Alexandro Qonzales İnarritu

  • Kino
Üç müxtəlif insan həyatı hekayəsindən bəhs edən “İt sevgisi” (“Amores perros”) filmi ilə Alexandro Qonzales nəinki Meksika kinosunda, ümumiyyətlə, dünya kino aləmində dönüş etdi. Ağır həyat hekayəsi olan insanlardan bəhs edən ekran əsərində güclü dramatizmə malik səhnələr qurmaqla o, dünya kinosuna böyük vədlər verdi.
Alexandro Qonzales 1963-cü ildə Meksikada doğulub. 16 yaşında yerli rok radiostansiyasında əvvəlcə DJ, sonra musiqi üzrə prodüser işləyir. Bu sahədə populyarlıq qazanandan sonra kinoya marağı yaranır. 1991-ci ildə “Zeta Films” şəxsi kino şirkətini qurur və sərbəst filmlər çəkməyə başlayır. Yaradıcılığının ilk illərində reklam rolikləri çəkir, sonra Amerikanın məşhur kinematoqrafçılarından ustad dərsləri alır. 1995-ci ildən başlayaraq qısametrajlı filmlər çəkir və tədricən böyük kino aləminə qədəm qoyur.
Alexandro Qonzalesin filmləri əsasən fərqli və ağır insan həyatından bəhs edən ssenarilər üzərində qurulub. Bu mənada filmlərin uğurlu alınmasında ssenarist Guillermo Arriaganın danılmaz rolu var. Bir çox prodüser şirkətləri tərəfindən yüksək qiymətləndirilən “İt sevgisi” (“Amores perros”) filmi sarsıdıcı ssenari və mükəmməl aktyor oyununa görə rejissora kino çevrəsində nüfuz qazandırır. Üç kədərli həyat hekayəsini birləşdirən film həm də baş rol ifaçısı Gael Qarsia Bernaliyə də kino karyerasında uğur gətirdi. Film “Oskar” da daxil olmaqla müxtəlif festivallarda 30-dək mükafat qazandı.

“İt sevgisi” filmi ilə uğur qazanan rejissor filmin ssenaristi Guillermo Arriaga ilə sonralar birgə fəaliyyətini davam etdirdi. Daha sonra “11 dəqiqə, 9 saniyə və bir şəkil: 11 sentyabr” qısametrajlı filmi ilə növbəti dəfə tamaşaçıları heyrətləndirən rejissor bu dəfə həm də Amerika tamaşaçıları tərəfindən maraqla qarşılandı. Artıq onun yaradıcılığını dünya kinosunda axtarıb izləyirdilər.
Ona şöhrət gətirən filmlərindən biri də 2003-cü ildə çəkdiyi “21 qram” filmidir. Bu filmə “İt sevgisi” filminin davamı da demək olar. Şon Penn, Benisio del Toro və Naomi Uotts kimi aktyorların rol aldığı “21 qram” filmi Qonzalesin ingilis dilində çəkdiyi ilk filmdir. 21 qram ruhun çəkisi anlamındadır. Mənəvi sorğu-suallar yaşadan film tamaşaçını düşündürür. Film həm də fərqli ideya əsasında epizodların pərakəndəliyi ilə seçilir. Çox qəribədir ki, bu filmdəki bütün səhnələr adi əl kamerası ilə çəkilib.
Rejissorun 2006-cı ildə çəkdiyi “Vavilon” (“Babilistan”) filmi də müəllifin digər ekran əsərləri kimi üç fərqli həyatı tamaşaçıya təqdim edir. Filmdə məşhur Hollivud aktyorları Bredd Pitt, Keyt Blanşett, Gael Qarsia baş rolları oynayırdı. Film “Ən yaxşı musiqi işi” nominasiyasında “Oskar”a, Kann festivalında isə “Ən yaxşı film” mükafatına layiq görüldü.
“İt sevgisi”, “21 qram” və “Vavilon” filmləri onun ölüm haqqında çəkdiyi trilogiyadır. Kann festivalından kifayət qədər tərif və stimul almış rejissorun bu dəfə lentə aldığı “Gözəllik” (“Beauty”) filminin ssenarisini də özü yazıb. Film qanundankənar işlərlə məşğul olan atanın həyat hekayəsindən bəhs edir. Baş rolda isə “Oskar” mükafatçısı Javier Bardem oynayıb. Film artıq nümayiş olunmağa başlayıb.

Müəllif: Yeganə Cansail
Mənbə: Mədəniyyət qəzeti
 

0 şərh