adlı kitabı oxumağa başlamasından sonra dəyişən həyatından bəhs edir. Kitabı oxuyan Valter, kitabda yazılanların öz həyatı ilə əlaqəli olduğunu düşünməyə və günlər keçdikcə buna daha çox inanmağa başlayır. Dramatik janrda olan filmdə Cim Kerri Valter obrazı ilə möhtəşəm performans təqdim edir.


10.  La habitación de Fermat – 2007 – IMDb: 6,7
İspaniya istehsalı olan bu filmdə bir-birini tanımayan dörd riyaziyyatçı böyük bir sirri açmaları üçün bir evə dəvət edilir. Verilən sualları doğru cavablamadıqları təqdirdə olduqları otaq ölüm tələsinə çevriləcəkdir. Həll etməli olduqları riyazi sual və tapmacalardan əlavə sual onları bura kimin və əslində nə məqsədlə gətirdiyidir.

9. Proof – 2005 – IMDb: 6,8
Ruhi problemləri olan riyaziyyat dahisi atasının yanından həyatı boyu ayrılmayan Katerin və atasının həyatı bacısı Klairenin gəlməsiylə dəyişir. Bacısına hökm etməyə çalışan Klaire ilə məşğul olan Katerin bir yandan da atasının şagirdi Haldan canını qurtarmağa çalışmaqdadır. Bütün bu bəxtsizliklərin öhdəsindən gəlməyə çalışan Katherin bir yandan da atasının ruh sağlığını düşünməyə başlayır.

8.  Agora – 2009 – IMDb: 7,2
 Filmin mövzusu tarixə öz damğasını vurmağı bacaran qadınlardan biri olan Hipatiyadır. Riyaziyyatçı, filosof və astronom olan bu qadın antik çağlarda kişilərin üstünlük təşkil etdiyi filosofların arasından sıyrılmağı bacarır. Həm gözəlliyi, həm də zəkasıyla ön plana çıxan Hipatiya 45 yaşında bu həyatını itirməsinə baxmayaraq, tarixə unudulmaz damğa vurmuş qadınlardan biridir. Əks cins tərəfindən linç edilməsiylə (ədalətsiz mühakimə ilə cəzalandırma metodu) öldürülən Hipatiyanın hekayəsi izləməyə dəyər riyaziyyat filmlərindən biridir.

7.  Cube – 1997 – IMDb: 7,3
6 nəfərin qapalı bir otaqda oyanmalarını və kub şəklində olan otaqlardan qurtulmaq çabalarından bəhs edən film yayımlandığı dönəmlərdə də, indi də ən yaxşı filmlərdən biridir. Müxtəlif peşə sahibləri olan bu insanlar ölümcül tələlərlə dolu bu kubdan riyazi şifrələri açaraq otaqdan otağa keçib canlarını qurtarmaq istəyirlər.


6. Stand and Deliver – 1988 – IMDb: 7,4
Film Amerikada sayları 40 milyonu keçən latın əsilli ispan, oxuduğu məktəbə yenidən müəllim olaraq qayıdan Jamie Eskalantın hekayəsindən bəhs edir. Əksəriyyəti mafiya üzvü olan, bisavad və laqeyd müəllimlər səbəbindən məktəbə, təhsilə maraqları olmayan şagirdlərin oxuduğu məktəbdə uşaqların bacarıqlarını kəşf edən Eskalant onları ölkənin riyaziyyat sahəsində ən uğurlu şagirdlərinə çevirəcək.

5. Pi – 1998 – IMDb: 7,5
Həyəcan və elmi-fantastik janrda olan film bəşəriyyətin, bəlkə də, ən önəmli kəşflərindən birini etmək üzrə olan problemli riyaziyyat dahisi Maksın həyatdan bəhs edir. Son on ildir təbiətin özünəməxsus bir şifrələmə sistemi olduğunu anlayan Maks hələ ki bu problemi həll edə bilməmişdir. Bu problemi həll edə bilmək üçün müxtəlif metodlardan istifadə edən Maks sirrin ilk halqasını aça bilsə, bütün problemi həll edə biləcəyinə inanır.

4.  Hakase no aishita sûshiki – The Professor and His Beloved Equation – 2006 – IMDb: 7,6
Bir riyaziyyat professorunun qəza nəticəsində yaddaşını itirməsini və hər 80 dəqiqədə bir yaşadığı hadisələri təkrar-təkrar unutmasından bəhs edən filmdə professorun baxıcısı, oğlu Kök və artıq sadəcə keçmişdə yaşayan professorun Kökə riyaziyyat öyrətməsi filmin əsas mövzusudur.

3. The Imitation Game – 2014 – IMDb: 8,0
Nümayiş olunduğu il Oskara namizəd filmlərdən biri olan film almanların məşhur Eniqma şifrələrini və bu şifrələri açmağa çalışan bir qrup insanın həyatınından bəhs edir. Mövzusu real həyat hekayəsindən götürülən filmdə, xüsusilə dahi riyaziyyatçı Alan Türinqin bioqrafiyası əsas yer tutur. Morten Tildumun rejissorluq etdiyi filmin baş rolunda Şerlok serialı ilə məşhurlaşan Benedikt Kaçberbetç çıxış edir.

2. A Beautiful Mind – 2001 – IMDb: 8,1
Məşhur riyaziyyatçı Con Neşin (John Nash) həyatından bəhs edən film riyaziyyat filmləri içərisində ən məşhurlarından biridir. Film gənc yaşda oyun nəzəriyyəsini inkişaf etdirən riyaziyyat dahisi Con Neşin ağıl xəstəlikləri, xüsusilə də şizofreniya ilə mübarizə aparmasından bəhs edən çox təsirli bir filmdir.


1. Good Will Hunting – 1997 – IMDb: 8,2
Robin Uilyamsın (Robin Williams) təsirli filmlərindən biri olan bu kinoda Matt Damon, Ben Afflek kimi aktyorlar da yer almışdır. Film fotoqrafik hafizəsi güclü olan yoxsul bir gəncin universitet professoru Sin MakQuir ilə qurduğu dostluqdan bəhs edir. Universitetdə köməkçi işləyən Uill Nobel mükafatı almış alimlərin belə həll edə bilmədiyi riyazi problemləri həll edəndə professorun diqətini çəkir. Robin Uilyamsın ən yaxşı köməkçi kişi aktyor nominasiyasında Oskar mükafatı almış film, həm də ən yaxşı ssenariyə görə Oskar qazanmışdır.

Hazırladı:  Lalə Yusifova
 

0 şərh