Çoxlu Faust

  • Kino
Alman şairi və ictimai xadimi İohann Hötenin 60 ilə yazdığı, təkrar gənc olmaq üçün ruhunu İblisə satmış qoca alimdən bəhs eləyən “Doktor Faust” əsəri sadəcə dahiyanə yazılmış, XVIII əsrin sonları-XIX əsrin əvvəllərində alman ədəbiyyatında mövcud olan əksər mərhələləri birləşdirən faciə deyil. O, həm də yazıldığı dövrdən bu günə qədər aktuallığını itirməyən, elə buna görə də başqa yazıçıların, rəssamların, bəstəkarların və təbii ki, kinorejissorların dəfələrdə müraciət elədiyi bir əsərdi.
Kinematoqrafiyada “Doktor Faust”a başqa ədəbi nümunələrə nisbətən daha az, cəmi 7-8 dəfə müraciət olunsa də, onların hər biri fərqli interpretasiyası ilə tarixdə iz qoyub.
Səssiz kino
“Faust”u ekrana ilk dəfə fransız rejissoru Jorj Melyes gətirib. Özü də düz dörd dəfə… 1897- ci ildə “Faust və Marqarita”, “Mefistofelin kabineti”, 1903-cü ildə “Faust həlak olur” və “Faust cəhənnəmdə” filmlərində… Əslində bunlara ekranizasiya demək nə qədər doğrudu, bilmirəm. Çünki Melyes hərəsi 6-8 dəqiqə sürən filmlərdə sadəcə əsərin personajlarından –Faust, Mefistofel və Marqarita – istifadə eləyib. Melyesi “Faust”un ideyasından daha çox, süjet xəttinin fantastika janrı üçün əlverişli olması maraqlandıb.
J.Melyesin amerikalı həmkarı Edvin Stenton Porter də bir dəqiqəlik “Faust və Marqarita” filmini eyni məqsədlə çəkib.
Süjet: Mefistofel cəngavər libasında Faustla Marqaritanın yanına gəlir və onlara bir-birini öldürməyi təklif eləyir, lakin qəhrəmanlar razılaşmırlar. Bundan sonra ekranda anlaşılmaz hadisələr baş verir: Gah Faustla Marqarita yerlərini dəyişir, gah Mefistofel skeletə çevrilir, gah keşiş peyda olur və Faustla Marqarita evlənir.
E.S.Porterin “Faust və Marqarita”sı Amerika kino tarixində fantastika janrında çəkilmiş ilk film hesab olunur.
İngilis rejissoru Sessil Xepuortun 1911-ci ildə lentə aldığı “Faust” qısametrajlı filmindən isə günümüzə yalnız baş rol ifaçılarının adları -Xey Plamb, Klur Pridelli, Cek Nalkap və Frenk Uilson – qalıb. Bir də filmin bəstəkarının Şarl Quno olduğu… Çox güman ki, Xepuortun filmi Hötenin faciəsinin yox, Qunonun eyni adlı operasının ekranizasiyasıdı.
Səssiz kinematoqrfiya tarixində “Faust”un ilk epoxal, sanballı ekranizasiyası alman rejissoru, ekspressionizm cərəyanının ən böyük nümayəndələrindən biri Fridrix Murnaunun eyniadlı filmi (1926) hesab olunur. Alman kinematoqrafiyasının nailiyyətlərinin və keyfiyyətinin isbatı olmalı olan ekran əsəri, həm də Murnaunun “UFA” (Universum Film AG) studiyası üçün çəkdiyi son film idi. “Sonuncu insan” filminin uğurundan sonra Murnau Almaniyanı tərk eləyib ABŞ-a köçəcəkdi. Lakin səfər qabağı ildə UFA-nın sifarişi ilə növbəti blokbasteri çəkir.
Şirkət, “Faust”un incəsənət abidəsi olmağını istəyirdi. Buna görə də Hans Kizer ssenarini yazarkən bir neçə mənbədən- alman xalq nağıllarından, Hötenin və ingilis şairi Kristofer Marlonun “Faust”larından istifadə eləmişdi.
Səssiz kino
Ancaq filmin montajı bitəndən sonra prodüser Erix Pommer ssenarisini bəyənmir. Şair Hans Hauptmana artıq hazır film üçün yenidən ssenari yazmaq təklif olunur. Ancaq Hauptmanın variantı da prodüserin ürəyinə yatmır, nəticədə film ekranlara ilkin versiyada çıxır.
Hətta texnikanın hazırkı inkişaf səviyyəsi, kinoda artıq heç bir fantaziyanın imkansız olmadığı indiki zamanla müqayisədə belə, Murnaunun yaratdığı xüsusi effektlər xeyli müasir, ən əsası isə təsirli görünür. Faustla (Qesta Ekman) Mefistofelin (Emil Yanninqs) plaşla uçuşu dünya kinematoqrafiyasının ən gözəl, fantastik epizodlarından biri sayılır. Operator Karl Freyndin, xüsusi qurğunun üzərinə birləşdirilmiş kamerası şəhərlər, meşələr, kəndlər qurulmuş geniş pavilyonun üzərində yuxarı-aşağı hərəkət eləyərək son dərəcə gerçək bir uçuş effekt yaradır.
Bu filmdə hər şey detallarına qədər cilalanıb, rejissor, işıq və kölgə kontrastları sayəsində orta əsrləri xatırladan tutqun, soyuq qotik ab-hava yarada bilib.
Faustun şərqli şahzadə adı altında Parma gəlişi epizodu isə 1992-ci ildə Disneyin “Ələddin” filmində az qala eynilə təkrarlanıb.
Hələ aktyor oyunu ayrı aləmdi. Emil Yanniqs Mefistofel obrazında «Sonuncu adam» (Murnau), «Mavi mələk» (C. Şternberq) filmindəki personajlarından 180 dərəcə fərqlənir- həddindən artıq canlı və hərəkətlidi. Kamilla Hornun (Marqarita-Qrethen) ləng, soyuq ifası isə Yanninqsin aşıb-daşan temperamenti ilə ziddiyyət yaradaraq bütövləşir. Elə burdaca qeyd eləyək ki, Qretxen obrazına Kamilla Xorndan əvvəl Lilian Qiş və Leni Rifenştal da namizəd imiş, amma sınaq çəkilişlərindən sonra rejissor üstünlüyü Kamillaya verib.
Lakin bütün özəlliklərinə, möhtəşəmliyinə, Avropanın digər ölkələrində kifayət qədər uğur qazanmağına baxmayaraq, Fridrix Murnaunun «Faust» filmi öz vətənində ona bəslənən ümidləri doğrultmayıb. Nasiszmin astanasında olan, yavaş-yavaş “ali irq” xəstəliyinə tutulan Almaniyada tənqidçilər, rejissoru Xeyirlə Şərin mübarizəsini vulqarlaşdıraraq klassik irsə hörmətsizlik etməkdə təqsirləndirmiş, Faustla Marqaritanın sevgisini isə «Marlonun qəhrəmanlığı vəsf eləyən variantı ilə Hötenin fəlsəfi mühakimələrindən libretto səviyyəsinə endirilmiş əhvalat» adlandırmışdılar. (J.Sadul. «Ümumdünya kino tarixi» 4 cild)

Səsli Kino

1. RENE KLER – «İBLİSANƏ GÖZƏLLİK» – (FRANSA-1950)
Əvvəlcə onu deyək ki, musiqili kino janrının yaradıcısı, yazıçı və aktyor Rene Kler «Yeni dalğa» cərəyanının estetikasını sevməyib. O, filmlərini həmişə kütləvi tamaşaçı üçün çəkib və yalnız kiçik bir qrup üçün nəzərdə tutulan elitar sənəti qəbul eləməyib. Bu baxımdan rejissorun 1950-ci ildə ekranlara çıxan «İblisanə gözəllik» filmi çox xarakterikdi. Onu hətta «Doktor Faust»un fransızsayağı interpretasiyası da adlandırmaq olar. Tarikomediya janrında çəkilmiş film elə adından başlayaraq tamaşaçını müəyyən bir yüngüllüyə, rahatlığa səsləyir: «İblisanə gözəllik» («La Beaute du Diable») – fransızların, yeniyetmə qızların gözəllik bulağından su içib bir anda qönçə kimi açılmağa başladığı ana verdiyi addı. Film də elə gəncliyin gözəlliyi və qələbəsi haqqındadı.
Süjet: İblisin elçisi Mefistofel (Mişel Simon) yaşlanıb əldən düşmüş, həyatın bütün ləzzətlərinə göz yumub, ömrünü elmə həsr eləmiş Fausta cavanlıq, gözəllik, sağlamlıq bağışlayıb, əvəzində də ruhunu istəyir. Professor razılaşmır. Mefistofel ona sınaq üçün bir neçə gün verir və gənc oğlana çevirir (Jerar Filip). Özü isə yaşlı Faustun bədəninə girərək kralın sifarişi ilə qumu qızıla çevirməyə çalışır. Bunu bacarmayanda isə gənc Anri Faustu laboratoriyaya çağırıb əməliyyatı ona həvalə eləyir. Bir göz qırpımında qazandığı xoşbəxtlikdən, var-dövlətdən və kraliçanın sevgisindən başı gicəllənən Anri, Mefistofelin tələsinə düşür və ruhunu satır. Amma dərhal da peşman olur.
Rene Kler Yeni dalğa
Finalda Faustun qanı ilə imzalanmış müqavilə, təsadüfən, qızılların quma çevrildiyini görüb azğınlaşan kütlənin arasına düşür. «İnsanların qəzəbi cəhənnəmin odundan daha dəhşətlidi» deyən Mefistofel onu linç eləmək istəyən kütlədən xilas olmaq üçün intihar eləyir. Faust da həmişəlik cavan qalır, sevgilisi, gözəl qaraçı qızı Marqarita ilə birlikdə səyyar sirkə qoşulur. Çünki…
Rene Klerin filmlərində çarəsizliyə, ümidsizliyə yer yoxdu.
Çəkilişləri məşhur «Cinecitta» studiyasında aparılmış «İblisanə gözəllik», Jerar Filiplə Rene Klerin ilk birgə işidi. Bu filmdən sonra məşhur aktyor, R.Klerin «Gecə gözəlləri» və «Böyük manevrlər» filmlərində də çəkilib.
«İblisanə gözəllik» 1950-ci ildə İtaliya Jurnalistləri Milli Sindikatının iki mükafatına layiq görülüb, 51-ci ildə isə “BAFTA”ya namizəd olub.

2. YAN ŞVANKMAYER – “FAUSTUN DƏRSİ”- (Çexiya; 1994)
Animator, kinorejissor, eksperimental kinonun ən maraqlı nümayəndələrindən biri olan çexiyalı Yan Şvankmayer, “Faustun dərsi” filmində tez-tez müracit elədiyi mövzulardan birini –postmodern insan və onun total manipulyasiyasını araşdırıb.
Filmdə hadisələr müasir dövrdə cərəyan eləyir. Faust adlı orta yaşlı kişi (aktyor Peter Çepek) küçədə naməlum şəxslərdən aldığı xəritəni izləyərək sökülüb-dağılmaq üzrə olan binaya gəlir. İçəri girir və kukla tamaşasının içinə düşür. Tədricən, o da sahibi görünməyən əl tərəfindən idarə olunan marionetlərdən birinə çevrilir. Sonda isə sürücüsüz maşının altında qalıb ölür.
Canlı aktyorlarla marionetlərin oyununu və animasiyanı sintez eləyən rejissor insanların total manipulyasiyaya məruz qaldığı dünyada sevginin, incəsənətin və ruhun məhvə məhkum olduğunu deyir, sivilizasiyanın insanı necə marionetə çevirdiyini göstərir.
Eyni zamanda filmin ssenari müəllifi də olan Y. Şvankmayer (ikinci müəllif Yeva Şvankmayer) təkcə Hötenin yox, həm də Kristian Marlonun «Doktor Faustun faciəvi taleyi», Kristian Ditrix Qrabbenin «Don Juan və Faust» əsərlərinin motivlərindən də istifadə eləyib.
«Faustun dərsi» filmi 1994-cü ildə Karlovı-Varı Kinofestivalında «ən yaxşı film» və «ən yaxşı aktyor oyunu» da daxil olmaqla altı nominasiyada qalib gəlib, münsiflər heyətinin xüsusi mükafatına, 1995-ci ildə Çexiya kino tənqidçilərinin mükafatına layiq görülüb, ilin ən yaxşı animasiya filmi elan olunub.

3. ALEKSANDR SOKUROV «FAUST» (RUSİYA; 2011)
Aleksandr Sokurovun «Faust»u Adolf Hitlerdən bəhs eləyən «Müharibə», Vladimir Lenindən bəhs eləyən «Dövlət» və yapon imperatoru Hirohitodan bəhs eləyən «Günəş» filmlərindən ibarət tetralogiyanın sonuncu, dördüncü hissəsidi və Hötenin eyniadlı əsəri əsasında çəkilsə də, ədəbi mənbədən xeyli fərqlənir. Aleksandr Sokurov və filmin ssenari müəllifi Yuri Arabov, Hötenin əsərindən Tanrı ideyasını tamamilə çıxardıblar, İblisi isə cansız-cəsədsiz, heç bir özəlliyi olmayan, yöndəmsiz, miskin alverçi Mavrikiyə çeviriblər. Bütün pislikləri doktor Faust özü düşünüb həyata keçirir.
Yan Şvankmayer Faustun dərsi
A.Sokurov bu filmi çəkmək fikrinə hələ 1980-ci ildə düşüb. «Sovet İttifaqında nə vaxtsa bu ideyamı həyata keçirə biləcəyimi ağlıma da gətirmirdim. Sadəcə özüm üçün bəzi qeydlər aparır, onları obrazlı şəkildə təsəvvvür eləməyə çalışırdım» deyən rejissor, nəhayət, çoxdankı arzusuna çatanda filmi Rusiyada və rus dilində çəkmək istəmir və «bu film milli xarakterin- indiki halda isə alman xarakterinin tədqiqidi, ona görə də Faustun yazıldığı dildə çəkilməlidi» deyir.
Film üçün Çexiyanın ərazisində bir neçə küçədən ibarət orta əsrlərə aid şəhərcik tikilir.
Haşiyə: Çəkilişlər bitəndən sonra pavilyonun qurulduğu bölgənin meri və sakinləri prodüserə məktub yazaraq tikilini sökməməyi və onlara bağışlamağı xahiş eləyiblər. Çəkilişlərin aparılacağı məkanların siyahısında Vatikan da olub, lakin büdcə buna kifayət eləməyib.
Filmin sonuncu səhnəsi İslandiya buzlaqlarında çəkilib. Çəkiliş qrupu adanı tərk eləyəndən bir neçə saat sonra məşhur Eyyafyadlayyökyüdl vulkanı püskürüb və ada yox olub.
 
Bir az da aktyorlar haqqında…
Faust rolunu almaniyalı teatr aktyoru Yohannes Tsayler oynayır.
Marqarita rolu üçün Almaniyada yaşayan 18 yaşlı İzolda Dixauk seçilib. Anası rus mühaciri olan aktrisanın ifasında Marqarita riyakar, məsumluq və möminlik maskası altında gizlənmiş, anasını öldürmək arzusu ilə yaşayan gənc qızdı.
Mefistofel – Mavriki obrazı isə teatr aktyoru, rejissor və rəqqas Anton Adasinskiyə tapşırılıb.
İlkin olaraq bütün prosesin 12 milyon avroya başa gələcəyi nəzərdə tutulsa da, yaradıcıları onun yalnız 9 milyonunu tapa biliblər. Hətta son mərhələlərdə filmin prodüseri və bəstəkarı Andrey Siqle yardım üçün Kino Fonduna müraciət eləməyə məcbur qalıb. Çünki Venesiya festivalında iştirakı gözlənilən filmin səsləndirilməsi tamamlanmamışdı.
Yeri gəlmişkən, Venesiya festivalının baş mükafatı «Qızıl pələng»i rejissora təqdim eləyən münsiflər heyətinin sədri Darren Aranofski film haqqında «Faust, ona baxan hər kəsin həyatını həmişəlik dəyişən filmlərdəndi» demişdi.
Hələlik Sokurovun «Faust»u dünya kinosunda Hötenin faciəsinin son və maraqlı interpretasiyalarından biri sayılır. İnsanın iç dünyasından, fobiyalarından, cəmiyyət və öz vicdanı qarşısında məsuliyyətindən danışan bütün dahi əsərlər kimi Faust da, şübhəsiz ki, hələ dəfələrlə kinoya, teatra mövzu olacaq. Bunun səbəbini ən yaxşı elə Sokurov izah eləyib:
«Faust, dünya ədəbiyyatının ən mühüm obrazlarından biri, real, tarixi personajdı. Hitleri, Lenini, Hirohitonu XX əsr birləşdirirdi. Onlar yeni dövrün güclərini azad eləyib dünyanın məhvinə çalışırdılar. Üstəlik bu əməllərini xeyirxah niyyətlərlə pərdələmişdilər. Lenin yeni insan yaratmaq istəyirdi, Hirohito «Asiya irqi» adına dünyanı fəth eləmək. Hitlerin nələr törətdiyini isə hamımız yaxşı bilirik. Amma məni tarix yox, şəxsiyyətlər maraqlandırır. İncəsənət üçün insan taleyi vacibdi. Adlarını sadaladığım şəxsiyyətlərin hamısı təpədən dırnağa bədbəxt insanlar idilər, xüsusilə də Faust. Höte isə hələ əsrlər əvvəl demişdi ki, bədbəxt insanlar təhlükəli olurlar».

Bədbəxt insanlar təhlükəli olurlar.
 
 
 
Müəllif: Aygün Aslanlı
Mənbə: azlogos.eu
 

0 şərh