Azərbaycan kinosunun əcnəbi qəhrəmanları

  • Kino
Yəqin ki, çoxlarınız “Qanun naminə” filminə baxıb. Film geniş tamaşaçı kütləsi arasında daha çox “Mehman” adı ilə tanınır. Filmdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən bəhs olunur. Rayonların birinə işləməyə gəlmiş prokuror Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.
Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmini rejissor Muxtar Dadaşov çəkib. Bu ekran əsərində baş rolu – Mehmanı canlandıran aktoyr azərbaycanlı deyil, milliyətcə osetindir. Söhbət tanınmış sovet teatr və kino aktyoru Bimbolat Vatayevdən gedir.
Bimbolat Vatayev
Bimbolat Vatayev 1939-cu il martın 15-də Şiamli Osetiya Muxtar Respublikasının Yeni Batako şəhərində anadan olub. Məşhur Şukin teatr məktəbinin məzunu olan Bimbolat Vatayev Yuri Lyubimovun rəhbərliyi altında təhsil alıb. Məktəbin məzunları Taqanka teatrının əsas özəyini təşkil edib.
Bimbolat Vatayev 1959-cu ildən Şimali Osetiya Musiqili — dramatik teatrında, sonralar isə 1964-1965-ci illərdə Taqanka Dram və komediya teatrında fəaliyyət göstərib. 1969-cu ildən 1975-ci ilə qədər “Tacikfilm” kinostudiyasında aktyor və televiziya filmlərində rejissor kimi fəaliyyət göstərib.
Bimbolat Vatayev 1994-1998-ci illərdə Şimali Osetiyanın mədəniyyət naziri postunu tutub.
Kino karyerası boyu 50-dən artıq obraz yaradan Vatayev “Rüstəm haqqında əhvalatlar” bədii trilogiyasındakı roluna görə Panama kinofestivalında ən yaxşı kişi rolu nominasiyasında qalib gəlib.
O, 2000-il mayın 9-da Vladiqavkaz şəhərində dünyasını dəyişib və Şərəf Xiyabanında dəfn olunub. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var.
2009-cu ildə Şimali Osetiyada Bimbolat Vatayevin 70 illik yubileyi keçirilib. Lakin Şimali Oseyita mədəniyyətinin məşhur nümayəndəsi öz yubileyini görə bilmədi.
60 ildən bir qədər artıq yaşadığı ömrü boyu Şimali Osetiya milli mədəniyyət üçün böyük işlər görən Bimbolat Vitayev 200-dən artıq teatr və kino rolları oynayıb. O, səhnədə Kral Lir, Otello, Çar Edip və Klavdi obrazlarını yaradıb.
Vatayevin kinomatoqrafik uğuları ilk növbədə “Tacikfilm” studiyasındakı işləri ilə bağlıdır. Məhz burda o, 70-ci illərin əvvəllərində kino bioqrafiyasının ən məşhur rolunu — “Rüstəm və Söhrab” və “Rüstəm haqqında əfsanələr” filmlərində Rüstəm obrazını yaradıb. Bu işlərinə görə Vatayev 1973-cü ildə Rudaki adına Tacikistan Dövlət Mükafatına layiq görülüb. Deyilənə görə filmin rejissoru Bension Kimyagərov bu rola Sovet İttifaqının və İranın bir çox məşhur aktyorlarını sınayıb. Bimbolat Vatayevə müraciət edənə qədər rejissor heç kəsdə seçimini saxlaya bilmirmiş. O, osetin aktyorunda dərhal qədim fars bahadırı — hündür əzəmətli görünüş, ifadəli Şərq siması, ən əsası isə artistizm və obraz yarada bilmək qabiliyyəti duyaraq Vatayevin üzərində dayanır. Firdovsinin “Şahnamə” əsərində epik qəhrəman obrazı yaratmaq üçün Vatayev fars dilini və çətin materialı orijinal dildə öyrənməyə məcbur olur.
Yeri gəlmişkən, bu rol osetiyalı aktyorun orta asiyalı rejissorlar üçün çəkildiyi ilk rol deyildi. 1966-clı ildə 27 yaşlı aktyor Aşqabaddakı kinofestivalında “Həsən-arbakeş” filmindəki baş rola görə ən yaxşı aktyor seçilmişdi. Həmin ildə Vatayev rejissor Kamil Yarmətovun “İki qəlbin poeması” filmində çəkilişlərə başlayır.
Bundan sonra onu Azərbaycana dəvət edirlər. Vatayevə rejissor Muxtar Dadşovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Qanun naminə” filmindəki Mehman rolunda oynamaq təklif edilir. Osetin aktyor Mehman obrazı ilə Azərbaycan tamaşaçısının diqqətini cəlb edə bilir.
Bimbolat Vatayev
Bibolat daha sonralar “Ürək necə hökm edirsə”, “Siyavuş haqqında əhvalatlar” (rej. Bension Kimyagərov), “Əbu Reyhan Biruni” (rej. Şöhrət Abbasov), “Qara qumlarda” (rej. İsgəndər Həmrayev) və s. filmlərdə çəkilib.
Vatayevin yaradıcılığını izləyən tənqidçilər onu məşhur ora asiyalı aktyor kimi tanıyırdılar. Lakin bu zaman ona Qafqaz kinosunda qəhrəman obraz yaratmaq fürsəti düşür. “Gürcüstanfilm” kinostudiyasında rejissor Nikolay Sanişvili osetin rejissoru Pliyevin “Çermen” pyesi əsasında çəkəcəyi filmə Vatayevi dəvət edir. Osetiyadakı dağlıq aullardan birində yaşayan xalq qəhrəmanı Çermenin obrazını yaradan aktyor həm gürcü, həm də osetin xalqının mənəvi yaxınlığını əyani şəkildə göstərə bildi.

Mənbə: modern.az
 

0 şərh