Marçello Mastroyanni

  • Kino
İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni yaratdığı obrazlarla dünya kino tarixində silinməz iz qoyub. Yüksək artistlik məharəti və diqqətçəkən xarici görünüşü ilə o, tamaşaçını məftun edirdi. Mastroyanni çəkildiyi filmlərdə müxtəlif rolları — gülməli və əzabkeş, sadəlövh və hiyləgər, romantik aşiq və davakar qəhrəmanları məharətlə yaradırdı. O hətta ümumən uğursuz alınan filmlərə özünəməxsus cazibə gətirirdi.
Marçello Vinçenso Domeniko Mastroyanni 1924-cü il sentyabrın 28-də Frozinone şəhərciyinin yaxınlığındakı Fontana-Liri kəndində dünyaya göz açıb. Yeniyetmə ikən atasının dülgərlik emalatxanasında fəhləlik edib. Sonra Roma universitetinin iqtisad fakültəsinin tələbəsi olan Marçello, eyni zamanda, bu təhsil ocağının həvəskar teatr səhnəsində ilk çıxışlarına başlayır. Bir müddətdən sonra məşhur aktrisa Culyetta Mazina 22 yaşlı Marçellonun səhnə qabiliyyətini görüb, onu Likino Viskontinin truppasına gətirir. 1947-ci ildə maestro Viskonti Mastroyanninin istedadını bəyəndikdən sonra onu peşəkar aktyorların sırasına daxil edir. Həmin ildə Mastroyanni «Səfillər» filminə (1947, rej. R.Fred) çəkilməklə kinematoqrafda debüt edib. Daha sonra «Avqust ayının bazar günləri» (1949), «İspaniya meydanından olan qızlar» (1952), «Məhəbbət günləri» (1954), «Bir hektar səma» (1959) və digər ekran əsərlərində müxtəlif səpkili rollar oynayıb.Marçello Mastroyanni
Mastroyanni kino yaradıcılığının ilk illərindən başlayaraq qeyri-adi istedada malik aktyor olduğunu göstərə bilmişdi. O, bütün janrlarda (komediya, tragifars, intellektual dram) uğurla çıxış edirdi. Onun ifaçılıq tərzinə virtuoz artistlik, obrazın daxili aləmini bütün incəlikləri ilə açmaq məharəti xasdır. Mastroyanninin ekranda yaratdığı ilk böyük və maraqlı obrazı — «Avqust ayının bazar günləri» filmində Erkole olub. Daha sonra F.Fellininin «Şirin həyat»ında Marçello, «Səkkiz yarım»da «Qudo Anselmi» və M.Antonioninin «Gecə» filmində Covanni rollarını ustalıqla ifa edib. Aktyorun oynadığı ziyalı obrazları — jurnalist, yazıçı, rejissor — cəmiyyətdə vurnuxan, öz yerini tapmaq istəyən insanlardır.
Müharibə və antifaşizm mövzusunda çəkilmiş — «Yoxsul sevgililər haqqında povest» (1953, rej. K.Lidzani) və «Ailə xronikası» (1962, rej. V.Dzurlini) kinofilmlərində Mastroyanni müharibədən sonrakı nəslə mənsub olan, xeyirxah və ədalətli idealları itirməyən, namuslu zəhmətlə yaşamağa çalışan italiyalının obrazını yaradıb.
Mastroyanni yaradıcılığının məhsuldar dövrü 1960-cı illərdə görkəmli italyan kinematoqrafçılarının ekran əsərləri ilə bağlıdır. Həmin illərdə İtaliya cəmiyyətində iqtisadi problemlərdən irəli gələn sosial apatiya, ümidsizlik və ruh düşkünlüyü vardı. Bununla belə, «İtalyansayağı boşanma» (1961, rej. P.Cermi), «Dünən, bu gün, sabah) (1963) və «İtalyansayağı nikah» (1964) — hər ikisi V.De Sika, «Kazanova — 70» (1964, rej. M.Moniçelli, Beynəlxalq San-Sebastyan kinofestivalının mükafatı) filmlərində Mastroyanni çoxplanlı xarakterə malik, istedadlı komediya aktyoru kimi də özünü təsdiq edərək tamaşaçıların rəğbətini qazanır. Tezliklə o, bir çox məşhur rejissorların diqqətini cəlb edir və 70-80-ci illərdə Avropa kinosunun qabaqcıl aktyorlarından birinə çevrilir.
Həmin illərdə Mastroyanninin işlədiyi filmlər bunlardır: «Kənar adam» (1967, rej. L.Viskonti), «Günəbaxanlar» (1969, rej. V.De Sika), «Qısqanclıq dramı» (1970, rej E. Skola, Beynəlxalq Kann Kinofestivalının mükafatı), «İcazə verin özümü təqdim edim, Rokko Papaleo» (1971), «Qeyri-adi gün» (1977), «Terras» (1980), «Yeni dünya» (1982), «Qancıq» (1972, rej. M.Ferreri), «Böyük tıxlıq» (1973), «Qadınlar şəhəri» (1980) — hər ikisi F.Fellini, «Əlvida, erkək!» (1978), «Pyerin əhvalatı» (1983), «IV Henrix» (1984, rej M.Bellokyo) və digər filmlər.
Aktyor bir sıra məşhur rejissorlarla işləsə də, daha çox Frederiko Fellini ilə birgə işindən razılıq edirdi. Hamı tərəfindən sevilən aktyor müsbət qəhrəmanlarla bərabər, mənfi personajları da çox gözəl oynayırdı. Tamaşaçı onun ifa etdiyi rollarda insani keyfiyyətləri görür və özündə cazibə qüvvəsi hiss edirdi. Mastroyanni deyirdi: «Dünyada baş verən hadisələri mütləq kino vasitəsilə göstərmək lazımdır. Artist olaylara biganə qalmamalıdır!»
Mastroyanni 120-dək filmə çəkilib. Onlardan 20-si ona dünya şöhrəti gətirib. Lakin Marçello gəncliyinin çətin illərini heç vaxt unutmurdu. Vaxtilə bir jurnalistlə söhbətində belə demişdi: «Cavanlıqda mənə elə gəlirdi ki, cazibəli görünmək, yaxşı geyinmək və modalı qalstuk taxmaq kifayətdir. Amma yaşa dolduqca hiss edirsən ki, sifətdə əmələ gələn qırışlar qalstukdan daha vacibdir. Təsvir etdiyin tipajlar isə canlı insanlar kimi olduqca mürəkkəbdir. Bu, çox gözəldir!»
Marcello MastroyaniBir çox filmlərdə Mastroyanni ilə tərəf-müqabil olmuş populyar aktrisa Sofi Loren onun haqqında belə deyib: «Mənim Marçello ilə oxşar cəhətlərimiz var. O da mənim kimi yoxsul ailədə böyüyüb, ağır uşaqlıq illəri yaşayıb, kinoya özfəaliyyət tələbə teatrından gəlib. Biz birlikdə Aleksandro Blazettinin, Mario Kamerinin və Vittorio De Sikanın filmlərində iştirak etmişik. Həyatda və aktyorluq işində özünü çox təbii, əsl centlmen kimi aparırdı. Bu keyfiyyətlər hamıda ona qarşı hörmət və rəğbət hissini artırırdı».
Mastroyanni də İtaliya kinosunun qadın simaları barədə danışarkən ilk növbədə Sofi Lorenin adını çəkirdi. Sənətkar tərəf-müqabili haqqında belə deyib: «Təkcə Sofi Lorenin simasında bir neçə qadını görmək olar. Hərçənd aktrisaların hamısı gözəldir, əgər şıltaqlıq etməsələr».
Sənətdə ilk çıxışlarını teatr səhnəsində etmiş, sonralar nəyə görə kinoya üstünlük verməsini sualını Mastroyanni belə cavablandırmışdı: «Mən teatrı kinodan da artıq sevirəm. Teatr daha humanistdir. Kino — dayanmaq bilməyən maşına bənzəyir. O, aktyordan çoxlu güc alır və əksər halda rolu dərindən dərk etməyə imkan vermir. Ciddi teatr, əksinə, ifaçıdan qüsursuz və dəqiq iş tələb edir. Buna baxmayaraq, nəyə görə kinoya üstünlük verməyimin iki səbəbi var: işgüzarlıq və yaradıcılıq. Birincisi, kino daha çox populyarlıq və qazanc gətirir. İkincisi, İtaliyada elə kinorejissorlar var ki, müasir teatrdan fərqli olaraq, onlar artistə daha ciddi və maraqlı rollar verirlər».
Oynadığı gözəl rolları ilə kino tarixində iz qoymuş Marçello Mastroyanni 1996-cı il dekabrın 19-da vəfat edib.


Müəllif: Həsən Tağıyev
Mənbə: Mədəniyyət qəzeti

0 şərh