Ququ quşu yuvası üzərindən uçuş

  • Kino
Bəhsini edəcəyimiz film Ken Keseyin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Film 9 nominasiyada Oskara namizəd olmuş və 5 əsas nominasiyada ( Big Five ) Oskar mükafatını qazanaraq (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı film, baş rolda ən yaxşı kişi aktyoru və baş rolda ən yaxşı qadın aktyor) bu əsas nominasiyalarda Oskarı qazanan 3 filmdən (digərləri “İt Happened One Night” və “The Silence of The Lambs” filmləridir) biri olmağı bacarmışdır.

Bu film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik olaraq önəmli” filmlər siyahısına seçilərək filmin ABŞ Milli Kino Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Həmçinin film 8,7 İMDb xalı ilə Top250-də 15-ci pillədə qərarlaşmışdır. Film ardıcıl 12 il İsveçdə yayımlanaraq göstərilmə rekordunu öz əlində saxlayır.

Filmın baş rollarında Cek Nikolson, Luis Fletçer, Denni DeVito, Uilyam Redfild, Kristofer Lloyd və digərləri yer almaqdadırlar. Nikolsonun canlandırdığı Rendl Mekmörfi obrazını canlandırmaq üçün namizədlər çox olsa da, Nikolson bu rola seçilməyi bacarmışdır. Elə bu filmdəki möhtəşəm performansı onu dahi rejissor Stenli Kubrikin “The Shining” filmindəki baş rola daşıyacaqdı. Luis Fletçerin canlandırdığı tibb bacısı Retçed obrazı dünya kino tarixində ən pis və qəddar qadın xarakterlərdən biri kimi səciyyələnə bilər. DeVitonun canlandırdığı dəli Martini obrazı ən gözəl şəkildə canlandırılan dəli obrazlarından biridir. Filmdəki bəzi dəli obrazları isə həqiqi ruhi xəstələrdir.

Rendl Patrik Mekmörfi cəmiyyətlə ciddi problemlər yaşayan, işləməyi sevməyən, qəzəbləndiyi zamanlarda şiddətə meyilli olan, fəqət əslində şən və həyatdan zövq almağı bacara bilən bir şəxsdir. Daha əvvəl müxtəlif səbəblərdən dolayı adı 5 cinayət hadisəsinə qarışmış və yetkinlik yaşına çatmayan bir qızla cinsi əlaqəyə girdiyi üçün məhkum olunmuşdur. Həbsxanada olarkən çalışma kamplarındakı məsuliyyətsiz və davakar davranışları ucbatından dəli ola biləcəyi şübhəsi onu bir ruhi əsəb dispanserinə göndərilməsinə yol açmışdır. Mekmörfi isə həbsxana yerinə ruhi dispanserin daha əyləncəli və təhlükəsiz olacağını düşünərək bu qərara etiraz etməmişdir, belə ki, ilk başlarda dispanserdə vaxt keçirəcək və qısa müddətdə öz azadlığına qovuşa biləcəkdi.


Ancaq dispanser dönəmləri Mekmörfinin xəyal etdiyi kimi keçməyəcəkdir. Mekmörfi qısa müddətdə azadlığının əlindən alındığının fərqinə varacaqdır. Bu şübhələrə yol açan əsas işartılardan biri də Mekmörfinin reqbi üzrə çempionatın final mərhələlərini izləmək istəməsinə baxmayaraq tibb bacısı Retçedin digər ruhi xəstələr tərəfindən lazımlı səsin alınmamasını əsas gətirərək buna izin verməməsi olmuşdur. Bu hadisə Rendl və Retçed arasında amansız bir rəqabətin və mübarizənin başlanmasına yol açmışdır.

Filmin təxminən 1 saatından sonra özünüzü sanki həmin dəlixanadaymış kimi hiss edəcəksiniz. Dəlilərin Mekmörfi ilə birlikdə siqaret bəhsinə oynadıqları kart oyunları ilə dispanserdən avtobusla qaçarkən başlarına gələn hadisələr duyğusal və gülməli, digər hadisələr isə acı və kədərlidir.

Xüsusilə, dəlilərə hər gün zorla içirilən həblər isə çox cansıxıcı və düşündürücü mövzulardan biridir. Bu həbləri içən xəstələr heç bir hadisəyə hissiyyatlı şəkildə reaksiya göstərə bilmirlər. Azacıq müqavimət göstərənlər isə dəli Martini və ya Mekmörfi kimi elektroşok uyğulamasına məruz qalacaqlar. Burada cəmiyyətin insanlar üzərində basqısının zərərli ola biləcəyi və siyasətin, toplumun insanları sanki robotlaşdırmaq, manqurtlaşdırmaq cəhdləri mövzularına toxunulmuşdur.

Bundan əlavə Mekmörfinin həmin bu dispanserdən qaçmaq üçün bir planı var və bu planı da digər bir “dəli” olan, lakin əslində özündə dəlilikdən əsər-əlamət olmayan hindu Şeflə birlikdə icra edəcəkdilər. Ancaq vaxt ötdükcə Mekmörfinin bu dispanserə öyrəşdiyini və buradan asılı qaldığını hiss etməsi onu daha da aqressivləşdirmiş və süstləşdirmişdir. Bu da Rendlın artıq azadlığının get-gedə əlindən alındığının fərqinə varması və onun da bir sistem köləsi durumuna gəlməsinə işarədir. 

Filmin özü isə daha da kədərli halda sona yetir. Filmə hələ də baxmayanların ola biləcəyini nəzərə alaraq final səhnəsini necə olduğunu yazmayacağıq, lakin bu səhnədən doğan əsas nəticə haqqında bunu deyə bilərik ki, bu cəmiyyətin, yaxud cəmiyyətin yaratdığı əxlaq kodeksləri sisteminə uymayanların, ona müqavimət göstərənlərin sonu məhz bu cür olur.



Filmdə (ssenarisindən ilham alınan əsər haqqında da bunu deyə bilərik) dram janrı ilə yanaşı bir elmi-fantastika ab-havası da hökm sürür. Belə ki, xəstələr hər zaman tibb bacıları və mühafizəçilər tərəfindən nəzarətdə olduqlarını bilməkdə, elə buna görə də güdülmə sindromunu öz üzərlərindən ata bilməməkdədirlər. Bütün bunlardan başqa dispanserin dəhlizləri və digər otaqları da həmçinin kameralar vasitəsilə izlənilməkdədir. Bu da xəstələrin hər bir hərəkətinin izlənilməsi anlamına gəlir, bunun üçün də xəstələr hər bir hərəkətinə fikir verməli və artıq hərəkətlərə yol verməməyə çalışmalıdırlar.

Bütün bu mühafizə və müdafiə sistemlərini isə biz dövlət idarəetməsində panoptik güc uyğulaması şəklində tanımlaya bilərik. Bu uyğulamada müxtəlif güc yöntəmləri ilə (məsələn, kamera sistemi, məhkəmələr, polis sistemi və s.) müasir toplumda hər bir fərdin hərəkəti nəzarət altına alınmışdır. Bundan əlavə şəxsiyyət vəsiqəsi, formatından asılı olmayaraq müxtəlif qeydiyyat kağızları, hətta sosial şəbəkələr belə biz insanları nəzarətdə saxlamağa və panoptik uyğulamanı həyata keçirməkdə böyük önəm kəsb edirlər.

Filmin elmi-fantastika ab-havasında olmasını biz həm də bununla izah edə bilərik ki, o dövr üçün aktual olan bəzi məsələlər günümüzdə də eyni dərəcədə önəmli bir rola malikdirlər. İnsanlar üzərindəki panoptik uyğulama və digər fərqli xüsusiyyətləri önə sürməklə (cins, millət, din, irq və s.) insanlar arasında ayrı-seçkilik yaratmaq bu gün də bəşəriyyəti narahat edən və onun gələcək inkişafını təhlükə altında qoyan əsas məsələdir.


İlkin Vəliyev

0 şərh