Andrey Tarkovskinin qadınları

  • Kino
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.

Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.

O, çox qəribə adam idi. Bəzən çox isti havada başına qalın papaq qoyub, boynuna şərf bağlayıb bayıra çıxardı. Bununla yanaşı o, həm də çox müasir və səliqəli geyinərdi. Həmçinin gözəl geyimli və baxımlı qadınların vurğunu idi. Məndən tez-tez nə üçün onunla ailə qurmadığımı xəbər alırlar… Doğrudu bir çox gözəl aktrisalar onun filmində çəkilməyi, onunla sevgili olmağı arzu edirdilər. Onlar ölümündən sonra belə onu öz aralarında bölə bilmədilər. Mən isə istəmədim. Çünki belə bizim hamımız üçün asan olacaqdı...”

“İvanın uşaqlığı” filmi 1962-ci ildə Venesiya film festivalında əsas mükafatı qazanır. Həmin festivala Tarkovski məhz Valentina Malyavinayla gedir. Tarkovski ilə Malyavina arasından qara pişik həmin ərəfədə keçir. Belə ki, festivala yollanan film heyətinin tərkibində filmdə əsgər rolunu ifa edən aktyor Andrey Konçalovski də olur. Malyavinanı dəlicəsinə sevən Tarkoviski isə sevdiyi qadını Konçalovskiyə qısqanır. Malyavina ilə Konçalovski həmin gecə səhərə qədər barda əylənirlər. Sonra Tarkovski ilə aktrisa arasında gərginlik yaranır. Tarkovski ilə bir otaqda qalan Konçalovski qapını nə qədər döysə də, rejissor qapını açmır.

Larisa Kizilova
“Andrey Rublev” filminin çəkilişləri vaxtı Tarkovskinin həyatı dəyişir. Belə ki, o, ikinci dəfə evlənəcəyi qadın Larisa Kizilova ilə tanış olur. Larisa onun sonuna qədər evli olduğu qadın olur. Bu evlilikdən də onların bir oğlu olur.

Larisa ilə evlənməsini Tarkovskinin bir çox yaxın dostları və qohumları qəbul etməyib. Hətta bu məsələ ilə bağlı Tarkovski öz doğma bacısı ilə dəfələrlə mübahisə edib, münasibətini kəsməli olub.

Larisa həmin günləri belə xatırlayır. “Bizimki ilk baxışdan məhəbbət idi. Film direktorunun kabinetində əyləşmişdim. Birdən o, gəldi. Bilmirdim ki, o, Andrey Tarkovskidi. Gördüm çox işıqlı, zərif, gözəl geyimli kişi içəri daxil oldu. Hisslərimi biruzə verməmək üçün mübarizə aparırdım. Onun mehriban münasibətinə cavab verməməyə çalışırdım. Axı biz ikimiz də ailəli idik. Mənim bir qızım, onun isə oğlu vardı. Hər ikimiz də bir-birimizə yaxınlaşmamaq üçün mübarizə aparsaq da, nəticəsi olmadı. Bizim iş münasibətimiz sevgiyə çevriləndə, Andrey mənim qarşımda diz üstə çöküb dedi: “Əziz Lara, bizim münasibətimiz müəyyənləşməyənə qədər mənim sizə olan sevgim ötüb keçməyəcək. Sizə o qədər hörmət edirəmki, heç vaxt sizə “sən” deyə müraciət edə bilmirəm”. Mən isə cavab verdim ki, eyni duyğuları mən də sizə qarşı hiss edirəm.

Biz yeddi il nigahsız birlikdə olduq. Nigahlanmağımıza qarşı çıxan da mən idim. Mənə elə gəlirdi ki, onun mənə qarşı olan hissləri ötüb keçəcək. Lakin, sonralar belə qərara gəldik ki, evlənsək yaxşıdı. Toydan əvvəl Andrey “Solyaris” filminə görə xaricə uçmalı oldu. Toy günü havanın pis olması ucbatından Andrey vaxtında gəlib çata bilmədi.

Sonralar mən onsuz, o, isə mənsiz yaşaya bilmirdik. Xəstələnəndə həmişə deyərdim ki, — mən birinci öləcəm. O isə cavab verirdi. Sən necə xudbinsən. – Əvvəlcə mən öləcəm”.

Nataliya Bondarçuk
Andrey Takovskinin növbəti sevgilisi isə aktrisa Nataliya Bondarçuk olur. Onlar tanış olduqları zaman hər ikisi evli olur. Onların arasındakı məhəbbət “Solyaris” filminin çəkilişiləri zamanı başlayır. Deyilənlərə görə “Solyaris” filminin qəhrəmanı məhz rejissorun ikinci arvadı Larisa Kizilovanın prototipi olur. Hətta Tarkovski bu qadının əlindən o qədər bezir ki, “İfritə” adlı ssenari də yazmalı olur.

Nataliya ilə Tarkovski arasında yaranan məhəbbətin ömrü çox da uzun çəkmir. Bir müddət sonra onlar ayrılırlar. Lakin Nataliya dahi adlandırdığı rejissoru unuda bilmir. Hətta depressiyaya düşüb intihara cəhd edir.

Nataliya Tarkovski haqqında xatirələrində yazır: "İndi onun arvadı Larisanın haqqında çox sözlər yazılır. Onu Tarkovskini ailəsindən ayırmaqda, xaricə köçüb orda yaşamasında və ölümündə günahlandırırlar. Ancaq bütün hallarda o, Larisanı seçdi. Deməli onun yanında görmək istədiyi qadın məhz Larisa idi. Mən ondan çox güclü təsirlənmişdim. O, ilk dəfə məni görəndə “Baxın, necə də gözəldi. Bu ki, lap mələkdi” demişdi. O, mənə rəsm əsəri kimi saatlarla baxmağı çox sevərdi. Maraqlı olan bu idi ki, o, məni özünə yaxın buraxmışdı. Hətta o, sonralar deyirdi ki, mənə elə gəlir ki, səni mən yaratmışam”.

“Solyaris” filmi Kannda əsas mükafata layiq görüləndə biz onunla bir yerdə idik. Lakin, mən bilirdim ki, bizim sevgi romanımızın başa çatmasına az qalıb. Elə də oldu. Festivaldan qayıdanda hava limanında onu həyat yoldaşı və oğlu qarşıladı.

Onunla ayrılıq mənə baha başa gəldi. Çünki, mən onun məşuqəsi olmaq istəmirdim. O da bunu başa düşürdü. Lakin, onsuz da yaşaya bilmirdim. Sonra mən intihara cəhd etdim. Damarlarımı kəsdim… İndi həmin hərəkətimi çox dəhşətli və qorxulu addım hesab edirəm. Ancaq o vaxtı bircə fikir məni məşğul edirdi.

«Onu mənə vermədilər… Bu məhəbbət ailəmin dağılmasına səbəb oldu. Bu təhlükəli sevgidən sonra mən kilsəyə gedib müqəddəs suda təmizləndim. Məni bədbəxtlikdən ikinci ərim Nikolay Burlyaev xilas etdi. Bizi yaxınlaşdıran həm də Tarkovskiyə olan məhəbbət idi. Çünki Burlyaev “İvanın uşaqlığı” filmində baş rola çəkilmişdi. Mən onu Tarkovskinin xəyali oğlu kimi sevdim.»

Əsrarəngiz Marqarita Terexova
Rejissorun bacısı müsahibələrinin birində qeyd edir ki, Marqarita ilə qardaşı arasında bir yaxınlaşma olmuşdu. Bu fikri Tarkovskinin ikinci arvadı Larisa Kizilovanın qızı Olqa da öz müsahibəsində təsdiqləyir. Lakin, aktrisa özü heç vaxt Tarkovski ilə sevgi münasibəti olduğunu açıqlamayıb.

Rejissorun qızlığı Olqadan da xoşu gəlirmiş. Larisa qızını Tarkovskidən uzaq tutmaq üçün əlindən gələni edirmiş. Rejissor ölümündən az əvvəl Aleksandr adlı daha bir oğlu olduğunu da öyrənir. Bu oğlanın anası isə Skandaviyalı Berit idi.

Rejissor əlli dörd yaşında xərçəngdən dünyasını dəyişir. Ölümündən bir müddət əvvəl o, arvadı Larisa və oğlu ilə birlikdə Fransaya köçür və mətbuata açıqlama verir ki, onlar bir də heç vaxt Moskvaya qayıtmayacaqlar: “Nə diri, nə də ölü halda mənim və mənim yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəyə qayıtmaq istəmirəm”.

Qohumlarının və bacısı Mariyanın israrına məhəl qoymayan, rejissorun son anına qədər onun yanında olan arvadı Larisa onun son vəsiyyətini yerinə yetirərək, Tarkovskini “Sent Jenevyev de Bua” qəbristanlığında dəfn etməyə nail olur.

Hazırladı: Samirə Əşrəf
 

0 şərh