Kino onun həyatı idi - Lətif Səfərov

  • Kino
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun «Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə „Sevil“, „Lətif“, „Qızıl kol“ filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-cı ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
Bəxti gətirən “Bəxtiyar”...
Lətif Səfərov həm də cəsarətli bir sənətkar idi. 1952-ci ildə Moskvada keçirilən kino işçilərinin Ümumittifaq müşavirəsində onun çıxışından bəzi məqamlara diqqət edərkən bunu aydınca görmək olur: “...Biz tələbə skamyası arxasında yanaşı oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə vaxt?”.
Təbii ki, bu çıxış Lətif Səfərovun gələcək taleyində izsiz keçmədi. Buna baxmayaraq o, öz sözünü qorxmadan dedi.
Gənc rejissor sənətdə müəyyən maneələrlə rastlaşsa da, öz prinsiplərindən dönmədi. O, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olundu. “Bəxtiyar” bədii filmi quruluşçu rejissor L.Səfərovun kinoda ilk böyük müstəqil işi idi. Lətif Səfərov baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Rəşid Behbudov bu filmi ilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin ürək oxşayan musiqisi kinomuzda yeni ovqat yaratdı. Filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin uğurlu alınmasına xüsusi təsir göstərmişdi.
Kinoda böyük işlər görmək istəyirdi...
1958-ci ildə Lətif Səfərov Respublika Kinematoqrafçılar Ittifaqının sədri seçildi. Lətif Səfərov kino sənətini inkişaf etdirmək istəyirdi. 1961-ci ildə çıxışlarının birində belə deyirdi: “Yaradıcı adam indi ya kinematoqrafiyadan getməli, ya da nəyi isə partlatmalıdır. Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır”.
Rejissor “Koroğlu” filmi üzərində işləyərkən də böyük əziyyətə qatlaşmalı oldu. Texnika sarıdan çətinliklər, studiyanın imkanları məhdud olması bunun səbəblərindən idi. Ancaq bu çətinliklərə baxmayaraq, Lətif Səfərov işləyirdi. O, bütün yaradıcı ömrünü kinonun inkişafı uğrunda mübarizəyə həsr etdi. Çoxlarını da özündən narazı saldı, çünki ətrafındakılara bu cür tələbkarlıq lazım deyildi...
1963-cü il 9 dekabr gecəsi məşhur kinorejissorun arzularını yarımçıq qoydu. Lətif Səfərov intihar etdi. Onun intiharının səbəbləri hələ də sirr olaraq qalır.
Lətif Səfərovun üzərində işlədiyi “Möcüzələr adası” filminin redaktoru Natalya Şneyer həmin günü belə xatırlayırdı: “Lətif qüvvəsindən, imkanından artıq yaşamağa və işləməyə can atırdı, əsəbləri tarıma çəkilmişdi… O xəstəydi (həqiqətən bir gün əvvəl titrətmə və qızdırması vardı), daxilən tənhaydı, didişmələrdən, yaradıcılıq uğursuzluqlarından yorulmuş, üzülmüşdü. Yenicə çəkməyə hazırlaşdığı ”Möcüzələr adası» filminin redaktoru idim. Dekabrın 9-da səhər saat 10-da kinostudiyada görüşməliydik. Lakin adətinin xilafına olaraq gecikirdi. Sonra eşitdik ki, Lətif özünə qəsd edib".
 
Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri kimi Lətif Səfərov vaxtilə kino işçilərinə müraciətlə demişdi: “Əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”.
Lətif Səfərov çox arzuları ürəyində aparsa da, onun xatirəsi ürəklərdə, gözəl filmləri isə gələcək nəsillərə yadigar qaldı...
İki il sonra isə rejissor L.Səfərov yazıçı H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında yazdığı ssenari üzrə “Qızmar günəş altında” bədii filminə quruluş verdi. 1958-ci ildə isə Lətif Səfərov yenidən sənədli kinoya qayıdaraq öz ssenarisi əsasında “Bakı və bakılılar” kinooçerkini yaratdı. Bu kinooçerk qədim Bakı haqqında şanlı bir salnamə kimi dəyərləndirilə bilər.
Beşillik fasilədən sonra Lətif Səfərov Yaxın Şərq ədəbiyyatında çox məşhur olan “Leyli və Məcnun” əfsanəsinə müraciət edir...
Lətif Səfərovun ekranlaşdırdığı «Leyli və Məcnun», «Qızmar günəş altında» bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişir.
 
 
 
Mənbə: kaspi.az, anl.az
 

0 şərh