Rejissor Tofiq Tağızadə haqqında

  • Kino
Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakının Keşlə qəsəbəsində müəllim ailəsində anadan olub. Üç il musiqi məktəbində skripka bölməsində oxuyub. Anasını çox erkən yaşlarında itirib.
Uşaq yaşlarından saatlarla Çarli Çaplinin filmlərinə baxırmış. Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, ancaq Böyük Vətən müharibəsi başlandığı üçün könüllü müharibəyə gedib. 1942-ci ildə Rostov yaxınlarındakı döyüşlərdə yaralanır və tərxis olunub. Müharibədən gələndən sonra Bakı Komsomol Komitəsində çalışmağa başlayıb, ancaq sənətə olan sevgisi onu Moskvaya aparır.
Tofiq Tağızadə
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. Məşhur sovet rejissorları Sergey Yutkeviç, Eyzenşteyn, Lev Kulişov kimi ustadlardan dərs alıb. Moskva mühiti onun rejissor kimi yetişməsində müstəsna rol oynayır. Sonralar sovet kinosunun nəhəngləri sayılan Çuxray, Qurin, Abuladze, Çxeidze, Basov Tofiq Tağızadənin tələbə yoldaşları olublar.
Təhsil illəri başa çatdıqdan sonra “Mosfilm” kinostudiyasında çalışmağa başlayır. Vətən həsrəti onu Bakıya aparır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadənin 1955-ci ildə ekranlaşdırdığı ilk film “Görüş” olur. Üç il sonra isə bütün sovet ittifaqına səs salan «Uzaq sahillərdə» filmini çəkir. Bu film dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilir.
Müstəqillik dövrünün ilk illərində rejissor “O dünyadan salam” adlı filmini çəkir. Filmdə ölülərin dirilib evlərinə qayıtması səhnəsi ilə o, 15 respublikanın yenidən dirilib azad olmasına işarə edir. Kinoteatra təqdim olunan filmə marağın az olması, onu sənətdən küsdürür. O, televiziya kanallarına bu filmi yayımlamağı qadağan edərək deyir:

“Belə filmin gözdən düşməsinə yol verə bilmərəm”.

Film yalnız Tofiq Tağızadə vəfat edəndən sonra yayımlanır.
Tofiq Tağızadə
Zahirən sakit insan təsiri bağışlasa da daxilindəki emosionallıq, daimi narahatlıq onun belə filmləri ərsəyə gətirməsinə səbəb olmuşdur. Tofiq Tağızadə üçün sənət meydanında hər şey arxa plana keçir, böyük sənət yaratmaq amalı hisslərini qabardırdı. Həddindən artıq işgüzar olan Tofiq Tağızadə qaynar iş günündə elə yaradıcı kollektivi də öz axarına salmaq iqtidarına malik idi. O, diqqəti, qətiyyəti, tələbkarlığı, sənət meyarı baxımından obrazı düzgün seçməsi və onların hər birinin yaratdığı rolun təsirinə düşərək yaşamatmaq bacarığına malik olduğundan belə bir sənət əsərlərinin ərsəy gəlməsinə nail olmuşdur. Tofiq Tağızadə sənəti hər şeydən üstün tutduğundan tez bir zamanda yaradıcılıq uğurları əks-sədaya səbəb oldu.
Tofiq Tağızadə yaradıcılığına diqqət etsək görərik ki, rejissor zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili «mən»ini özü ilə üzbəüz qoyur. Rejissor vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri öz əksini tapıb. Hətta sovet imperiyasının ən kəskin bir dövründə belə milli- mənəvi dəyərlərimizi ön plana gətirməkdə cəsarətli idi. Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, «Dədə Qorqud» dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan onilliklər ötməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. «Dədə Qorqud» vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq Tağızadə bir rejissor olaraq bu hissləri, bu bəşəri duyğuları ekranda canlandırmağa müvəffəq olub.
Tofiq Tağızadə
Tofiq Tağzadə aktrisa, Xalq artisti Leyla Şıxlinskayanın anası ilə ailə həyatı qurub. Deyilənə görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb də atalığı rejissor Tofiq Tağızadə olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu “Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
“Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda, çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.
60-ci illərdə film çəkmək üçün Bəyan kəndinə getməli imişlər. Ermənilər kəndə gedən yolu kəsmişdilər. Tofiq Tağızadə başa düşür ki, erməniləri qəsdən bura yığıblar ki, filmi çəkə bilməsin, dava-dalaş düşsün. Bu işlərin başında kənd sovetinin sədri dayanırdı. Tofiq müəllim gonbul bir kişidən milliyətcə erməni olan kənd sovetinin sədrini çağırmağını tələb edir. Gonbul kişi, “nə deyim çağırım” — deyə soruşanda, rejissor hamı eşitsin deyə ucadan səslənir: “De ki, torpaqların sahibi gəlib!”

Ömrünün qürub çağlarında xüsusi studiya yaratmışdı. İşləmək, yaratmaq istəyirdi. Amansız ölüm Tofiq Tağızadəni kinodan apardı. O, 1998-ci il avqustun 27-də dünyadan köçdü.
 
 
Mənbə: kulis.az
 

0 şərh