Hansı səbəblərdən kişilərdə sonsuzluq yarana bilər

Requlyar cinsi həyat fonunda 1 il ərzində, heç bir qoruyucu vasitədən istifadə etmədən hamiləliyin olmadığı hal sonsuzluq (dölsüzlük) adlandırılır.
1 il müddəti də təsadüfi seçilməmişdir, statistik rəqəmdir. Məlum olmuşdur ki, hamilə olan qadınların 30 % – də birgə həyatın birinci 3 ayında, 60 % – də 7 aylığına qədər, qalan 10 % – də isə 11 – 12 aylığında hamilə qalmışlar. Ona görə də bir il müddət həm mayalanmanın baş tutması üçün, həm də hamiləlik olmadığı halda sonsuzluq haqqında danışamaq üçün kifayət qədər əsas verir. Həm tibbi həm də sosial problem olaraq sonsuzluq müasir təbabətin ən aktual tətqiqat obyektidir. Statistikaya görə dünya üzrə yeni qurulan ailələrin 8 – 15 % – i bu problem üzündən övlad sahibi ola bilmirlər.
kişi sonsuzluğunun səbəbləri
Sonsuzluq tibbi termindir və o demək deyildir ki, Sizin heç vaxt övladınız olmayacaq. Sadəcə olaraq bir sıra səbəblər vardır ki, sizin hal hazırda valideyin olmağınıza maneə törədir yaxud onu ləngidir.
Hansı səbəblərdən kişi sonsuzluğu yarana bilər ?
– kriptorxizm və ektopiya: xayalardan birinin yaxud hər ikisinin xayalıqda olmaması ( qasıq kanalında yaxud qarın boşluğunda qaldıqda )
– hipospadiya və epispadiyalar: sidik kanalının xarici dəliyi cinsi orqanın baş hissəsinin ucuna deyil, cinsi orqanın alt yaxud üst tərəfinə açılır.
– cinsi inkişafdan qalmalar ( hipqonadizim ): xayaların inkişafdan qalması.
Cinsiyyət sistemi orqanlarında infeksion – iltihabi xəstəliklər:
– cinsi yolla yoluxan xəstəliklər ( süzənək – triplit, xlamidioz, trixomoniaz, ureaplazmoz, mikoplazmoz, genital herpes və.s )
– prostatit: prostat vəzin iltihabı
– uretrit: sidik kanalının iltihabı
– vezikulit: toxum kisəciklərinin iltihabı
–orxit: xayaların iltihabı
–epididimit: xaya artımının iltihabı
Digər orqanların xəstəlikləri :
  • şəkərli diabet
  • qalxanabənzər vəzi xəstəlikləri
  • hepatit, qara ciyər sirrozu, qaraciyər çatışmazlığı
  • böyrək çatışmazlığı
  • sidik – cinsiyyət orqanlarının vərəmi
  • epidemik parotit ( el arasına qulaqdibi, svinka kimi tanınır )
  • sidik – cinsiyyət orqanları travmaları və onlarda keçirilən əməliyyatlar və.s.
  • peşə xəstəlikləri ilə əlaqədar: kimyəvi maddələrin təsiri ( zəhərli zavodlarda, benzol və digər kimyəvi maddələrlə daimi kontakt – xroniki zəhərlənmə ), radioaktiv şüalanma
  • onkoloji xəstəliklərlə əlaqədar aparılan şüa terapiyası, kimyaterapiya, hormon terapiyası və.s
  • zərərli vəzdişlər: alkoqolizm, narkomaniya, tütün çəkmə və.s.
  • Stressli vəziyyətlər.
Göründüyü kimi kişi sonsuzluğunun səbəbləri çox ola bilər. Hətta sadalanan faktorların bir neçəsi eyni vaxtda səbəb ola bilər.
Müasir andrologiya və spermatologiyada kişi sonsuzluğu nun 3 forması müəyyən edilib
1.Sekretor
2.Ekskretor yaxud obstruktiv
3.İmmunoloji yaxud autoimmun
Kişi sonsuzluğu – sekretor forma
Sekretor forma sonsuzluq dedikdə hər hansı bir səbəbdən xayalarda spermatozoidlərin əmələ gəlmə, yetişmə, formalaşma prosesinin pozulması ilə əlaqədar olan sonsuzluq başa düşülür. Bu halda ya ümumiyyətlə xayalarda spermatozoid əmələ gəlmir, yaxud çox az miqdarda əmələ gəlir. Bir sıra hallarda isə normal miqdarda spermatozoidlər əmələ gəlməsinə baxmayaraq onlar ya tam hərəkətsiz olur ( akinezoospermiya, nekrozoospermiya ) yaxud morfoloji defektli olur.
Sekretor forma sonsuzluq müxtəlif genetik xəstəliklər, hipoqonadizm ( cinsi inkişafdan qalma ), varikosele, kriptorxizm, xaya iltihabı keçirən xəstələrdə daha çox rast gəlinir. Xaya iltihabı orxit adlanır və bir çox pasientlərdə epidemik parotit adlanan xəstəlikdən sonra yaranır. Epidemik parotit el arasında qulaqdibi yaxud svinka kimi də tanınır. Ən çox uşaq yaşlarda rast gəlinr. Əsas əlaməti qulağın dibi – boyun nahiyyəsinin şişkinliyi və bədən temperaturunun yüksəlməsidir. Orxitlə ağırlaşdıqda isə xaya şişir, kəskin ağrılı olur, dərisi qızarır. Belə xəstələr müalicəsini ciddi şəkildə xəstəxana şəraitində almalıdır. Parotitli xəstədə eyni vaxtda hər iki xaya yaxud bir xaya iltihablaşa bilər. Əgər hər iki xaya iltihablaşırsa sonsuzluq riski 75 %, bir xaya iltihablaşırsa 25 % – dir.
 
Mənbə: androloq.az

0 şərh